Yuxarı

Azərbaycan pomidorunun "bazarı bağlanır”

Azərbaycan pomidorunun

Rusiya 18 ton pomidoru Azərbaycana qaytarıb. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin Dağıstan üzrə İdarəsi tərəfindən Yaraq-Qazmalar gömrük keçid məntəqəsinin "Cənub Gömrük Texminalı" ASC-də aparılan araşdırma zamanı Azərbaycandan idxal olunan alma və xurmada Kaliforniya qalxanlı yastıcası aşkarlanıb. Kaliforniya qalxanlı yastıcası ciddi təhlükə yaratmağından məhsulun Rusiyaya idxalına qadağa qoyulmayıb. Lakin İdarənin əməkdaşları Azərbaycandan 18 ton pomidorun Rusiyaya idxalının qarşısını alıb. Buna səbəb məhsulun müvafiq sənədlərinin saxta olması göstərilir. Bu səbəbdən məhsul geri qaytarılıb.

Azərbaycandan Rusiyaya idxal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının geri qaytarılması hallarına əvvəllər də rast gəlinib. Belə ki, zaman-zaman Azərbaycandan bu ölkəyə ixrac olunan 20 ton quru süd, 18 ton alma, kartof və digər məhsullar geri qaytarılıb. Rusiyanın aidiyyəti dövlət qurumları məhsulun geri qaytarılmasını müxtəlif səbəblərlə izah etmişdi. Hətta 2015-ci ildə Rusiya ilə Türkiyənin iqtisadi münasibətləri zədələnəndə Azərbaycandan idxal olunan pomidorların türk malı olduğunu əsas gətirərək geri qaytarılması da baş vermişdi. Ehtimal olunur ki, Rusiya ilə Türkiyə arasında münasibətlər bərpa olunduğu üçün Azərbaycandan idxal olunan məhsullar bazarlarda sıxışdırılır.

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə bildirib ki, Rusiya həmişə sərhəd keçid məntəqəsindən siyasi alət kimi istifadə edib: "Tək Azərbaycana qarşı yox, bir çox ölkələrə qarşı belə addımlar atılıb. Təəssüf ki, son zamanlar Azərbaycana qarşı bu cür addımların atılması intensivliyi artıb. Azərbaycandan idxal olunan məhsulların geri qaytarılması xəbəri ilk deyil, saxta sənəd bəhanədir. Rusiya qanunun aliliyini 100 faiz təmin edən bir ölkə deyil ki, hər hansı sənətə görə belə addım atsın. Rusiyada korrupsiyanın yüksək səviyyədə olduğu da hamıya məlumdur. Azərbaycanlı iş adamlarının hər dəfə Rusiya sərhədini keçəndə rüsumlardan əlavə müxtəlif ödənişlər etdiyi də heç kəsə sirr deyil. Hətta Azərbaycan tərəfdən gedən malın sənədlərində problem olsa belə, müəyyən rüşvət müqabilində məsələni həll edib keçirtmək mümkün idi. Deməli, bu, siyasi qərardır və daha çox siyasi təzyiq vasitəsidir. Son zamanlar Rusiya ilə Azərbaycanın intensiv danışıqları gedir. Bu günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya rəsmi səfəri oldu. Çox güman ki, Azərbaycana hər hansı təkliflər olunub. Bu təkliflərlə bağlı da təzyiq vasitələrindən biri kimi sərhəd-keçid məntəqəsi istifadə olunur. Düşünmürəm ki, burada sənədləşmə ilə bağlı problem olsun”.

İqtisadçı təəssüf hissi ilə qeyd edib ki, Azərbaycanda çoxşaxəli iqtisadiyyat və ixracat modeli qurulmayıb: "Təəssüf ki, Rusiya Azərbaycanın kənd təsərrüfatı ixracatında hegemon rola malikdir. Azərbaycan xaricə çıxartdığı kənd təsərrüfatı məhsullarının az qala 90 faizini Rusiyaya satır. Bu, çox pis göstəricidir. Doğrudur, Rusiya Azərbaycan üçün sərfəli, eyni zamanda, böyük və bahalı bazardır. Başqa alternativlər olmadıqda həmin ölkə hegemon üstünlükdən istifadə edib təzyiq göstərə bilər. Azərbaycan bu günə qədər alternativ bazarlar tapa bilməyib. Birdən-birə Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsullarını öz bazarına buraxmasa, o zaman, məhsullar qalıb xarab olacaq. Bu da fermerlərin gəlirlərinə ciddi təsir edəcək. Nə ixracatda, nə də iqtisadiyyatda birşaxəli model olmaz.

Ona görə də, indidən Rusiyaya alternativ bazarlar tapılmalı və həmin bazarlarda işin təşkilini qurmaq lazımdır. Bunun üçün Qazaxıstanın, Orta Asiyanın, Ukraynanın, eləcə də Belarus kimi dövlətlərin bazarlarına nəzər salmaq lazımdır. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan o qədər də böyük həcmdə mal istehsal etmir ki, bunun satılmasında böyük problemlər olsun. Sadəcə, tarixən ancaq Rusiyada mal satmağa öyrəşmişik. Hazırda buna alternativ bazarların yaradılmasına ehtiyac var ki, gələcəkdə Rusiya gömrük keçid məntəqəsindən bir təzyiq vasitəsi kimi istifadə etməsin”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları