Yuxarı

Azərbaycanın borcu da "bahalaşdı"

Azərbaycanın borcu da

Azərbaycanın bir ildə borcu 4 milyarda yaxın artıb. Maliyyə Nazirliyinin fevralda açıqladığı məlumata əsasən Azərbaycanın 9 milyard dollardan çox xarici borcu var. Bildirilir ki, bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 9 milyard 398 milyon 3 min dollar təşkil edib. Borc manatla ifadədə 16 milyarda yaxındır. Nazirlik xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) nisbətinin 22.8 faiz olduğunu bildirir. 2017-ci il üzrə hesablanmış ÜDM-nin məbləği isə 7 milyard 135 milyon 1 min manat olub. Xarici borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəlikləri daxil edilib.

Xarici dövlət borcunun beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramlarından ötrü cəlb edilmiş kreditlərdən, həmçinin, beynəlxalq maliyyə bazarlarında yerləşdirilən qiymətli kağızlardan ibarət olduğu bildirilir.

2017-ci ilin ortalarında açıqlanmış rəsmi bilgilərdə Azərbaycanın həmin ilin iyul ayına xarici dövlət borcunun 12 milyard 208 milyon 5 min manat (7 milyard 172 milyon 6 min dollar) olduğu bildirilirdi. Həmin vaxt xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM-ə) nisbəti 18.9 faiz idi. Bir illik artım - 4 milyard manat 2017-ci ilin yanvarında isə xarici dövlət borcu 12 milyard 241 milyondan artıq (6 milyard 913 milyon 2 min dollar) idi. Həmin vaxt dolların məzənnəsi manata nisbətən daha yüksək idi. İllik müqayisədə xarici dövlət borcu 4 milyard manata yaxın artıb.

Maliyyə Nazirliyi yalnız xarici dövlət borcunun ümumi məbləğini açıqlayıb. Bəzi iqtisadçılar Azərbaycanın xarici borcları haqda açıqlanan rəsmi rəqəmlərlə razılaşmırlar. Onlar xarici borcun daha çox olduğunu bildirirlər. Beynəlxalq statistika təşkilatı "Central Intelligence Agency”nın (CİA) məlumatına görə, 2017-ci ildə Azərbaycanın dövlət borcunun ÜDM-də payı 22,8 deyil, 48,8 faiz olub. Müstəqil analitiklər hesab edir ki, 2017-ci il üçün hesablanmış ÜDM-in 70,135.1 milyon manat təşkil etdiyini nəzərə alanda, dövlət borcunun Maliyyə Nazirliyinin açıqladığı kimi 15,9 milyard manat deyil, 34,2 milyard manat və yaxud hazırkı məzənnə ilə 20,1 milyard dollar olduğu məlum olur.

Azərbaycanın xarici ödənişlərinin bir qismi beynəlxalq təşkilatların üzvlük haqqının payına düşür. Məsələn, BMT-nin nizamnaməsinə görə bu təşkilata üzv olan ölkələr ÜDM-un 0.001 faizini üzvlükhaqqı ödəməlidir. Bu da böyük göstərici sayılmır. 2017-ci ildə Azərbaycanın BMT-yə nə qədər üzvlükhaqqı ödədiyi haqda rəsmi açıqlama verilməyib. Avropa Şurasının icmal büdcəsinə ödənilən üzvlükhaqqı isə, 2017-ci ildə 850624 avro təşkil edib. Hər bir ölkə kimi Azərbaycanın da Avropa Şurasına ödədiyi üzvlükhaqqı məbləği makroiqtisadi göstəriciləri, ümumi daxili məhsul və əhali sayı nəzərə alınmaqla ödənilir. Həmin ödəmələr vaxtında həyata keçirilməyəndə xarici borclar sırasına daxil olur.

Müqayisə üçün bildirək ki, 2018-ci ilin yanvarın 18-nə olan məlumata əsasən Türkiyənin bir il içində ödənməsi lazım olan xarici borcu 170.4 milyard dollardır. Türkiyənin qısamüddətli xarici borcları keçən ilin ilk 11 ayında 14 faiz artımla 111.7 milyard dollara yüksəlib. Türkiyə Mərkəzi Bankın məlumatına görə, bu dövrdə bankların qısamüddətli xarici borc stavkası 7,3 faiz artaraq 61,6 milyard dollara yüksələrkən, digər sektorların qısa müddətli xarici borc stavkası 23,5 faiz artaraq 50,1 milyard dollara çatıb. Türkiyənin xarici borclarında müşahidə olunan artım tendensiyası əsasən son illəri əhatə edir. 2002-ci ildə AK Partiya hakimiyyətə gəldikdən sonra Türkiyənin xarici borc və borc faizlərinin 95 faizini ödədi. TMB-nın Beynəlxalq Valyuta Fonduna olan 125 milyard dollar həcmində kredit borclarını bağlaması, ölkədə yüksək iqtisadi artım, inflyasiyanın qarşısının alınması ilə müşahidə olundu. Ekspertlər hesab edir ki, AKP-nin son 15 ildə hakimiyyətdə qalması, o cümlədən, Türkiyə xalqının 52 faizinin 2014-cü ildə R.T.Ərdoğanın prezident seçilməsinə səs verilməsi də, məhz qeyd edilən iqtisadi irəliləyişlə bağlıdır. Hətta 2017-ci ildə Türkiyə iqtisadi inkişaf səviyyəsinə görə dünyanın 20 ən inkişaf etmiş ölkələri sırasında (G-20) 13-cü pilləyə yüksələ bildi. 

Lakin 2015-ci ildə neftin qiymətinin kəskin aşağı düşməsi ilə əlaqədar beynəlxalq miqyasda yaranmış növbəti iqtisadi böhran dalğası və dolların məzənnəsinin möhkəmlənərək lirəyə təzyiqlərinin artması, Türkiyənin xarici borclarının artmasına da şərait yaradıb.

Azərbaycanın xarici borcları ilə bağlı təəssüf doğuran hallardan biri ondan ibarətdir ki, ölkəmiz bu göstəricilərinə görə xarici yardımlar və kreditlər hesabına yaşayan düşmən Ermənistandan çox az fərqlənir. Belə ki, 2017-ci ilin sonuna olan məlumata əsasən, Ermənistanın dövlət borcu 6 milyard 774 milyon dollar olub. Ermənistanın dövlət borcu il ərzində 12 faiz artıb. Ermənistanın xarici dövlət borcu isə il ərzində 689 milyon dollar artıb. 2017-ci ilin dekabrın 31-nə olan məlumata görə, ölkənin xarici dövlət borcu 5 milyard 494 milyon dollar olub. Ermənistanın daxili borcu da müvafiq dövr ərzində 143 milyon dollar artaraq 1 milyard 279 milyon dollar təşkil edib.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) İdarə Heyətinin sədri, iqtisadçı-alim Vüqar Bayramov "Cümhuriyət” qəzetinə bildirib ki, hələlik Azərbaycan xarici borcunun həcmi ÜDM-a müqayisədə böyük deyil:

"Təxminən ÜDM-un 23 faizi həcmində Azərbaycanın xarici borcu var. Xarici borcun yaranmasının əsas səbəbi xüsusən 2016-cı ildə Asiya İnkişaf Bankı daxil olmaqla bir sıra beynəlxalq maliyyə qurumlarından kreditlərin cəlb edilməsi ilə bağlıdır. Bu da nəticə etibarilə Azərbaycanın ümumi xarici borcuna təsir göstərir. Baxmayaraq ki, hələlik Azərbaycanın xarici borcu tənzimlənən səviyyədədir, amma hökumət çalışmalıdır ki, ölkənin xarici borcunun həcmini optimallaşdıra bilsin. İndiki halda xarici borcun ÜDM-da payının optimallaşdırılması çox vacibdir. Nəzərə alınmalıdır ki, post-neft dövründə xarici borcun ümumi məbləğinin minimumlaşdırılması çox vacibdir. Bu baxımdan hökumət çalışmalıdır ki, növbəti illərdə yeni borclanmaya getməsin”.

Ekspert xarici borcların həcmini, yaxud saxta rəqəmlərin olduğunu müəyyənləşdirməyin çox çətin olduğunu deyib: "Bütün hallarda burada söhbət dövlətin aldığı borclardan gedir. Təbii ki, bu anlaşmalar dövlət tərəfindən imzalanır. Amma hesab edirəm ki, Maliyyə Nazirliyinin bu açıqlamalara aydınlıq gətirməsi daha məqsədəuyğun olardı”.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzi İctimai Birliyinin sədri, iqtisadçı Ruslan Atakişiyev "Cümhuriyət” qəzetinə bildirib ki, devalvasiyaya qədərki dövrdə Azərbaycan milli valyutasının məzənnəsi dollar qarşısında yüksək idi:

"Belə bir vaxtda Azərbaycan üçün beynəlxalq maliyyə qurumlarından borc almaq dövlət büdcəsinə problem yaratmırdı. 2014-cü ildə orta hesabla dövlət büdcəsinin gəlirləri 18 384 000,0 min manat, xərcləri 20 063 000,0 min manat təsdiq olunmuşdu. Həmin dövrlərdə xarici borc 5 milyard dollar yaxın həcmdə idi. Xarici dövlət borcunun ÜDM olan nisbəti orta hesabla 8.2 faiz təşkil edirdi. O dövrdə Azərbaycan bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri bu sahədə də qabaqlamışdı. Təbii ki, devalvasiyasından sonra milli valyutanın dəyərdən düşməsi, mövcud borcların da bahalılıq dərəcəsini artırdı. 2018-ci ildə xarici dövlət borcu orta hesabla dövlət büdcəsinin 80-90 faizi həcmindədir. Təbii ki, bunun da təsirləri var. Borclar Dünya Bankından, Avropa Yenidənqurma və İnkişaf Bankından, eləcə də Asiya İnkişaf Bankından, əsasən də həm regional, həm də beynəlxalq səviyyədə maliyyə institutlarından alınır. Alınan borclar əsasən ölkədə korporativ sektorun inkişaf etdirilməsində, o cümlədən, maliyyə-fiskal siyasətində, həmçinin infrastruktur layihələrin beynəlxalq standartlara çatdırılması ilə bağlı məsələlərdə geniş istifadə olunurdu”.

Maliyyəçi onu da qeyd edib ki, hazırda Azərbaycan bir sıra beynəlxalq layihələrdə iştirak edir: "Ölkəmiz xüsusilə, iri enerji layihələrində fəal iştirak edir, həmçinin regional layihələr həyata keçirilir. Təbii ki, bu cür layihələrin həyata keçirilməsi üçün maliyyə vəsaiti əldə etməyə ehtiyac və zərurət yaranır. Bu zaman beynəlxalq maliyyə institutu və iri maliyyə şirkətlərindən borcun alınması istiqamətində işlərə start verilir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları