Yuxarı

Azərbaycandan da maşınlar geri çağırılır

Azərbaycandan da maşınlar geri çağırılır

Bir sıra nəhəng avtomobil istehsalçılarının öz avtomobillərini hansısa texniki nasazlığa görə geri çağırması halı ilə dəfələrlə rastlaşmışıq.Bu yaxılarda yapon avtomobil istehsalçısı Subaru 395 min avtomobili geri çağırdı.Məlumata görə Yaponiya Nəqliyyat Nazirliyi tərəfindən "Subaru”-nun obyektlərində aparılan yoxlamalarda şirkətin iki kompleksində lazımi şərait yaradılmadığı aşkar edilib.

Nazirlik, ölkənin Gunma vilayətində yerləşən iki müəssisədə avtomobil testlərinin lisenziyasız şəxslərlə aparıldığını müəyyən edib və bunun ardından "Subaru”-ya problemə dair önləyici tədbirlər görməsi barədə tapşırıq verib.Bununla əlaqədar olaraq "Subaru” bu müəssisələrdə istehsal olunan 395 min avtomobili geri çağırır.

Ekspertlər bildirir ki, tanınmış avtomobil şirkətlərinin məhsullarının geri çağırılması hallarına Azərbaycanda da rast gəlinir.Avtomobil istehsalçılarının Bakıda yerləşən nümayəndəliklərinin yaydığı açıqlamalar onu göstərir ki, Azərbaycan vətəndaşlarının sahib olduğu avtomobillərin geri çağırılması praktikası var.

Maraqlıdır, geriçağırma proses necə icra olunur? Avtomobillərin geri çağırılması istehsalçı şirkətin imicinə necə təsir edir?Ümumiyyətlə, prosesin icrası zamanı mülkiyyətçiyə ziyan dəyirmi?

Yol-nəqliyyat eksperti Ərşad Hüseynov "Cümhuriyət” qəzetinə bildirib ki, tanınmış avtomobil istehsalçılarının məhsullarını geriçağırma praktikası Azərbaycanda da olub:

"Geriçağırma o demək deyil ki, Yaponiyada istehsal olunan avtomobil elə bu ölkəyə də geri qaytarılır. Adətən, geri çağırılan avtomobillərin konkret kateqoriyaları olur. Yəni, avtomobil buraxılış ili, markası və modelinə uyğun olaraq geri çağırılır. Bu o deməkdir ki, elan olunan modeldəki avtomobillər ölkələrdəki rəsmi distributorlara çağırılır.Avtomobil istehsalçısı olan şirkət adətən ölkələrdəki rəsmi distribüterlərə məlumat verir ki, maşının filan detalı, filan qurğusu və ya hansısa aqreqatları texniki baxışdan keçirilsin.Rəsmi dilerlərdə texniki xidmətlə məşğul olan əməkdaşlar şirkətin təlimatı üzrə aidiyyəti detalları yoxlayır.Texniki baxış zamanı avtomobilin bütün detalları qaydasında olursa, sahibinə qaytarılır.Avtomobillərin geriçağırılması dünyanın hər yerinə aiddir, o cümlədən, Azərbaycandakı distribüterlərə də. Geriçağırmalar "Mercedes-Benz, "Ford”, "Toyota”, "Honda Motor”,  "General Motors” kimi tanınmış şirkətlərin istehsal etdiyi avtomobillərdə də müşahidə edilib”.

Ekspertin sözlərinə görə, son vaxtlar bəzi şirkətlər avtomobillərin geri çağırılmasından öz piarları üçün istifadə edirlər:

"Şirkət bununla demək istəyir ki, məhsullarının arxasında dayanıb, istehlakçının hüquqların qoruyur. Bununla da o, öz etibarını göstərir.Bu, o zaman imicə zərər vurardı ki, avtomobildə yaranmış nasazlıqdan şirkətin xəbəri olmasın”.

Ərşad Hüseynov qeyd edib ki, avtomobillər geri çağırılarkən mülkiyyətçiyə ziyan dəymir:

"Əgər mülkiyyətçiyə istehsalçının günahı ucbatından zərər dəyirsə, bu, nəzərə alınmalıdır. Geriçağırmada hədəf ondan ibarətdir ki, mülkiyyətçiyə zərər dəyməsin və zərər vurula biləcək problem aradan qaldırılsın.Tutaq ki, mülkiyyətçi "Subar”-dan avtomobil alıb.Geriçağırma olanda avtomobil sahibinə məlumat verirlər.Lakin avtomobili texniki baxışa aparıb-aparmamaq məcburi deyil.Bəzi hallarda avtomobil sahibi istifadə etdiyi nəqliyyat vasitəsinin geri çağırılmasını istəmir.Bu halda avtomobil sahibi məlumatlandırıldığı üçün məsuliyyəti özü daşıyır.Əgər texniki baxışdan keçəndən sonra mülkiyyətçiyə ziyan dəyərsə, bunu istehsalçı şirkət özü ödəyir.Bu, zəmanətin bir formasıdır”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları