Yuxarı

Nazirliyin bal yarmarkası iflasa uğradı

Nazirliyin bal yarmarkası iflasa uğradı

Oktyabrın 10-dan noyabrın 5-dək Bakıda keçirilən bal yarmarkasında satış üçün təqdim olunmuş bal və bal məhsullarının 10 faizindən çoxu satılmayıb. Bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib. Onun sözlərinə görə, buna səbəb bal yarmarkasına qeyri-qanuni müdaxilə edilməsi olub:

"Buna səbəb yarmarka keçirilən ərazidə son iki gündə qanunsuz bal satışının təşkil edilməsidir. Adətən, yarmarkalara əhali son iki gün ərzində gəlirdi. 

Həmin günlərdə isə yarmarkanın qarşısında qanunsuz bal satışları həyata keçirildi. Yarmarkaya gələn arıçılar isə buna etiraz etdilər. Məsələ ilə bağlı arıçılar Daxili İşlər Nazirliyinin "102" xidmətinə, Xətai rayon Polis İdarəsinə müraciət etdilər. Assosiasiya adından isə mən Baş Prokurorluğa müraciət etdim. Hüquq-mühafizə orqanlarında məsələ ilə bağlı araşdırma aparılır".

Qeyd edək ki, bu il növbəti bal yarmarkası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 10-dan noyabrın 5-dək keçirilib.

Maraqlıdır, satılan bal məhsullarının müqabilində 10 faizi çox hesab etmək olarmı? Demək olarmı ki, paytaxtda keçirilən bal yarmarkası iflasa uğradı? Ümumiyyətlə, əhalinin yarmarkalarda satılan balın keyfiyyətinə inamı qaneedicidirmi?

İqtisadçı-ekspert Vüsalə Əhmədova "Cümhuriyət” qəzetinə bildirib ki, hər il ənənəvi olaraq keçirilən arıçılıq məhsullarının sərgi-yarmarkası bu il 10 oktyabr - 5 noyabr tarixləri arasında təşkil olundu:

"Bu cür yarmarkaların təşkili ilk baxışda müsbət qarşılanır və yerli istehsalçılara müəyyən qədər fayda gətirildiyi düşünülür. Şəxsən özüm də yarmarkanın son günündə orada oldum və bəzi müşahidələr apardım. Sözün düzü, yarmarkanın qarşısında qanunsuz bal satışının həyata keçirildiyinin şahidi olmadım. Bəlkə daha öncə bu cür hallar yaşanıb, deyə bilmərəm. Ancaq müşahidələrimdən belə qənaətə gəldim ki, son gün olmasına baxmayaraq bazarda kifayət qədər satılmamış məhsul qalmaqda idi. Bu rəqəm 10 faizdən daha çox görünürdü. Qiymətlər əsasən 15-25 manat arasında dəyişirdi. İnsanlarımızın iqtisadi vəziyyətini nəzərə alsaq, bazarda satılmamış məhsulların qalması normal qarşılanmalıdır. Əgər həqiqətən satılmamış məhsulların miqdarı deyildiyi kimi cəmi 10 faiz təşkil edirdisə, bazara çıxarılmış məhsulların 90 faizi satılıbsa, bu, elə də pis göstərici deyil”.

İqtisadçı daha bir nüansa diqqət çəkərək deyib ki, yarmarkada hansı satıcıya yaxınlaşıbsa, o, öz vizit kartını təqdim edib növbəti dəfə yarmarkaya gəlməməyi təklif edib. Vüsalə Əhmədovanın sözlərinə görə, satıcılar göstərilən əlaqə nömrəsi ilə sifarişi öncədən verməyi və məhsulu birbaşa ünvana çatdıracaqlarını söyləyiblər:

"Bu, bazarda onların bir sıra çətinliklərlə qarşılaşdıqlarını göstərir. Ümumiyyətlə, bundan daha öncə də kənd təsərrüfatı məhsullarının internet üzərindən satışının həyata keçirilə biləcəyi ilə bağlı bir sıra təkliflər vermişdim. Bildiyiniz kimi, arıçılıq məhsulları satışa çıxarılmazdan öncə anbara qəbul edilir və daha sonra Respublika Baytarlıq Laboratoriyasında müayinə olunmuş məhsulların bazara çıxarılmasına izin verilir. Bu müayinələr zamanı qanun pozuntularının və rüşvət hallarının olmadığına kim zəmanət verir? Satıcılardan bir sıra sənədlər (şəxsiyyət vəsiqəsi, arıxananın baytarlıq pasportu, rayon baytarlıq idarəsindən verilmiş 2 nömrəli şəhadətnamə, rayon kənd təsərrüfatı idarəsindən arıçının qeydiyyatda olması barədə məktub) tələb olunur. Deyərdim ki, bu sənədlərin toplanması rüşvət hallarını artırır və bürokratik əngəllər törədir. Öz həyətində təbii üsullarla bal istehsal edən bir kəndlinin baytarlıq pasportu və ya şəhadətnaməsi olmaya bilər. Ancaq bu onun məhsulunun keyfiyyətsiz olmasına dəlalət etmir. Əksinə, müxtəlif yollardan bütün sənədləri toplamış hər hansı bir arıçının satdığı bal daha keyfiyyətsiz ola bilər”.

Ekspert onu da əlavə edib ki, balın həqiqi olub-olmadığı laborator müayinələri zamanı daha dəqiq bilinir:

"Həqiqi balı istehlakçıların özləri də müxtəlif üsullarla müəyyən edə bilərlər. Məsələn, taxta qaşığa az miqdarda götürülmüş balı alışqan vasitəsilə yandırmağa çalışın. Əgər bal həqiqidirsə, alovlanmayacaq, tərkibində qlükoza siropu olan bal isə həmin dəqiqə alovlanacaq. Xüsusilə, çiçəklənmə dövründə ortaya çıxan bəzi arı xəstəlikləri daha çox arı pətəklərindəki problemlərdən, pətəklərin kifayət qədər gigiyenik olmamasından qaynaqlanır. Bu da dolayısıyla balın keyfiyyətinə mənfi təsir göstərir. Türkiyə və digər xarici ölkələrdə yeni nanotexnologiya ilə gümüş maddəsi əsasında hazırlanan arı pətəkləri xəstəlik törədən bakteriyaların yaşamasına və artmasına əngəl olur. Gümüş ən önəmli antibakterial maddələrdən biri sayılır. Gümüşdən istifadə olunmaqla nanotexnologiyalar əsasında hazırlanan arı pətəklərindən götürülən bal insan sağlamlığına zərər vermir, səmərəli olur və keyfiyyəti çox yüksək qiymətləndirilir”.  

Digər ölkələrin bal istehsalına toxunan Vüsalə Əhmədova Türkiyənin ildə 107 min tonluq bal istehsalı ilə Çindən sonra dünyada ikinci yeri tutduğunu da vurğulayıb:

"Türkiyədə dövlət tərəfindən bu sektora kifayət qədər dəstək verilməkdə və saxta bala qarşı mütəmadi tədbirlər görülür. Bu ilin oktyabr ayında "45-ci Beynəlxalq Arıçılıq Konqresi” İstanbulda təşkil olundu ki, bu da sektorun Türkiyədə hansı formada inkişaf etdiyinin bir göstəricisidir. Azərbaycan da Türkiyənin təcrübəsindən faydalansa, sektora qabaqcıl texnologiyaların tətbiq edilməsi üçün dövlət tərəfindən dəstək verilsə, yerli məhsullarımızın xarici bazarlara çıxarılması da mümkün ola bilər”.

Yeganə Oqtayqızı







Həftənin ən çox oxunanları