Yuxarı

Problemli kreditlərin həcmində artım ola bilər

Problemli kreditlərin həcmində artım ola bilər

Azərbaycanda problemli kreditlərin həcmi 1 milyard 857 min manat təşkil edir. 2017-ci ilin sonuna qədər bu göstəricinin 2 milyard manata çatacağı gözlənilir. Bank sektoru isə iki ildir üzləşdiyi maliyyə böhranından çıxa bilmir. Devalvasiyadan sonra yaranan işsizlik, gəlirlərin azalması və istehlak məhsullarının qiymətindəki artım kredit götürmüş müştərilərin borcları vaxtında ödəməsinə mane olur. Kreditlərin qaytarılması ilə bağlı hər hansı güzəşt mexanizminin olmaması vətəndaşlarla yanaşı, bankları da çətin vəziyyətə salıb. Maliyyə böhranının vurduğu Beynəlxalq Bankın sağlamlaşdırlması prosesi hələlik nəticəsiz qalıb. 2018-ci ilin dövlət büdcəsi layihəsində neft gəlirləri, qeyri-neft sektorunun payında isə gömrük rüsumlarından daxilolmalar əsas yer tutur. Bu da iqtisadiyyatın neftdən asılılığının saxlanılması və idxal məhsullarının bahalaşması deməkdir.

Sözügedən problemlərlə bağlı "Cümhuriyət” qəzetinin suallarını İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov cavablandırıb.

- Azərbaycan Banklar Assosiasiyası 2018-ci ildən problemli kreditlərin həcminin azalacağını vəd edir. Lakin hökumət bu problemin həlli istiqamətində heç bir güzəştli addım atmayıb. Bu məsələ ilə bağlı Milli Məclisin verdiyi təklifləri də Mərkəzi Bank qəbul etməkdən imtina edib. Hətta kredit borcunu qəsdlə ödəməyən şəxslərə müxtəlif inzibati və cinayət tərkibli cəza tədbirləri tətbiq edildi. Belə olan halda problemli kreditlərin həcminin azalması mümkündürmü? Bu, hansı mənbələr hesabına mümkün ola bilər?

- Devalvasiyadan sonra xarici valyutada olan kreditlərə güzəştlərin verilməsi ilə bağlı təkrar paket hazırlayıb hökumətə təqdim etmişdim. Eyni zamanda xarici valyutada olan kreditlərdə yaranan fərqin kompensasiya edilməsi ilə bağlı təkliflər hazırlamışam. Bu təkliflər üçtərəfli mexanizmdən ibarətdir. Söhbət fərqin üç tərəf - hökumət, banklar və müştəri arasında bölüşdürülməsindən gedir. Praktik olaraq, bu zaman yaranan fərqin üçdə birini dövlət, üçdə birini banklar, üçdə birini isə müştəri özü qarşılayır. Bunun özəlliyi ondan ibarət idi ki, hər bir tərəf yaranan fərqin az bir hissəsini, yəni, üçdə birini qarşılayır. Əgər müştəri 1.05 məzənnə ilə kredit götürübsə və artıq məzənnə 1.70-dirsə, o zaman yaranan 0.65 qəpiklik fərqin üçdə birini vətəndaş, digər üçdə ikisini isə dövlət və bank ödəyir. Bu, vətəndaş üçün ağırlıq yaratmır, çünki artıq üçdə ikisini başqa tərəf ödəyir. Bank üçün də ağırlıq yaratmır, çünki bank da üçdə birini ödəyir, digər üçdə ikisini isə vətəndaş və dövlət ödəyir. Dövlət üçün də ağırlıq yaratmır, çünki dövlət də üçdə birini ödəyir və digər üçdə ikisini müştəri ilə bank ödəyir. Bu mexanizmin özəlliyi ondan ibarət idi ki, burada tərəflərin heç birinə maliyyə ağırlığı düşmürdü. Nəticə etibarilə, bu imkan verirdi ki, problemli kreditlərin həlli istiqamətində addım atmaq mümkün olsun. Dövlət heç də böyük olmayan vəsaitlə güzəştlə problemi həll etmək imkanına malik idi. Eyni zamanda, 5 min dollar kreditlərdə yaranan fərqin ödənilməsi üçün dövlət tərəfindən yalnız 500 milyon dolların ayrılmasına ehtiyac vardı. Dövlət o fərqi tam olaraq öz üzərinə götürüb qapadığı halda belə, hətta üçtərəfli mexanizm deyil, bütövlükdə tələb edilən məbləğin həcmi 500 milyon dollar idi. Bu, ondan xəbər verir ki, tələb edilən məbləğin həcmi böyük deyildi. Amma çox təəssüf ki, bizim bunu dəfələrlə gündəmə gətirməyimizə baxmayaraq, banklarda xarici valyutada verilən kreditlərə güzəştlərin tətbiq edilməsi mümkün olmadı. Bu, çox vacib idi. Məsələn, ABŞ-da qlobal maliyyə böhranı baş verdikdən sonra banklarda toksid aktivlərin (ikinci bazarı olmadığı üçün likvidliyini itirmiş aktivlər-red.), eləcə də problemli kreditlərin sağlamlaşdırılması ilə bağlı xüsusi proqram qəbul edildi. Həmin proqram çərçivəsində dövlət banklardakı toksid aktivləri, eləcə də problemli kreditləri satın aldı, onları səhmləşdirərək bazara çıxartdı. Dövlət praktiki olaraq, həmin proqram çərçivəsində 400 milyard dollara yaxın vəsait xərclədi. Oxşar güzəştlərin tətbiq edilməsi mexanizmi Rusiyada da istifadə olunub. Kredit götürən vətəndaşa ödəniş üçün uzunmüddətli zaman təklif olunub. Eyni zamanda faizlərin hesablanması prosesi dayanıb. ABŞda daxil olmaqla bir sıra ölkələrdə birbaşa güzəştlər, bəzi ölkələrdə isə dolayı güzəşt mexanizmi tətbiq olunub. O baxımdan, biz də Azərbaycanda üçtərəfli güzəşt mexanizminin tətbiqini təklif edirdik. Bu, həm dolayı, həm də birbaşa güzəşt üsulunu özündə ehtiva edirdi. 

Çünki banklarda problemli kreditlərin həcminin azaldılması üçün xarici valyutada olan kreditlərə güzəştlərin verilməsinə ehtiyac var idi. Mən güman etmirəm ki, gecdir. Nəzərə alsaq ki, 2018-ci ilin dövlət büdcəsi 2017-ci ilin dövlət büdcəsilə müqayisədə 4 milyard manat artıq olacaq, nəticə etibarilə bu da imkan verir ki, problemli kreditlərin həlli istiqamətində, eləcə də toksid aktivlərin sağlamlaşdırılması ilə bağlı dövlət büdcəsindən vəsaitin ayrılması mümkün olsun. Bu, həm də banklarla müştərilər arasında münasibətlərin tənzimlənməsi baxımından vacibdir. Təbii ki, bu gün problemli kreditlərin yaranmasında banklardankənar faktorların da təsirləri var. Eyni zamanda, problemin yaranmasında bankların kifayət qədər bahalı kredit siyasətinin, yəni kredit faizləri yüksək olmasının da təsiri var. Xüsusən neft bumu dövründə banklar ödəmə qabiliyyətini yoxlamadan kreditlər təklif edirdi. Nəticədə, neftin dünya bazar qiymətinin aşağı düşməsi, bank sektorundakı köpüklərin partlamasına gətirib çıxartdı. Güzəştlərin tətbiq edilməsi mümkündür. Güman edirəm ki, güzəştlər tətbiq edilməyəcəyi halda problemli kreditlər məsələsini yumşaltmaq və həll etmək çox çətin olacaq. Ən azı, bu zaman alacaq. Hazırda problemli kreditlərin həcmi 2 milyard manata yaxındır. Bu, o deməkdir ki, banklar verdiyi 2 milyard manatı geri ala bilmir. Kifayət qədər böyük rəqəmdir. 2 milyard manatın geri alına bilməməsi, təbii ki, bankların fəaliyyəti üçün də çətinlik yaradır. 

Bir sıra banklar xüsusən, xarici valyutada depozitlər üzrə faiz dərəcəsini 0.5-ə qədər azaldıb. Bəzi banklar ümumiyyətlə, depozit qəbul edilməsini dayandırıb. Çünki cəlb edilən depozitin kredit formasında yerləşdirilməsində çətinliklər var. Artıq problemli kreditlərin həcmi azalmır. Əgər ilin əvvəlində 1.2 milyard manatlıq problemli kredit var idisə, artıq bu həcm 1.9 milyard manata yaxındır. İlin sonuna qədər bu rəqəmin 2 milyard manata qədər yüksələcəyi gözlənilir. Banklar artıq o krediti yığmağa çalışır və kreditləşmədə maraqlı deyillər. Nəticədə bu bankların artıq depozit də qəbul etməkdə maraqlı olmamasına gətirib çıxarıb. Çünki bank depoziti qəbul etdikdən sonra onu kredit formasında iqtisadiyyata yönəltməlidir. Amma bank bunu yönəldə bilmir. Bu gün bankların depozit faizlərinə diqqət yetirsək, kəskin azalmaların olduğunu müşahidə etmək olar. Dollar üzrə 0.5 faiz depozitin müəyyənləşməsi əsasən ondan xəbər verir ki, bank depozit cəlb etməkdə maraqlı deyil. Çünki həmin depoziti yerləşdirməkdə çətinlik var. Ona görə də güzəştlər tətbiq edilməyəcəksə, problemli kreditlərin yumşalması çətin olacaq və zaman alacaq. Bütün problemli kreditlərin rəsmiləşmədiyini nəzərə alsaq, o halda biz növbəti dövrlərdə də problemli kreditlərin həcmində artımlar müşahidə edəcəyik.

- Xarici valyutada götürülən problemli kreditlərlə bağlı Milli Məclisdə deputatlar Vahid Əhmədovun və Əli Məsimlinin də təklifləri olmuşdu. Amma o təkliflər də qəbul olunmadı. Sizin hökumətə təklif etdiyiniz mexanizmlərlə bağlı ümumiyyətlə, cavab gəlmədi, yoxsa konkret "yox” cavabı gəldi? Bunu nə ilə əsaslandırdılar?

- İqtisadi və Sosial İnkişaf Mərkəzi adına problemli kreditlərlə bağlı etdiyim təkliflə Vahid Əhmədov və Əli Məsimlinin təqdim etdiyi güzəştlər paketi arasında fərq ondan ibarət idi ki, biz üçtərəfli, onlar isə dördtərəfli mexanizm təklif edirdi. Parlamentdə bir sıra millət vəkillərinin təqdim etdiyi mexanizm dördtərəfli təkliflər paketidir ki, bu da Mərkəzi Bank, dövlət, banklar və müştərilərə ayrılırdı. Burada dövlət Mərkəzi Bankdan ayrılırdı. Amma biz düşünürdük ki, Maliyyə Nazirliyi ilə Mərkəzi Bankı bir-birindən ayırmaq bu mexanizmi çətinləşdirəcək. Eyni zamanda, biz təkliflər paketini daha tez, yəni birinci devalvasiyadan sonra-2015-ci il fevralın sonunda təqdim etmişdik. Fərqli qurumlarla fərqli səviyyədə görüşlərimiz oldu, müzakirələr apardıq. Görüşlər mətbuata açıq olmadığı üçün həmin qurumların adlarını açıqlamaq istəmirəm.

2015-ci ildə sanki güzəştlərin tətbiq ediləcəyi hiss olunurdu. Hətta müzakirələrdə 5 min dollara qədər olan kreditlərə güzəştlərin tətbiq ediləcəyinin mümkünlüyünə daha çox ümid var idi. Amma çox təəssüf ki, sonrakı müzakirələrdə dövlət tərəfindən güzəştlərin tətbiq edilməyəcəyi məlum oldu. Səbəbi bəlli deyil. Biz güman edirik ki, səbəblərdən biri Beynəlxalq Banka dövlət tərəfindən 10 milyard manata yaxın vəsaitin xərclənməsidir. Bank sektoru üçün Beynəlxalq Bank daha çox əhəmiyyətə malikdir. Dövlətin də yanaşması ondan ibarətdir ki, bank sektorunu qorumaq üçün Beynəlxalq Bank sağlamalaşdırılmalıdır. Əgər Beynəlxalq Bank çöksəydi, o zaman bu və ya digər formada bank sektoru süqut edə bilərdi. Beynəlxalq Bankın qorunmasına ehtiyac vardı. Amma bu bankın sağlamalşdırılması ilə yanaşı, xüsusən də, problemli kreditlərə güzəştlərin tətbiq edilməsinə ehtiyac vardı. Hələ də ehtiyac var və düşünürəm ki, heç zaman gec deyil. Əgər problemli kreditlərin həcmi 1.9 milyard manatdırsa, deməli, yenə də ehtiyac var.

- Demək olarmı ki, təklifləriniz maraqla qarşılandı, amma icrasına vəsait çatmadı?..
(ardı var)

Yeganə Oqtayqızı
Müşfiq Abdulla





Həftənin ən çox oxunanları