Yuxarı

Aqrar sektora "ikinci nəfəs”

Aqrar sektora

Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması fonunda iqtisadiyyatının böyük hissəsi neftdən asılı olan ölkələri çətin duruma saldı.Bu ölkələr qeyri-neft sektorunun inkişafı üçün müxtəlif addımlar atmağa başladılar.Məlumdur ki, Azərbaycan büdcəsinin də böyük hissəsi məhz neft gəlirləri hesabına formalaşır."Neft bumu” dövründə belə demək mümkündürsə, diqqətdən kənarda qalan qeyri-neft sektorunun inkişafına yönəlik hökumət özü üçün prioritet hesab etdiyi sahələrə sərmayə ayırdı.Müəyyən qədər də nəticə əldə olundu.Ancaq bunun davamlı olacağı gözlənilmir.

Çünki qeyri-neft sektorunun inkişafına qoyulan sərmayələrin müəyyən faizlə geri qayıtması hədəflənsə də, aparılan işlər gözlənilənlərə adekvat deyil.Bu gün əsas problemlərdən biri istehsal sahələrinin azlığı və ya olmamasıdır. Digər səbəb isə fermerlərin gəlirləri xərclərinə adekvat deyil ki,  bu da bu sahəyə olan marağı azaldır. Məsələn, hər hansı bir məhsulu becərən fermer həmin məhsulun satışını təşkil edə bilmir və yekunda məcbur qalıb hazır məhsulu ucuz qiymətə yığım sexlərinə verir.Eyni mənzərə demək olar ki, bütün fermerlərə tanışdır.Buna görə də fermerlər artıq hansısa məhsulu əkməyə maraq göstərmirlər.

Nə təklif  olunur?

Bu sahənin inkişafı üçün ilk növbədə istehsal sahələrinin yaradılması və daimiliyi üçün yeni mexanizmlər tətbiq etmək lazımdır.Məlumdur ki, kənd təsərrüfatı məhsullarının alışında-satışında qiymət monopoliyası mövcuddur və fermerlər nəinki daxili, həm də xarici bazarlara çıxış imkanlarına sahib deyillər.Ekspertlər hesab edir ki, bu sahənin inkişafı üçün elə mexanizmlər tətbiq etmək lazımdır ki, fermerlər böyük gəlirlər əldə edə bilsin və buna görə də bu sahə ilə könüllü şəkildə məşğul olsunlar.Ekspertlər təklif edir ki, bu sahənin inkişafı üçün xarici investorlarun cəlb olunmasına, yeni istehsal və yığım müəssisələrinin yaradılmasına və ən əsası fermerlərin bazarlara rahat şəkildə çıxmasına şərait yaradılmalıdır. Əks halda, bu sahə ilə məşğul olan fermerlər hər il daha da azalacaq. Bu isə sektorun inkişafı üçün qoyulan sərmayələrin gəlir gətirməməsinə səbəb olacaq.Böhran dövründən sonra hökumət qeyri-neft sektorunun inkişafına prioritet istiqamət kimi diqqət yetirəcəyini açıqladı.

Dövlət vəsaiti hesabına hər bölgədə bir sıra istehsal və yığım müəssisələri yaradıldı.Ancaq görünən odur ki, növbəti illərdə fermerləri bu prosesə cəlb etmək mümkün olmayacaq.Çünki fermer məhsulunu sata bilmirsə və ya aşağı qiymətə inhisarçıya satmağa məcbur qalırsa, təbii ki, bu sahəyə maraq göstərməyəcək.Bu isə dövlətin prioritet hesab etdiyi məsələnin monopolistlərin mövsümlük qazanc üçün tənəzzülə uğratması anlamına gəlir.

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə şərhində deyib ki, rəqabətli mühitin olmaması bu sahəni inkişafdan saxlayır:

"Əlbəttə ki, rəqabətli mühit yaranacaqsa, bu şəraitdə fəaliyyət göstərən həm istehsal, həm yığım sahələri olacaqsa, bu fermerlər üçün ikiqat dəstək və kömək olacaq. Bunun üçün isə hökumət birbaşa müdaxilələr etməkdənsə, vəsait ayırıb hansısa müəssisəyə verməkdənsə, təşviq proqramları keçirib hansı sahəyə diqqət ayıracağını desə, daha məntiqli olar.

Çünki birbaşa dövlət müdaxiləsi olmadan, ancaq rəqabətli mühitdə  və dövlətin də prioritetlərini həyata keçirə biləcək müəssisələrin sayının çox olması əslində hökumətin özünə xeyirdir. Daha çox müəssisə yaranacaqsa, daha keyfiyyətli xidmət olacaq.Fermerlər daha çox məhsul istehsal etməkdə maraqlı olacaq və ən azından vergi gəlirlərini artıracaq.Amma təəssüf ki, hələ də dövlət hər şeyi öz əlində saxlamaq istəyir.Dövlətin birbaşa göstərişi ilə həyata keçirilən layihələr üstünlük təşkil edir ki, bu da əslində doğru yanaşma deyil”.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları