Yuxarı

Yeni kredit qadağası gəlir

Yeni kredit qadağası gəlir

Cəriməsi olanların kredit alması çətinləşəcək. Azərbaycanda məsuliyyətli kreditləşmənin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bu ayın əvvəlindən "Azərbaycan Kredit Bürosu”nun fəaliyyətə başlaması həyata keçirilən tədbirlərdən biridir. Büro borcalanların maliyyə intizamı barədə məlumatları müxtəlif mənbələrdən toplayaraq, ilkin mərhələdə sorğuları əsasında banklara, bank olmayan kredit təşkilatlarına və lizinq şirkətlərinə təqdim edəcəkdir. Banklar da müştərilərinə kredit verən zaman bu məlumatlardan istifadə edəcəklər.

Mühüm yeniliklərdən biri budur ki, yol-hərəkəti qaydalarının pozulmasına görə yazılmış cərimələr daxil, digər cərimələri ödəməyənlərin kredit tarixçəsi pisləşəcəkdir. Tez-tez cərimələnən, üstəlik, cərimələri vaxtında ödəməyənlər məsuliyyətli müştəri hesab edilə bilməz. Belə müştərilərə kredit daha yüksək faizlə veriləcək və ya kreditin verilməsindən imtina olunacaqdır.

Həmçinin barəsində məhkəmə qərarları olanların, müqavilə ilə aldığı malın və ya xidmətin pulunu vaxtında ödəməyənlərin də kredit tarixçəsi pisləşəcək. Bundan başqa, büro vətəndaşların işıq, qaz, su, mobil və stasionar telefon ödənişləri üzrə məlumatları da toplayacaq. Bu xidmətlər üzrə də borclarını vaxtında ödəməyənlər də riskli müştəri qrupuna daxil ediləcək.

"Azərbaycan Kredit Bürosu” MMC-nin direktoru Elçin Həbibov bildirdi ki, büro borcalanların kredit tarixçəsi barədə məlumatları banklar və bank olmayan kredit təşkilatları ilə bərabər, daha geniş mənbələrdən - lizinq şirkətlərindən, kommunal xidmət göstərən müəssisələrdən, mobil telefon operatorlarından, nisyə mal alqı-satqısı aparan biznes subyektlərindən toplayacaq:

"Həmçinin borcalanlar ilə əlaqəli məhkəmə və icra orqanlarının qərarları, notariat orqanlarında qeydə alınan borc müqavilələri, cərimələr haqqında informasiyaların da Elektron hökumət portalı vasitəsilə Büroya ötürülməsi nəzərdə tutulub. Müxtəlif mənbələrdən toplanan məlumatlar əsasında borcalanın maliyyə pasportu formalaşdırılacaqdır. Bu pasport də sorğular əsasında istifadəçilərə, məsələn banklara təqdim olunacaqdır. İstifadəçilər də məlumatlar ilə tanış olaraq müştərisini daha yaxından tanıyacaqdır”. 

Qısası, gələcəkdə daha ucuz və asan kredit ala bilmək üçün bu gündən bütün borclarınızı vaxtında ödəməyə çalışın. Maraqlıdır, bu yenilik problemli kreditlərin həcminin azalmasına necə təsir göstərəcək? Nəzərə alsaq ki, hazırda əhali kredit götürməkdə əvvəlki kimi maraqlı deyil, o zaman yeni kredit qadağası nəyə hesablanır?

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov "Cümhuriyət” qəzetinə bildirib ki, insanların borclanmaya daha çox və yaxud az getməsindən asılı olmayaraq, Azərbaycan Kredit Bürosunun fəaliyyətə başlaması, bankların sağlamlaşdırılması istiqamətində atılmış önəmli addımdır: "Dəfələrlə Azərbaycanda kredit bürosunun yaradılması haqqında təkliflərlə çıxış etmişəm. Büronun yaradılması problemli kreditlərin qarşısını necə ala biləcək? İlk öncə kredit götürən hər bir kəs haqqında hərtərəfli məlumat bu büroda öz əksini tapacaqdır. Banklar və bank olmayan kredit təşkilatları kredit vermədən öncə həmin şəxs haqqında Kredit Bürosundan məlumat əldə edəcək. Əgər vətəndaşın cərimə borcları, eləcə də başqa banklarda ödənməmiş krediti varsa, həmçinin kredit götürənin yığılıb qalmış kommunal borcları varsa, bir sözlə, müştəri maddi cəhətdən problem içərisindədirsə, təbii ki, ağıllı bank ona kredit verməyəcək. Maliyyə çətinliyi və öhdəliyi olan vətəndaşlara kreditlər verilməyəcək. Deməli, bundan sonra ancaq maliyyə durumu normal olan kəslər kredit ala biləcək. Bu da o deməkdir ki, həmin kreditlərin ödənişində bir problem yaşanmayacaq. Bu səbəbdən də avtomatik olaraq problemli kreditlərin həcmi azalacaq”.

İqtisadının qənaətincə, son dönəmlərdə insanların kreditlərə olan münasibəti birplanlı deyil: "Burada fərqli faktorlar var. Bu faktorların içərisində xüsusi yeri tutan Azərbaycanda kredit faizlərinin çox yüksək olmasıdır. Problemli kreditlərin yaranmasına banklar özü şərait yaradıb. Faktiki olaraq əvvəllər banklar tək şəxsiyyət vəsiqəsi ilə kredit verirdilər. Problemli kreditlərin əsas hissəsini yüksək faizli istehlak kreditləri təşkil edir. Elə şəxslər tanıyıram ki, bir bankın kredit borcunu bağlamaq üçün ikinci bankdan borc götürüb. Hazırda kredit alacaq şəxslərin haqqında məlumat bazasının toplanması bu cür neqativ halların aradan qaldarılmasına xidmət edəcəkdir. Bu baxımdan Azərbaycan Kredit Bürosunun yaradılması çox təqdirəlayiqdir. Hesab edirəm ki, büronun yaradılması bir qədər gecikmiş addımdır, bunu çoxdan etmək lazım idi”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları