Yuxarı

Büdcənin artırılan xidmət haqları

Büdcənin artırılan xidmət haqları

Azərbaycan hökuməti "Azərişıq” ASC və "Azərsu” ASC-nin maliyyə vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə elektrik enerjisi və su tariflərini artırmayacaq. Bunu 2018-ci il dövlət və icmal büdcələrinin müzakirələri çərçivəsində beş parlament komitəsinin birgə iclasında Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib. Onun sözlərinə görə bu addım əhalinin narazılığına səbəb olar və onların maliyyə vəziyyətini pisləşdirə bilər. Məhz buna görə hökumət gələn il "Azərişıq” ASC və "Azərsu” ASC üçün 55 milyon manat həcmində büdcə subsidiyaları ayıracaq. Nazir bildirib: "Biz güzəştə getməliyik”.

İqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə bildirib ki, inkişaf etmiş Avropa ölkələrində kommunal xərclərə görə dövlət büdcəsindən subsidiya ayrılması praktikası artıq yoxdur:

"Xarici ölkələrdə kommunal xidmətlərin satışını özəl şirkətlər həyata keçirir, qiymətləri də bazar tənzimləyir. Tarif Şurasının qərarı ilə hazırda Azərbaycan vətəndaşının 1 aylıq məişət tullantıları üçün ödədiyi xərc cəmi 30 qəpikdir.Bu məbləğ bərk tullantıların daşınması və zərərsizləşdirilməsi üçün nəzərdə tutulub.Xərclərin qalan hissəsini isə dövlət ödəyir.Bu minvalla dövlət vətəndaşı xərclərdən müdafiə edir.Bu da sosial müdafiənin bir növüdür.Amma bu, çox zərərli bir növdür.Çünki burada vətəndaş 30 qəpiyi ödəyir, amma dövlət büdcəsi hesabına ödənilən hissənin hara xərclənməsi ilə maraqlanan yoxdur.Yəni, konkret səmərəli xərcdən söhbət gedə bilməz.Buna görə də bu xidmət sahələri mümkün qədər özəlləşdirilməlidir.Əslində 30 qəpiyi vətəndaşın hesabına, xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsi korrupsiyaya "yem” olur.Bakı şəhərində bərk tullantıların daşınması prosesi özəl obyektlərdən yığılan vəsait hesabına həll olunur.Əslində, bunun üçün dövlət büdcəsindən vəsait ayrılsa da, bu istiqamətdə xərclənmir”.

Ekspert hesab edir ki, Orta Asiya ölkələri ilə Azərbaycanı müqayisə etsək ölkəmizin onlarla eyni səviyyədə olduğunu görmək olar:

"Amma Avropa ölkələri ilə müqayisə edəndə tam başqa mənzərə yaranır. Yəni, Azərbaycanda kommunal xidmətlər özəlləşdirilməlidir ki, mənzərə aydınlaşsın.Hazırda bu sahədə vəziyyət çox bulanıqdır.Bulanıq suda da balıq tutmaq çox asandır.Bu gün maliyyə naziri Samir Şərifov deyirsə ki, qiymətlərin artması büdcədən ayrılan subsidiyalar hesabına sığortalanır, bu, adıçəkilən idarələrə vəsaitin ayırılmasının vacibliyini əsaslandırmaq üçündür.Hazırda elektrik enerjisinin, mavi yanacağın, suyun qiymətinin artmasının heç bir iqtisadi əsası yoxdur. Bu gün Azərbaycan enerji daşıyıcılarının istehsalı və ya alınması üçün  xaricdən vəsait almır. Bunların hamısı ölkənin təbii sərvətləri hesabına ödənilir.Bu sahəyə Azərbaycan dövlət büdcəsindən ayrılan bütün subsidiyalar, yardımların hamısı korrupsiyadır.Buna görə də yeganə çıxış yolu həmin xidmətlərin özəlləşdirilməsidir.Samir Şərifovun çıxışı dövlət qurumlarında baş verən səmərəsiz xərclərə haqq qazandırmaq, onları əsaslandırmaq üçündür. Nazirin çıxışından belə başa düşülür ki, növbəti devalvasiya da ola bilər”.

Sözügedən məsələyə münasibət bildirən iqtisadçı-ekspert Rövşən Ağayev maliyyə nazirinin bir məqama toxunmadığını bildirib:

"2018-ci ildə elektrik təsərrüfatı büdcə təşkilatlarından 2017-ci ilin gözlənilən göstəriciyə nisbətən 53.3 faiz və ya 67.4 milyon manat çox xidmət haqqı alacaq. Əgər qiymət artmayacaqsa, belə çıxmırmı ki, büdcə təşkilatlarının elektrik istehlakı 1 ildə 50 faizdən çox artacaq?Əks halda, xərclər niyə bu qədər artsın ki?Məlumat üçün deyim ki, 2018-ci ildə dövlət büdcəsindən elektrik enerjisinə 193.9 milyon manat ayrılması nəzərdə tutulub.Bəs təbii qaz tarifləri necə - o da artmayacaq ki?Bu sualı təsadüfən vermirəm. Gələn il qaz təsərrüfatı dövlət büdcəsindən 2017-ci ilin rəqəmi ilə müqayisədə 2.1 dəfə və ya 19.9 milyon manat çox xidmət haqqı alacaq”.

Yeganə Oqtayqızı







Həftənin ən çox oxunanları