Yuxarı

İşsizlərin sayı necə hesablanır? - Fərqli rəqəmlər

İşsizlərin sayı necə hesablanır? - Fərqli rəqəmlər

2017-ci ilin yekunlarına görə, Azərbaycanda muzdla çalışanların 878,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda fəaliyyət göstərib. Noyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 517 min 800 nəfər olub. Onlardan 878,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 639,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2017-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,4 faiz artaraq 525,4 manata çatıb.

2018-ci ilin fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 508 min 400 nəfər olub, onlardan 881,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 627,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3 faiz artaraq 519,8 manat olub. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun 2018-ci ilin mart ayında verdiyi açıqlamada bu ilin ilk 2 ayında 27 min 530 nəfərin işlə təmin olunduğunu deyib.

Əgər 2017-ci ilin noyabr ayının rəsmi məlumata görə ölkədə muzdla çalışanların sayı 1 milyon 517 min 800 nəfər, 2018-ci ilin fevral ayının 1-nə olan məlumata görə isə ölkədə işləyənlərin sayı 1 milyon 508 min 400 nəfər olubsa, deməli işləyən insanların sayı 9400 nəfər azalıb. Rəsmi statistika ilə hökumətin sözü bir-birini tutmur.

Qeyd edək ki, bu ilin mart ayında Dünya Bankının yaydığı hesabata görə Azərbaycan əhalisi özünü yoxsul hesab etmir.Dünya Bankı Azərbaycanda yoxsulluq səviyyəsinin 9 faiz ətrafında olduğunu qeyd edir.Ekspertlər hesab edir ki, bu, Azərbaycan hökumətinin rəsmi göstəricisindən (5.2faiz) kifayət qədər yüksəkdir.Lakin Bankın 9 faizlik göstəricisi beynəlxalq yoxsulluq şkalası ilə gündəlik adambaşına 2 dollardan aşağı yaşayanları əhatə edir.Beynəlxalq yoxsulluq şkalası 5 dollar götürüldükdə Azərbaycanda yoxsulluq səviyyəsi 28.2 faizə çatır.

İqtisadçı-ekspert Nazim Bəydəmirli "Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycan reallığında işsizlər məşğulluq idarələrində rəsmi qeydiyyata düşmüş insanlar hesab olunur:

"Təəssüf ki, rəsmi statistika da buna uyğun hazırlanır. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə işsizlik faizi ən yaxşı halda 9 faiz, hətta 12 faiz olanda bu göstərici normal hesab olunur.Ancaq rəsmi rəqəmlərdə Azərbaycanda işsizlik səviyyəsinin 5 faizə düşdüyü göstərilir.Əslində işsizlər də yoxsul əhali sayılır.Nazir Səlim Müslümov Dünya Bankının ekspertlərinə istinad edir ki, yoxsul əhalinin 90.1 faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin himayəsi altındadır.Yəni, onlara dövlət tərəfindən ünvanlı sosial yardımlar, eləcə də digər yardımlar olunur.Bu rəqəmlərə istinad etsək, deməli, ölkədə təqribən 25 min nəfər dövlət himayəsindən kənardır. Nazir Səlim Müslümov fikirlərinə əsaslansaq, ölkədə cəmi 4.9 faiz yoxsul əhali var. Ancaq apardığımız müşahidələr onu göstərir ki, ölkədə əhalinin yoxsul təbəqəsi 50 faizdən yuxarıdır”.

Ekspert onu da əlavə edib ki, Dünya Bankının beynəlxalq yoxsulluq şkalası gündəlik adambaşına 2 dollardan aşağı yaşayanları əhatə edir:

"Ümumiyyətlə, hökumətin yoxsulluq və işsizliklə bağlı açıqlamaları heç kəsdə inam yaratmır. Azacıq iqtisadiyyatdan anlayışı olan və yaxud əhali ilə təmasda olan insanlar hökumətin bu göstəricilərinə ancaq gülər.Hesab edirəm ki, statistikanın aparılmasına diqqətlə yanaşılmalıdır.Əslində statistik rəqəmlər doğru olmayanda hökumət öz proqnozlarını düzgün yerinə yetirə bilmir.Həmçinin əhalinin sosial təminatları da təmin olunmur.Statistika doğru olmalıdır və hökumət də buna uyğun addımlar atmalıdır.Zənnimcə, nazir Səlim Müslümovun, eləcə də İqtisadiyyat Nazirliyinin rəsmilərinin işsizlik və yoxsulluqla bağlı açıqladığı rəqəmlər heç də həqiqəti əks etdirmir”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları