Yuxarı

Hökumətin yeni "yağ” siyasəti: Ucuzlaşma olacaq?

Hökumətin yeni

Son illər bahalaşan ərzaq məhsulları sırasında heç şübhəsiz ki, ilk yeri kərə və digər yağ məhsulları tutur.

Ötən il 6-7 manat civarında satılan kərə yağı bu gün 20-23 manat arasında dəyişən qiymətlərlə təklif olunur. Ekspertlər ərzaq qiymətlərinin daha da artacağını proqnozlaşdırırlar. Məlumdur ki, bazara çıxarılan ərzaq məhsullarının böyük əksəriyyəti, təxminən 80-85 faizi idxal hesabına təmin edilir. Manatın kəskin dəyər itirməsi də idxal məhsullarının ən az eyni dərəcədə bahalaşmasına rəvac verdi. Ekspertlər bahalaşmanın qarşısını almaq üçün hökumətin müəyyən addımlar atmasını vacib hesab edirdilər. 

Belə ki, təklif olunan ilk variant məhz gömrük rüsumlarının azaldılması və ya ləğvi, o, cümlədən, strateji məhsul hesab olunan malların ƏDV-dən azad olunması idi. Bu günlərdə isə hökumət kərə yağına tətbiq olunan gömrük rüsumlarının 3 dəfəyə qədər azaldılması haqqında qərar verdi. Belə ki, artıq Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılıb. Bu, Nazirlər Kabinetinin 7 noyabr 2017-ci ildə dərc edilən və sabah  qüvvəyə minən ""Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” qərarında əksini tapıb. İndiyə qədər Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15 faizi həcmində olub. Qərara əsasən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşib. Qərar 2019-cu il dekabrın 31-dək qüvvədədir.

Demək olar ki, ölkədə kərə yağının istehsalı yox dərəcəsindədir. Ölkənin kərə yağ ehtiyacı birbaşa idxal hesabına təmin edilir. Qeyd edək ki, kərə yağının idxalında ilk sıranı Yeni Zelandiya tutur. Almaniya və Belarus ilə yanaşı, ölkəyə digər 14 ölkədən də kərə yağı gətirilir ki, bu da təxminən təkcə Yeni Zelandiyadan gətirilən yağın yarısına bərabərdir. Qeyd edək ki, 2016-cı ildə ölkəyə 14 milyon 365.1 min ton kərə yağı gətirilib ki, bunun da 11 milyon 910 min tonu məhz Yeni Zelandiyanın payına düşüb. Kərə yağının daxili istehsalı isə təxmin 3-5 faiz arasındadır. Kərə yağının qiymətlərində baş verən kəskin bahalaşmada məhz daxili istehsalın olmaması, eyni zamanda gömrük və digər rüsumların yüksək olması ilə əlaqələndirilir. Təbii ki, bu məsələdə manatın devalvasiyasının da müəyyən qədər payı var.

Maraqlıdır, hökumətin kərə yağına tətbiq etdiyi gömrük rüsumlarını 3 dəfəyə qədər azaltması bazarda ucuzlaşmaya səbəb olacaqmı?

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə şərhində bu qərarın qiymətlərə ciddi təsir etməyəcəyini deyib: "Ən azı yaxın günlərdə qiymətlərdə heç bir ucuzlaşma görməyəcəyik. Çünki bazarlarda və anbarlarda olan məhsullar ölkəyə qərar verilməzdən öncə gətirilib. Ona görə də həmin məhsullara əvvəlki qaydada gömrük rüsumu ödənilib. Bu baxımdan düşünmürəm ki, yeni qərar qısa zamanda qiymətlərə təsir göstərsin. Açığı yeni il qabağı ümumiyyətlə, təsir edəcəyini düşünmürəm. Çünki Azərbaycanda bir pis ənənə formalaşıb. Yeni il qabağı bütün məhsulların qiymətində artım müşahidə edirik. Ona görə də yeni ilə qədər qiymətlərdə hər hansı bir dəyişiklik olanacağını gözləmirəm.

Yeni ildən sonra ola bilər ki, bu qərar qiymətlərə müəyyən dərəcədə təsir etməyə başlasın. Amma bu gözləntilər nədənsə çox şişirdilib. Bu qərar böyük təsir imkanlarına malik deyil. Ən yaxşı halda kərə və digər yağ məhsullarına 0.50-1.00 manat civarında ucuzlaşma ola bilər. Avrozonadan gətirliən yağlara ümumiyyətlə, təsir etməyə bilər. Çünki bazarda Almaniya və Fransadan gətirilmiş yağlar da var. Avronun son zamanların manat qarşısında məzənnəsinin 2 manatdan yuxarı olması ucuzlaşmaya təsir etməyə bilər. Yəni, ciddi gözləntilər formalaşıb, amma ciddi dəyişikliklərin olacağını gözləmirəm. Çox böyük ehtimalla gələn ildən bu qərar yağ məhsullarına ən yaxşı halda 0.50-1.00 manat koridorunda təsir edə bilər”.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları