Yuxarı

Birjaları alt-üst edən spekulyasiyalar

Birjaları alt-üst edən spekulyasiyalar

Beynəlxalq birjalarda qızıl, pambıq, neft ucuzlaşdı, gümüş sabit qalıb, "bitcoin” isə bahalaşır.Noyabrın 28-nə olan məlumata əsasən dünya birjalarında qızılın qiymətində ucuzlaşma müşahidə olunur. Belə ki, qızılın qiyməti 0,5 dollar və ya 0,04 faiz ucuzlaşaraq 1,298 dollara təklif olunub. Gümüşün qiymətində isə dəyişiklik olmayıb.Pambığın qiymətində isə ucuzlaşma qeydə alınıb. Belə ki, dünya bazarında pambığın qiyməti 0,39 dollar və ya 0,55 ucuzlaşaraq bir kiloqramı 1,56 dollara satılır. Dünya birjalarında neftin qiymətində də azalma müşahidə olunub. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,38 dollar və ya 0,65 faiz azalaraq 57,73 dollar təşkil edib. 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,21 dollar və ya 0,33 faiz azalaraq 63,63 dollar olub. Azərbaycan nefti də ucuzlaşıb. Belə ki, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,36 dollar və ya 0,55 faiz azalaraq 64,69 dollar təşkil edib. 

Bundan əlavə, "Bitcoin” kriptovalyutasının məzənnəsi rekord həddə çatıb. Belə ki, "bitcoin" ərzində 402 dollar və ya 4,1 faiz bahalaşıb. Yəni, "bitcoin"in noyabrın 28-nə olan qiyməti 10 min 85 dollardır.

Cəmiyyətdə iqtisadi proseslər daxili, özünəməxsus qanunlarla idarə olunur.İqtisadi qanunlar sosial-iqtisadi proseslərin inkişaf qanunlarıdır.Bazar iqtisadiyyatı şəraitində qiymətəmələgəlmə həm xarici, həm də daxili mühitdə konkret bazar situasiyasının təsiri altında baş verir.Prinsipial anlamda qiymət anlayışı həm xarici, həm də daxili bazar üçün vahid məna kəsb edir.Belə ki, qiymət əmtəə və ya xidmət təklif edən satıcının əldə etmək istədiyi, istehlakçının isə bu əmtəə və ya xidmət üçün ödəməyə hazır olduğu pul məbləğidir.Ekspertlər hesab edir ki, hazırda beynəlxalq birjalarda və dünya bazarlarında iqtisadi tarazlıq pozulub.Hazırda dünya birjalarında və bazarlarında qiymətlər iqtisadi qanunlarla yox, daha çox siyasi qərarlarla tənzimlənir.

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə bildirib ki, son illərdə dünya birjalarında spekulyativ hərəkətlər çoxalıb. Ekspert bunu çox sadə səbəbinin olduğunu deyib:

"Əvvəllər birjalarla əsasən köklü qurumlar - investor, treyder, eləcə də broker şirkətləri məşğul olurdu. İnternetin inkişafı və forex platformalarının daha geniş yayılmasından sonra milyonlarla şəxs brokerə çevrildi, birjalarda əməliyyatlar həyata keçirməyə başladılar.Çində bir gün ərzində təqribən 130 milyon insan online platformalarda birjaların iştirakçısına çevrildi.Bunu dünya üzrə tətbiq etsək, əhəmiyyətli sayda insanın bu əməliyyatlarda aktiv iştirak etməsinin şahidi olarıq.100 milyonlarla fiziki şəxslər online platformalar üzərində birjalarda alqı-satqı əməliyyatlarının həyata keçirilməsinə başladı.Sayın çoxalması keyfiyyətin aşağı düşməsinə və iqtisadi qanunlardan daha çox spekulyativ, eləcə də siyasi xəbərlərin qiymətlərə daha tez təsir etməsi ilə nəticələndi”.

İqtisadçı onu da qeyd edib ki, "bitcoin”lə bağlı iki həftə ard-arda neqativ xəbərlər çıxdı:

"Beynəlxalq Valyuta Fondunun prezidenti Kristin Laqard bəyanat verdi ki, bu kriptovalyutaya inanmır və bunun gələcəyini görmür. Bu bəyanatdan sonra "bitcoin” birdən-birə 25 faiz ucuzlaşdı.Sonradan məlumat yayıldı ki, böyük şirkətlər bu kriptovalyutaya maraq göstərməyə başlayıb.Bundan sonra virtual valyutanın qiymətlər artmağa başladı.Bu cür spekulyativ və siyasi xəbərlər qiymətlərə daha tez təsir etməyə başlayıb. Əslində, 15-20 il bundan öncə birjalarda daha çox fundamental iqtisadi dəyişikliklər qiymətin oynamasına səbəb olurdu. Yaxud da hansısa ciddi siyasi hadisələr, müharibələr qiymətlərə təsir edirdi.Bu gün bir neçə nüfuzlu qəzetlərdə və ya agentliklərdə çıxan məlumatlar istənilən sahədə qiymətlərə təsirsiz ötüşmür”.

Natiq Cəfərli heç bir nəzarət funksiyası olmadan dövriyyədə olan "bitcoin”dən cinayətkar dəstələrin, narkotik alverçilərinin, hətta terroristlərin istifadə etməyə başladığı haqqında məlumatların olduğunu da deyib:

"Əgər bu cür xəbərlər dünyanın güc mərkəzlərini, böyük ölkələrin xüsusi xidmət orqanlarını narahat etməyə başlasa, "bitcoin”də yaranmış şar partlayacaq. "Bitcoin”in qiymətinin kifayət qədər aşağı düşmə ehtimalı da var. Amma bu xəbərlərin nə vaxt çıxacağını və ciddi kampaniyaya çevriləcəyini söyləmək çətindir.Hesab edirəm ki, bu tipli valyutaların gələcəkli olmasını o cümlədən, yaxın gələcəkdə dolları əvəzləyəcəyini söyləmək mümkün deyil. O zaman mümkün olar ki, dünyada ilk 20-liyə daxil olan ölkələr özləri bu işlə birbaşa məşğul olmağa başlasın və kriptovalyutaların dövriyyəsini nəzarət altında təşkil etsin. Yalnız bu zaman bir müddət sonra kriptovalyuta dollara ciddi rəqib ola bilər. Amma hələlik "bitcoin”in qiymətinin artması, sırf siyasi bəyanatlar, spekulyasiya, dünya mətbuatında çıxan xəbərlər üzərindən baş verir.Hələ ki, bunun iqtisadi əsaslandırılmış qiyməti yoxdur. Bu günə qədər bir iqtisadçı çıxıb izah edə bilməyib ki, nəyə görə ilin əvvəlində "bitcoin”in qiyməti 600 dollar idi, indi 10 min dollara yaxınlaşır. Bunun iqtisadi əsası yoxdur.Kriptovalyuta elə bir strateji məhsul deyil ki, birdən-birə 20 dəfəyə qədər qiyməti artsın”.

Yeganə Oqtayqızı







Həftənin ən çox oxunanları