Yuxarı

Bazarda "halal ət” fırıldağı

Bazarda

Halal ət bazarının liderləri qeyri-müsəlman ölkələridir. Yaxın Şərqə "Halal ət"i Braziliya satır. Dubay İslami İqtisadi İnkişaf  Mərkəzi (DIEDC) və "Tompson Reuters"in məlumatına görə, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan 57 ölkənin ümumi əhalisi 1.8 milyard nəfəri keçir.  Halal qidaya üstünlük verən bu əhali halal ərzaq bazarını 415 milyard dollar civarında çatdırıb. Bütün dünyanın iştahanı artıran bu bazardakı ən böyük səkkiz ət istehsalçısının qeyri-müsəlman ölkələri olduğu diqqət çəkir.

Halal bazarında birinci yeri 5 milyard dolları aşan ixracı ilə Braziliya tutur. Bu ölkənin ardınca 2 milyard dolları aşan ət ixracı ilə Avstraliya və Hindistan gəlir. Siyahıda İƏT üzvü yalnız iki ölkə var. Sudan və Türkiyə. Siyahıya görə Türkiyənin İƏT üzvü olan ölkələrə ət ixracı 460 milyon dollar səviyyəsindədir. Sudanın ixracı isə təxminən 630 milyon dollardır. 415 milyard dollarlıq halal qida bazarının ən iri idxalçıları isə Səudiyyə Ərəbistanı, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya və Misirdir. Qlobal halal bazarın 4 trilyon dollar civarında olduğu təxmin edilir. Qeyd edək ki, 2017-ci ilin 10 ayı ərzində Azərbaycana 52 milyon 451 min dollar dəyərində 34  min ton ət idxal olunub. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ət idxalı 2016-cı ilin 10 ayı ilə müqayisədə 20 milyon 343 min dollar artıb. 2016-cı ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 32 milyon 108 min dollar dəyərində 28 min 728 ton, 2015-ci ilin eyni dövründə isə 15 milyon 75 min dollar dəyərində 11 ton ət idxal olunmuşdu. Beləliklə, son 2 ildə ət idxalının dəyəri 3 dəfədən çox artıb.

Maraqlıdır, ölkəyə idxal olunan halal ət əsasən hansı ölkələrdən gətirilir?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanda halal sertifikat verməsilə bağlı böyük problemlər yaşanıb: 

"Bir il öncə AİB bu məsələni qaldırdı və müvafiq dövlət orqanlarına, o cümlədən Standartlaşma Metrologiya və Patent üzrə Dövlət Komitəsinə məlumatlar verdik. Birlik həmçinin Qafqaz Müsəlmanları İdarəsinə məktub göndərib qeyd etmişdi ki, sertifikat mütləq koalision şəkildə verilməli və burada rüşvət amili sıfır olmalıdır. Birliyin qaldırdığı məsələyə qədər Azərbaycanda, eləcə də ayrı-ayrı dini qurumlar xaricdə halal sertifikat verirdi. Aydın məsələdir ki, halal sertifikatı heç bir yoxlama aparmadan, böyük rüşvət müqabilində verilirdi. Ancaq bir ildən çoxdur ki, birliyimiz bu məsələni sona çatdırıb. Hazırda Qafqaz Müsəlmanları İdarəsi, Azad İstehlakçılar Birliyi və Standartlaşma Metrologiya və Patent üzrə Dövlət Komitəsi koalision şəkildə "Halal Sert” MMC-nin laboratoriyası tərəfindən sertifikatlar verir. Bu işə start veriləndən 8-ə qədər müəssisəyə halal sertifikat verilib. Lakin buna baxmayaraq ölkəyə xaricdən "halal” mal nişanı ilə geydirmə məhsullar da daxil olur”.

Ekspertin sözlərinə görə, hazırda Azərbaycanın əmtəə bazarında Ukraynadan idxal olunan, üzərinə "halal” nişanı vurulmuş "Ualiko” toyuqlarının satışı təşkil olunur. Eyyub Hüseynov bunun dövlət standartına uyğun sertifikat olmadığını deyib: 

"Ümumiyyətlə, əmtəə bazarında satılan və xaricdən gətirilən malların üzərində olan "halal” nişanları qeyri-qanunidir. Belə ki, Azərbaycanın əmtəə bazarında "halal” mal nişanı ilə satılan mallara bu sertifikatı verən orqan ölkədə akkreditasiyadan keçməlidir. Bu halda həmin orqanın fəaliyyəti qanunauyğun hesab oluna bilər. Başqa cür fəaliyyət istehlakçıların aldadılmasıdır, onların hüquqlarının pozulmasıdır.

Beynəlxalq Halal Konqresində iştirak edəndə türkiyəli nazirin dilindən çıxdı ki, bütün dünya ölkələrinin insanları, o cümlədən, xristianlar və digər din insanları halal mallara ekoloji təmiz məhsul kimi baxır. Dünyada il ərzində halal məhsul istehlakına 30 trilyon dollar vəsait xərclənir. Müsəlman ölkələri halal standartına uyğun və ekoloji cəhətdən təmiz məhsulla dünyanı iqtisadi cəhətdən fəth edə bilər. Çox təəssüf ki, bu iş getmir. Ölkədə halal olmayan mala demək olar ki, nəzarət yoxdur. "Halal Sert” MMC-nin və AİB-nin halal sertifikat verdiyi istehsal müəssisələri halal məhsul istehsal edir. Hazırda həmin istehsal müəssisələrində online izləmə sisteminin olması üçün işlər aparılır. Bu sistem insanlara dünyanın istənilən yerindən internet vasitəsilə istehsal olunan məhsullara nəzarət edə bilməsinə şərait yaradır. Çox təəssüf ki, ayrı-ayrı qurumlar Azərbaycana gəlib halal sertifikat verir. Onlar qanunları pozur, istehlakçıları aldadır və tərkibində donuz əti olan, üzüqibləyə kəsilməyən, halallıq meyarlarının tələblərinə uyğun olmayan mallara sertifikat verir. Azərbaycanda halallıq sisteminə nəzarət yox dərəcəsindədir”.

Eyyub Hüseynovun sözlərinə görə, Afrikada, Ermənistanda da halal mal satılır: "Halal ad altında Azərbaycana Braziliyadan, Hindistandan, Çindən ət idxal olunur. AİB olaraq Hindistanda monitorinq aparmaq fikrindəyik ki, görək halallıq meyarına doğru əməl olunur, ya yox. Təəssüflər olsun ki, saxta halallıq tərəfdarı olan ayrı-ayrı dini cərəyanların dini baxışlarına görə heyvan üzüqibləyə kəsilmədən də halal sayıla bilər. Onlar əsil İslam dininə məxsus olan halal standartından uzaqlaşma siyasəti aparır”.

Qeyd: Sözügedən məsələ ilə bağlı Standartlaşma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəyini öyrənməyə çalışsaq da, baş tutmadı...

İlahiyyatçı Tural İrfan "Cümhuriyət” qəzetinə bildirib ki, dünya müsəlman ölkələrinin əksəriyyətində islam qaydalarına əməl olunur, qanunlar qəbul edilərkən bu nəzərə alınır və halal-haram sertifikatlarına lüzum qalmır: 

"Keçmiş sovet respublikaları arasında hələ də ateizm ənənələrinin təzahürləri qaldığından qanunlarımızda dinimiz çox nəzərə alınmır. Hərçənd ki, dünyəvi dövlət olsa da gərək o xalqın mövcud ənənəsi və əqidəsi nəzərə alınsın. Məsələn, Türkiyədə, Misirdə belə məsələlər nəzərə alınır. Məhsullara sertifikat verən hər hansı bir qurum öz sertifikatında məhsulun tərkibi haqda məlumatı ictimailəşdirməlidir və bu zaman dindar adam o məhsulun özü üçün halal olub-olmadığını ayırd edəcək. Ancaq xüsusi olaraq məhsullara halallıq verən bir qurum gülüncdür. Baxmayaraq ki, bizdə Qafqaz Müsəlmanları İdarəsi kolbasa və digər şeylər haqda "halallıq" sertifikatı verir. Bu, yanlışdır. Məgər bu İdarənin laboratoriyaları, analizetmə mexanizmlərimi var ki, məhsulun tərkibini öyrənsin? Üzünə baxıb halallıq vermək saxtakarlıqdır. Ümumiyyətlə, nəyinsə üstündə "halal" yazmaq tam yanlışdır və saxtakarlıqdır. Çünki bu özünü sığortalamaq və dindar təbəqədən müştəri toplamağa yönəlib”.

İlahiyyatçı onu da qeyd edib ki, hansısa məhsul bir dinə görə halal, digər mövcud etiqada görə haram sayılır: 

"Azərbaycanda xristian, yəhudi, müsəlman, krişna, bəhai, yahova və digər dinlərə etiqad edən insanlar var. Əgər müsəlman idarəsi müsəlmanların yeyəcəklərinə "halallıq" verirsə, bəs digər dinlərin nümayəndələrinin hüquqları harada qaldı? Ona görə də, sertifikat verilərkən halal-haram deyə bir şey olmamalıdır. Əgər onda nəyinsə tərkibinə halal hökmü verilirsə, deməli, məntiqi nəticə ilə o biriləri haram olur? Çünki halalın əksi haramdır. Donuz əti xristianlar üçün halaldır. Onda xristianlar da bir kolbasa buraxıb üstə halal yaza bilərlər. Krişnaidlər ümumiyyətlə, ət yeməyi haram hesab edirlər. Dünya müsəlman ölkələrində də bu belədir. 

Halal sertifikatı deyə bir şey yoxdur. "Quran”da "Maidə” surəsində Allah buyurur ki, kitab əhlinin, yəni yəhudi və xaçpərəstlərin yeməkləri sizə, sizin yeməklər də onlara halal edildi. Yeyin, için, israf etməyin, Allah israf edənləri sevməz! Əgər hansısa məhsulun tərkibi tam məlumdursa və üzərində qeyd olunubsa, dindar istər müsəlman, istər başqa dinin nümayəndəsi olsun, araşdırıb nəzər salarkən onun özünə yararlı olub-olmadığını biləcəkdir. Halal sertifikatı monopolistlərin hoqqasıdır. Ölmüş inəklərdən sosis düzəldib üzərində "halal" yazıb hansısa idarənin də rəyini almaq halaldır? Əlbəttə yox. Ona görə normal dindar istifadə etdiyi məhsulun öz inancına görə məqbul olduğunu ancaq özü araşdırmalıdır. Bunu hansısa idarənin ümidinə qoymaq olmaz”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları