Yuxarı

Rüşvət üçün yeni qapı

Rüşvət üçün yeni qapı

Xəbər verildiyi kimi bir müddət əvvəl "Sahibkarlıq fəaliyyəti haqqında" Qanuna dəyişiklik edildi. Məqsəd sahibkarlıq subyektlərinə dövlət dəstəyi və güzəştlərin tətbiqinin səmərəliliyini artırmaq üçün onların mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri üzrə təsnifləşdirilməsi məqsədi daşıyır. Qanuna əlavə edilmiş 4.1 maddəyə görə, sahibkarlıq subyektlərinin bölgüsünə əsasən, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Ekspertlərin fikrincə, Milli Məclisdə "Sahibkarlıq fəaliyyəti haqqında" Qanuna ediləcək dəyişiklikdən sonra bizə "mikrosahibkarlıq" təşrif buyuracaq. Sahibkarlıq subyektlərinin meyarlarına görə bundan sonra fəaliyyəti mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölünəcək. Belə bir sahibkarlıq fəaliyyəti ümumi məşğulluq forması hesab edilir. (küçə ticarəti, kiçik yükdaşıma, fərdi əkin-biçin və s.)

Mütəxəssislər hesab edir ki, mikrosahibkarlığın yayılması regionlarda iqtisadi vəziyyətin aşağı düşməsindən yaranan bir haldır. İnkişaf etmiş ölkələrdə, eləcə də, Amerika, Kanada və Avropa ölkələrində mikrosahibkarlıq fəaliyyəti yoxdur. Ona görə də Azərbaycanın Seneqal, Keniya, Konqo, Livan, Nigeriya, Monqolustan, Hindistan, Banqladeş, Vyetnam, Dominikan respublikası, Haiti, Hindistan və s. ölkələrində olduğu kimi status qazanması olduqca eyib və arzuolunmazdır. Bundan əlavə digər sahibkarlıq subyektləri korrupsiya və rüşvətlə boğulduğu bir vaxtda mikrosahibkarlığın hansısa səmərə verəcəyi sual doğurur. Onların da bu bataqlıqda boğulacağı istisna olunmur. 

Maraqlıdır, mikrosahibkarlıq nədir və əhəmiyyəti nə olacaq? 

İqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə bildirib ki, mikrosahibkarlıq bəzi ölkələrdə xırdalanır. Sahibkarlıq və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanların bu fəaliyyətə qoşulması üçün sənədlər daha da sadələşdirilir. Yəni əlçatan olur:

"Tutaq ki, bir nəfər kənddə və ya qəsəbədə çörək bişirib satmaq imkanına malikdir. Gündə 10 çörək, 50 qutab, yaxud 100 "peraşki” bişirə bilər və s... Bu cür xırda sahibkarlıq ola bilsin ki, sadələşmiş formada qeydiyyatdan keçsin. Kiçik həcmdə olsa da, dövlətə, hökumətə vergi ödəsin, vəsait ödəsin. Dünyada bu kimi addımlar ona görədir ki, sıfırdan başlayan və imkanları məhdud olan sahibkarlar, bir sözlə, bu fəaliyyətə başlayanlar üçün qeydiyyata alınma, sənədləşdirmə aparmaq daha primitiv olsun.

İraq dağılmamışdan əvvəl orada belə bir layihə irəli sürüldü. Şəxs dövlətin müvafiq qurumuna müraciət edərək lisenziya almaqla ölkənin istənilən yerində xırda ticarətlə məşğul ola bilərdi. Həmin layihə 10-15 il əvvəl İraqda çox yaxşı səmərə vermişdi. Bu şəkildə sahibkarlıq fəaliyyətinə başlayan bir çox insanlar gələcəkdə ölkənin orta və iri sahibkarlarına çevrildi. Sahibkarlıq fəaliyyətinin belə bölünməsi ona görədir ki, xırda sahibkarlara qarşı dövlətin mövqeyi daha yumşaq olsun. Bir sözlə, onların manevretmə imkanları daha geniş olsun. Yəni vergi yükü və digər məmurların təpkiləri ilə qarşılaşmasın. İndi Azərbaycanda polis  xırda sahibkarlıqla məşğul olanların hər birinə yaxınlaşıb nəsə umur, maneələr yaradır”.

Ekspert qeyd edib ki, bu gün sahibkarlıq fəaliyyətini təsnifatlaşdırmadan sonra təsir və təzyiqlərin sayını azaltmaq lazımdır:

"Onların vergi yükünü azaltmaq lazımdır.  Bütün bunların hamısı dünyada o məqsədə yönəlir ki, sahibkarların formalaşmasının bir yol xəritəsi yaransın. Bir tərəfdən böyük sahibkarlar iflasa uğrayır, başqa zərərli fəaliyyətlərə yönəlir. Beləliklə də hansısa bir səbəbdən onlar sıradan çıxır. O sıradan çıxan nəslin yerinə yeni nəsil gəlməlidir. Bu bir axıcı prosesə çevrilməlidir. Ölkədə elə mühit yaradılmalıdır ki, mini sahibkarlıqdan başlayıb, böyük sahibkarlığa çevrilmək mümkün olsun.

Qanuni, hüquqi bazanın yaradılması təqdirəlayiq məsələdir, amma  bu hələ o demək deyil ki, Azərbaycanda sahibkarların inkişafının belə bir yol xəritəsi artıq formalaşıb. Bunun üçün ilk növbədə ölkədə məmur, sahibkar və sahibkar dövlət münasibətləri normallaşmalıdır. Sahibkara istənilən dövlət məmuru  yalnız kömək etmək üçün yaxınlaşmalıdır. Hətta insan elə bir mötəbər sahibkara çevrilə bilər ki, xaricdən gəlib sərmayə qoyan da mümkündür”.

İqtisadçı onu da əlavə edib ki, bu gün Azərbaycanda ən ağrılı məsələ müstəqil məhkəmələrin olmamasıdır:

"Sahibkarlığı sındıran, sahibkarlıq fəaliyyətini ləngidən məsələlərdən biri də ölkədə müstəqil məhkəmələrin olmamasıdır. Bundan doğan başqa bir məsələ mülkiyyət məsələsidir. İstənilən sahibkarın mülkiyyəti güvənli deyil. İstənilən anda o düşünür ki, mülkiyyəti itirə bilər. Yəni itirmək qorxusu həmişə var. Halbuki bu olmamalıdır. Qeyri-rəsmi məlumatlara görə Azərbaycanın 40 faiz sahibkarı xarici ölkələrdə iş qurur. Bunlar da əsasən dövlət məmurlarıdır. 

Ona görə də ölkəmizdə normal daxili mühit olsa, o insanlar sözsüz Azərbaycanı seçərlər. Hər bir azərbaycanlının qəlbində vətən sevgisi var. Onlar da istəyər ki, öz ölkələrində iş qursun, sərmayəni öz vətəninə qoysun, doğmalarına kömək əli tutsun. Bununla yanaşı, Azərbaycanda maliyyə amnistiyası problemi də mövcuddur ki, bu da bir çox əngəllər yaradır. Bu vaxta qədər qazanılan çirkli pullara son qoyulmalıdır. Hesab edirəm ki, kapital amnistiyası Azərbaycan üçün lazımdır. Dünyada bunun da müxtəlif formaları var. Ondan sonra hər bir vətəndaş, o cümlədən, məmur deklarasiya təqdim etsin. Hesabatlılıq təkcə sahibkar üçün olmamalıdır. Ölkədə hesabatlılıq prezidentdən səravi vətəndaşa qədər həddindən artıq şəffaf olmalıdır. Belə olsa, kölgə iqtisadiyyatı da aradan qaldırılacaq, o cümlədən, sahibkarlıq fəaliyyəti də artırılacaq”.

Alçina Amilqızı






Həftənin ən çox oxunanları