Yuxarı

Deputat bahalaşmanı istisna etmədi

Deputat bahalaşmanı istisna etmədi

Hazırda Aİ-92 markalı benzinin və dizel yanacağının qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. Bu məsələ gündəmə gələndən sonra dizelin qiymətinin qalxması ilə bağlı xəbərlər yayılır. O da məlumdur ki, dizel yanacağı kənd təsərrüfatı sahəsində geniş istifadə olunur. Bu mənada sözügedən yanacağın qiymətində hər hansı dəyişiklik də baş verməyə bilər. Amma bəzi ekspertlərin fikrincə, dizel yanacağının qiymətində bahalaşma gözlənilir. 

Söz yox ki, dizel yanacağının qiymətinin artımı baş versə, bu, birbaşa kənd təsərrüfatı məhsullarına təsir edəcək və məhsulların maya dəyərini, fermerlərin xərcini artıracaq. Qeyd edək ki, dizel yanacağı sonuncu dəfə 2013-cü ildə 45 qəpikdən bahalaşaraq 60 qəpik olub.

Milli Məclisin deputatı Vahid Əhmədov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, dizelin bahalaşması Tarif Şurasının səlahiyyətində olan məsələdir: "Tarif Şurasına müraciət olarsa, istənilən vaxt o məsələyə baxıla bilər. Amma hələlik o barədə məlumatım yoxdur. Çünki büdcənin müzakirəsi gedəndə də elə bir söhbət keçməyib. Ola bilər ki, qiymət dəyişilməsi getsin. Çünki benzin və onun bütün markalarının qiymətləri qalxıb. Amma dizel benzinin bir növü olduğu üçün qiyməti dəyişilməz qalır. Düzdür, dizel yanacağı daha çox kənd təsərrüfatı ilə bağlıdır. O sahədə daha çox istifadə olunur. Dizellə çalışan avtomobillər də çoxdur. Ola bilsin, qiymətlərə baxılsın. Amma nə vaxt, necə və hansı səviyyədə baxılacaq, Tarif Şurası hansı qiyməti təklif edəcək , onu deyə bilmərəm. Yanacağın qiymətində müəyyən artımlar olursa, dizel mavi yanacağın bir növü olduğuna görə ola bilsin ki, onun qiymətinə də baxılsın. Dediyim kimi, dizel daha çox kənd təsərrüfatı sahəsində istifadə olunduğuna görə ola bilsin ki, qiymətlərə baxılmasın. Hər halda bu məsələ hökumətin qərarından asılıdır”.

Xatırladaq ki, "Azpetrol" şirkətinin baş direktoru Ceyhun Məmmədov benzinin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılıb-artırılmaması ilə bağlı məsələyə toxunub. "Caspian Energy" jurnalına müsahibəsində C. Məmmədov qeyd edib ki, Aİ-92 markalı benzinin və dizel yanacağının qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları