Yuxarı

Bakı-Qars Suriyaya qədər uzanacaq

Bakı-Qars Suriyaya qədər uzanacaq

Bakı-Tbilisi-Qars dəmiryolu Təbriz şəhərinə qədər uzadılacaq. Bu təkliflə İranın yol və şəhərin inkişafı naziri Abbas Axundi çıxış edib.

Onun sözlərinə görə, məsələ ilə bağlı Türkiyə tərəfi ilə müzakirə aparılıb və memorandum imzalanıb. Bu layihə reallaşsa, dairəvi dəmiryolu yaranacaq. İran və Türkiyə layihə üzrə işlər aparmaqla bağlı razılıq ifadə edib. İran, Azərbaycan, Gürcüstan və Ukraynanın bu dəhlizlə bağlı əməkdaşlığının uğurlu olacağını hesab edən A.Axundi İran və Azərbaycan arasında infrastruktur sahəsində əməkdaşlığın çox yaxşı davam etdiyini qeyd edib: "Astara-Astara dəmiryolunun tikintisi davam edir. Azərbaycan tərəfi ilə Astaradan Rəştə qədər olan dəmiryolunun tikintisinin maliyyələşdirilməsi ilə bağlı danışıqlar apardıq. Bununla bağlı memorandum imzalanıb. Layihə ilə bağlı müqavilənin imzalanması da nəzərdə tutulur. Bundan sonra Azərbaycan layihənin inkişaf etdirilməsində iştirak edəcək” deyə qonşu ölkənin rəsmisi bildirib. 

"Cümhuriyət” qəzetinə bunun əhəmiyyətindən söz açan millət vəkili Aydın Mirzəzadə hesab edir ki, Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryolu təklifini irəli sürəndə tək özü üçün deyil, region üçün əhəmiyyətli olacağını dəfələrlə bildirmişdi: "Çünki Bakı-Tbilisi-Qars dəmiryolunun işə salınması Şərqlə-Qərb arasında əlaqələrin güclənməsinə, möhkəm bir körpü yaradılmasına, ticarət-iqtisadi əlaqələrin güclənməsinə xidmət edəcəkdi. Göründüyü kimi bu dəmiryolu xətti olmadan bunun davamına, yaxud buna qədər olan dəmiryol xətləri çox zəif səmərə ilə işləyir. Bu gün artıq dəmiryol xəttinin digər bölgələrə çəkilməsi barədə danışıqlar aparılır.

Bu Türkiyə ilə İran arasında olan məsələdir. Bunun Azərbaycanda hər hansı bir iştirakı tələb edilmir. Amma Azərbaycanın təşəbbüsü ilə işə salınmış bir layihənin sonradan İran, gələcəkdə isə vətəndaş müharibəsi bitdikdən sonra Suriyaya, hətta Misirə qədər çəkilməsi tamamilə mümkün olan məsələdir. Bakı-Tbilisi-Qars dəmiryolu xətti prinsip etibarilə indiyədək bir-birindən aralı düşmüş bölgələri birləşdirən çox güclü bir halqa olur”.

Aydin Mirzəzadə əlavə edib ki, Azərbaycan bu məsələyə müsbət baxır: "Qarsa gələn yüklərin oradan digər səmtlərə yönəlməsi məsələsi artıq Türkiyənin, eyni zamanda güc sahiblərinin hüququnda olan məsələdir. Bu işlərdə onlara yalnız uğurlar arzulamaq olar”. 

Politoloq Fərhad Mehdiyevin sözlərinə görə, sözügedən layihə Azərbaycan və Türkiyənin ortaq proyektidir: "İrandan gələn qatarlar üzərindən tranzit haqqından Azərbaycan yararlana və yararlanmaya da bilər. Əgər həmin xətt birbaşa Qarsa gəlib çıxacaqsa, o zaman maliyyə olaraq böyük ehtimalla Azərbaycan yararlanmayacaq. Əgər Qarsdan əvvəl xəttə qoşulacaqsa, onda Türkiyə tərəfi Azərbaycandan tranzit daşımalarına görə haqq alacaq. 

Bakı təklif etməlidir ki, bu xətt ortaq tikilib, gəlirdən müəyyən məbləğ Azərbaycana verilsin. Deyək ki, xətt Qarsa gəlib çıxsa belə, dəmiryolu xəttinin Qarsdan sonra davamını təmin edəcəklər. Yəni aktuallığını, rentabelliyini təmin edəcəklər. Amma xüsusilə, qeyd etmək lazımdır ki, bundan daha çox Türkiyə gəlir götürəcək. Çünki böyük ehtimalla elə bir xətt tikilsə, bu xəttlə Təbrizdən Azərbaycana mal göndərməyəcəklər.

Əslində göndərmək də mümkündür. Amma hesab edirəm ki, Təbrizdən Azərbaycana mal göndərmək üçün avtomobil yolu daha rahatdır. O xəttdən daha çox Türkiyə və İran yararlanacaq. İran həmin xəttdən birbaşa Avropaya çıxış əldə edəcək. Türkiyə isə bu məsələdə tranzit haqqından, rüsumdan faydalanacaq”.

Xatırladaq ki, layihənin icrasına 2007-ci ildə başlanılıb. Həmin ilin fevralın 7-də Tbilisi şəhərində Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstanın prezidenti Mixail Saakaşvili və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş görüşdə "Bakı-Tbilisi-Qars yeni dəmiryolu xətti haqqında" üçtərəfli saziş və "Bakı-Tbilisi-Qars yeni dəmiryolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda - Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmiryolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında" Azərbaycan və Gürcüstan hökumətləri arasında ikitərəfli saziş, habelə Azərbaycanın Nəqliyyat Nazirliyi və "Marabda Kartsaxi Dəmir Yolu" MMM arasında "Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsinin Marabda-Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin maliyyələşdirilməsi şərtlərinə dair Kredit Müqaviləsi" imzalanıb. 

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmiryolu xətti artıq bir aydir ki, işə düşüb. 

Alçina Amilqızı






Həftənin ən çox oxunanları