Yuxarı

Bahalaşma qaçılmazdır: Ət də monopoliyaya alınır

Bahalaşma qaçılmazdır: Ət də monopoliyaya alınır

Bakıda ət kəsimi ilə bağlı qaydalar sərtləşdiriləcək. Qida Təhlükəsizliyi Agentliyinin (QTA) sədri Qoşqar Təhməzli ötən gün keçirilən "Media və təhlükəsiz qida” mövzusundakı brifinqdə deyib ki, ölkədə qanunsuz ət kəsiminin qarşısını almaq məqsədi ilə layihənin hazırlanması istiqamətində iş gedir: "Bu iş yaxın vaxtlarda yekunlaşdırılacaq və layihə ölkə rəhbərliyinə təqdim ediləcək".

Agentlik sədri onu da qeyd edib ki, qanunsuz ət kəsimi məsələsi ilə əlaqədar monitorinq keçirilib: "Monitorinq zamanı Azərbaycanda, təxminən, 111 Baytarlıq Sanitar-Ekspertiza laboratoriyalarının olduğunu öyrəndik və onların şəraitini araşdırdıq. Hesab edirik ki, bu məsələnin qarşısı sırf inzibati qaydada alınmalıdır. Çünki əks halda görülən tədbirlər müvəqqəti xarakter daşıyacaq. Ona görə təklif etdik ki, hər bir rayonda və Bakı şəhərində ət kəsimi məntəqələri yaradılsın".

Qoşqar Təhməzli bildirib ki, artıq bununla bağlı Bakı Şəhəri İcra Hakimiyyəti və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşlər keçirilib: "Bakı kəndləri və paytaxtətrafı regionlar üzrə əhali və təsərrüfat sayına görə kəsim məntəqələri yaradılacaq. Hazırda kəsim yerlərinin formaları müəyyənləşdirilir. Bu məntəqələr ola bilsin modul tipli və ya mobil formada olsun. Artıq onların standartları müəyyənləşdirilib və eskizlər çəkilib”.

Qurban bayramında Azərbaycanda kütləvi şəkildə heyvan kəsiminin həyata keçirilməsinə də toxunan qurum rəsmisi əlavə edib ki, ölkədə həmin ərəfədə nə qədər kəsim məntəqələrində ehtiyac olduğu və onların müvafiq laboratoriyalarla təmin edilməsi məsələsi araşdırılır: "Bundan başqa, Bakıya iri və xırda buynuzlu heyvanların gətirilməsi qadağan olunacaq. Paytaxtın ətrafındakı qəsəbələrdə isə ancaq iribuynuzlu heyvanları müvafiq təsərrüfatlarda saxlamaq üçün icazə veriləcək. Gələcəkdə Qurban bayramı ərəfəsində küçələrdə ət kəsimi olmayacaq".

Maraqlıdır, Bakı şəhərində nə qədər ət kəsimi məntəqəsi var?

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli "Cümhuriyət” qəzetinə bildirib ki, qeydiyyatda 11 ədəd ət kəsim məntəqəsi fəaliyyət göstərir: "Bundan başqa ölkədə nə qədər ət kəsim məntəqəsi varsa, qeyri-qanuni fəaliyyət göstərir. Bu isə qanunun tələblərinə uyğun deyil. Onlara qarşı Dövlət Baytarlıq Nəzarəti Xidməti öz səlahiyyətləri daxilində ciddi mübarizə aparır”. 

Bakı şəhərində 12 rayon var, bu isə o deməkdir ki, hər rayona heç bir dənə də qanuni qeydiyyatda olan ət kəsim məntəqəsi düşmür. Belə olan halda Qida Təhlükəsizliyi Agentliyinin qanunsuz ət kəsimi yerlərinin ləğv edilməsi barədə hazırladığı layihə qəbul olunacağı təqdirdə, ət qıtlığı ilə bərabər bahalaşma da yaradacaq.

Danılmaz faktdır ki, paytaxtda hər adım başı qanunsuz ət kəsim məntəqələrinə rast gəlirik. Bu məntəqələrdə orta hesabla 2 nəfər işləyirsə, onların fəaliyyəti ləğv edildikdən sonra kütləvi işsizlik ordusu yaranacaq.
O da var ki, bu cür məntəqələrdə ət kəsimi insanların gözü qarşısında olduğu üçün əhali bunu daha təmiz hesab edir. Amma ətin keyfiyyəti, təmizlik və halallıq qaydalarına riayət olunub olunmaması ikinci plana düşür. Bu gün istehlakçını düşündürən yeganə şey aldanmamasıdır...

İqtisadçı-ekspert Rəşad Həsənov "Cümhuriyət” qəzetinə bildirib ki, hazırda qanunsuz ət kəsimi geniş yayılıb: "Paytaxt da daxil olmaqla ölkə ərazisində əsas ət təminatı məhz qanunsuz ət kəsim məntəqələrində həyata keçirilir. Təbii ki, qanunsuz fəaliyyət son nəticədə nəzarət mexanizmlərinin düzgün tətbiqinə imkan yaratmır. Bu nəzarət mexanizmlərinin də tətbiqi zamanı ortada olan nöqsanlar başqa bir müzakirə mövzusudur. Bu zaman nəzarətçi qurumlar öz səlahiyyətlərini doğru düzgün icra etmirlər və yaxud da müxtəlif formada sahibkar üzərində əlavə xərc, yük formalaşdırırlar.

Hesab edirəm ki, yeni layihənin icrası zamanı nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə və keyfiyyətinin artırılmasına da ehtiyac var. Bununla yanaşı, qanunsuz fəaliyyətlərin məhdudlaşdırılması əhalinin ərzaq təminatının sağlamlaşdırılması, eyni zamanda gigiyenik normalara əməl olunması baxımından əhəmiyyətli məsələdir. Əgər qanunsuz ət kəsimilə məşğul olan məntəqələrin fəaliyyəti dayandırılırsa, bu zaman qanuni ət kəsim məntəqlərinin sayının artırılması ehtimalı yüksəkdir. Bunun üçün sahibkarlar müraciət edəcəklər. Düşünürəm ki, müraciət mexanizmləri də sadələşdirilməlidir ki, sahibkarlar qanuni şəkildə fəaliyyətini təmin edə bilsinlər”. 

Ətin qiyməti bahalaşacaq... 

İqtisadçı onu da qeyd edib ki, ilkin dövrdə məhdud sayda olan məntəqələrdə ətin topdansatış qiymətində artımlar mümkündür: "Yaxud da ola bilər ki, həmin məntəqələr sahibkarlar üçün göstərdikləri kəsim xidmətlərinin qiymətini artırsınlar. Çünki tələbin yüksəlməsi, bu qiymətlərə öz təsirini göstərməklə ətin son satış qiymətində bahalaşmaya gətirib çıxarda bilər. Ona görə də bu istiqamətdə hər hansı addımlar atılarkən məsələyə kompleks baxmaq lazımdır. Yaranacaq risklər əvvəlcədən məhdudlaşdırılmalıdır”.

Ekspert onu da əlavə edib ki, ət kəsimi fərqli xidmətdir və ət satışını məhdudlaşdırmır: "Hazırda ətin müəyyənləşdirilmiş standartlar çərçivəsində kəsilməsi məsələsi aktualdır. Bu günə qədər istehlakçının aldadılma ehtimalı daha geniş yayılıb. Tutaq ki, iribuynuzlu heyvan əti əvəzinə at, camış ətinin təklif olunması kimi hallar çox baş verib. Aldadılan vətəndaşların sayı həddən artıq çox olduğu üçün adətən, azərbaycanlı istehlakçılar gözlərinin qarşısında kəsilən heyvan ətlərini almağa üstünlük verirlər”.

Rəşad Həsənovun qənaətincə, gələcəkdə bu xidmətlər tamamilə aradan qaldırılarsa, əhalinin məşğulluq səviyyəsinə müəyyən qədər təsir göstərəcək: "Eyni zamanda vətəndaşların rahat şəkildə inanaraq istehlak imkanlarını zəiflədə bilər. Ət kəsimi ilə bağlı yeni mexanizmin tətbiqi zamanı qeyd edilən məqamların da nəzərə alınmasına ehtiyac vardı. 

Həmçinin fərdi sahibkarlara kəsimlə məşğul olmaq imkanı üçün icazələrin verilməsi, nəzarətin təmin olunması proseduraları o qədər sadələşdirilməlidir ki, qəsəbələrdə fərdi formada bu işlə məşğul olmaq mümkün olsun. Əks halda, gələcəkdə ət bazarında müəyyən qədər tələbin aşağı düşməsi müşahidə oluna bilər. Çünki istehlakçılarının inamsızlığı fonunda ət məhsullarının istehlakı qida rasionunda azaldıla bilər. Təbi ki, bu addımlar atılarkən məşğulluq məsələləri də nəzərə alınmalıdır. Çünki hazırda əhalinin məşğulluq səviyyəsi ölkənin ən böyük problemlərindən biridir. Demək olar ki, işsizlərin sayı durmadan artır”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları