Yuxarı

Virtual pulun "bazarı ölür”

Virtual pulun

Kriptovalyutalar bazarı tərk edəcək.Virtual pul bazarında gedən proseslər bu nəticəyə gəlməyə əsas verir.Bir müddət öncə virtual pullar ciddi məşhurluq qazandı və günü-gündən dəyəri artmağa başladı.Hətta kriptovalyutalardan ən məşhuru olan "bitcoin”in qiyməti 20 min dollara qədər artır.Sonradan bazarda yaşanan təlatüm bir çoxlarının narazılığına səbəb oldu.Çünki kriptoların qiymətli sürətlə bahalaşdığı kimi, eyni templə də ucuzlaşmağa başladı.Bu da onsuz da görünən mənfi sonun daha da reallığa çevrilməsinə səbəb oldu.Məlumdur ki, Azərbaycanda da kriptovalyutalara maraq getdikcə artmaqdadır.Xüsusilə son zamanlar bu sahə ilə maraqlananların sayı getdikcə artır.

Hətta bir müddət öncə Azərbaycanın da özünün kriptovalyutasının (azkoin) yaradılacağı haqqında informasiyalar yayıldı.Nəzərə alsaq ki, dünyada minlərlə adda kriptovalyuta var və ancaq onlardan 10-15-i populyardır, bu iddianın gözlənilən effekti verəcəyi inandırıcı görünmürdü. Heç digər məşhur coinlərin-"Bitcoin”, "Ethereum”, "Bitcoin Cash”, "Ripple”, "IOTA”, "Dash”, "Bitcoin Gold”, "Litecoin”, "Cardano”, "BitConnec” və digərlərinin də gələcək taleyi ümidverici deyil. Qeyd edək ki, adıçəkilən koinlər bu gün  ən yüksək məzənnə ilə mübadilə olanan kriptovalyutalardır. Bunların da zaman-zaman bazarı tərk edəcəyi gözlənilir.

Birincisi, böyük güclər virtual pulları qəbul etmir və birjalardan istifadəsini qadağan edib.Amerika Birləşmiş Ştatları (ABŞ) və İsrail virtuallara qarşı ən sərt mübarizə aparan ölkələr arasındadır.Qeyd edək ki, hətta ABŞ rəsmiləri bu vasitə ilə terrorun maliyyəşdirildiyini iddia etdi.İsrail isə ötən ilin son aylarında kriptovalyutaların birjalarda iştirakını rəsmən qadağan etdi.Bir müddət öncə isə terror təşkilatı terrorçuları məhz "bitcoin”lə maliyyələşdirdiklərini açıqlamışdı.Maraqlı məqamdır ki, kriptovalyutaların ucuzlaşma tendensiyası da məhz bu amillərdən sonra sürətlə ucuzlaşmağa başladı.Digər tərəfdən birincisi məşhur London birjası olmaqla, iki dəfə virtual pulların hakerlər tərəfindən oğurlanması faktı qeydə alınıb.Ardıcıl olaraq 68 və 150 milyon dollarlıq coin birjadan oğurlanıb.Bütün bunlar virtual pul bazarının əslində etibarsız olduğunu bir daha göstərdi.

Digər tərəfdən bir çox beynəlxalq təşkilatlar, dünya bankları kriptovalyutaları gələcəyi olmayan valyuta növü adlandırır.Baxmayaraq ki, bir dönəm "bitcoin” və digər coinlər milli valyutalara, xüsusilə də dollara alternativ kimi təqdim olunurdu.Ancaq bunun özü də qiymətin artırılması üçün dövriyyəyə buraxılmış informasiya idi.Nəticədə isə kriptovalytalar hesabına varlanmaq istəyənlərin əksəriyyəti müflis oldu.

Yerli iqtisadçılar da virtual pullar haqqında ümidverici proqnozlar vermir.Məsələn, iqtisadçı-ekspert Samir Əliyev "bitcoin”i "köpük” adlandırıb və tezliklə partlayacağını bildirib.Hətta bu "köpüyün” yaxın zamanlarda bir çox investorlara ziyan vuracağını deyir.İqtisadçı alim Vüqar Bayramov isə "bitcoin”in gələcək taleyinin böyük dövlətlərin münasibətindən asılı olacağını demişdi.Əslində Vüqar Bayramovun dediyi kimi də oldu.Bu gün böyük güclər virtual pullara qarşı ciddi mübarizə aparır və maliyyə bazarından çıxarmağa çalışır.

"Ən ciddi narahatçılıq kəskin qiymət artımının Bitcoin üzərindəki köpüklərin partlamasına gətirib çıxara biləcəyi ilə bağlıdır. Beynəlxalq Valyuta Fondunun rəhbərinin Bitcoinlə bağlı xəbərdarlığından sonra bu risk daha da güclənməkdədir. Buna görə də, Bitcoin almaq istəyənlərin ehtiyatlı olması, bunu mərhələli şəkildə edərək, yığımlarını diversifikasiya etmələri çox vacibdir”- V.Bayramov deyib.

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov da kriptovalyutaların sonunun uzaq olmadığını deyir."Bitcoinin ucuzlaşma prosesi Amerika Birləşmiş Ştatları (ABŞ) Federal Ehtiyatlar Sisteminin (FES) rəhbəri Canet Yellenin çıxışından sonra başladı. Həmin çıxışı şərh edərkən də dedim ki, indiyə qədər ABŞ bu məsələyə münasibət bildirmirdi, indi bildirdi. Bildirməsi isə o deməkdir ki, ABŞ bu valyutanı aradan götürmək istəyir”- deyə Ə.Həsənov bu məsələyə münasibət bildirib.

İqtisadçı-ekspert Natiq Cəfərli də həmkarları kimi kriptovalyutalara etibar etmir.N.Cəfərli bu baradə danışarkən kriptovalyutalara hələ təzə-təzə çıxandan etibar etmədiyini və heç bir halda gələcəyini görmədiyini deyib.Bütün bunlar onu göstərir ki, kriptovalyutalar yaxın zamanlarda dünyanın gündəmindən birdəfəlik çıxacaq.Çünki artıq bu valyuta növü üzrə kifayət qədər manipulyasiyalar edildi.Artıq gözləntilər əks effekt verir.Ehtimal olunur ki, kriptovalyutalar uzağı 2018-ci ilin sonuna qədər varlığını sürdürə biləcək.Bu sahənin inkişaf etməsi, hətta bir müddət öncə deyildiyi kimi, Azərbaycanda da belə bir valyuta növünün yaradılması və bununla dünya birjalarına çıxmaq istəyi yalnız xəyalların məhsuludur.Virtual pul bazarı adından da göründüyü kimi varlığı ilə yoxluğu bilinməyən təhlükədir.Bunun da sonu artıq sürətlə gəlir.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları