Yuxarı

Defolt riski Azərbaycandan yan keçdi?

Defolt riski Azərbaycandan yan keçdi?

Rusiyada defoltların, bu ilin ilk rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 50 faiz artaraq 8 min 966 nəfərə yüksəldiyi bildirilib. Moskvada fəaliyyət göstərən Birləşmiş Kredit Bürosunun məlumatlarına görə, Rusiyada iflas riski yaşayanların sayı 2018-in ilk rübündə 6 faiz artıb. Ölkədə iflas edənlərin sayı həmin dövrdə 2017-ci illə müqayisədə 50 faiz artaraq 8 min 966 nəfərə yüksələrkən, ən çox iflas 757 nəfərlə Moskvada baş verib. Neftin qiymətinin aşağı düşməsi və Qərb ölkələrinin sanksiyaları səbəbindən iqtisadiyyatı çətin günlər keçirən Rusiyada 2015-ci ilin oktyabrından bu yana rəsmi rəqəmlərə görə 59 min nəfər iflas edərkən, statistik baxımdan Rusiyada hər 100 min adamdan 40-ı iflasa uğrayır.

Bəs görəsən, Azərbaycanda defolt riski nə qədərdir?

İqtisadçı-ekspert Razi Abbasbəyli "Cümhuriyət” qəzetinə bildirib ki, Rusiyada baş verən defoltlar ölkə iqtisadiyyatının neftdən daha çox asılı olmasından irəli gəlir:

"Analoji proses büdcəsi neftdən asılı ölkələrdə, o cümlədən, Azərbaycan kimi dövlətlərdə də baş verə bilər. Çünki Azərbaycanın dövlət büdcəsinin böyük bir hissəsi neftdən gələn gəlirlər hesabına formalaşıb. Lakin faktiki olaraq Rusiyanın mövcud coğrafi, iqtisadi vəziyyəti, eləcə də əhalinin məşğulluq səviyyəsi və ərazilərinin böyüklüyü Azərbaycanla müqayisəni bir qədər uğursuz edir. Çünki son illər Azərbaycan əhalisinin məşğulluq səviyyəsi kifayət qədər yüksəlib. Azərbaycanın dövlət gəlirləri əhalinin sosial vəziyyətinin yaxşılaşmasına adekvatdır. Bu gəlirlər hesabın ölkədə həm ümumdaxili məhsulun (ÜDM) artım tempini qoruyub saxlamaq və yeni iş yerlərinin açılmasını mümkün edir. Bundan əlavə, son dövrlər dövlətin həyata keçirdiyi aqrar sektorla bağlı fundamental islahatlar Azərbaycan üçün açılmış bazar bu şərtləri bir qədər dəyişir. Yəni, Rusiyadan fərqli olaraq Azərbaycanda defolt vəziyyətinin yaranması və dərinləşməsi təhlükəsi mövcud deyil. İndiki neft qiymətləri səviyyəsində belə ölkə vətəndaşlarının sosial təminatını faktiki vəziyyət həddində saxlamaq mümkündür. Bu, hər hansı dəhşətli bir şəraiti yaratmır. Paralel olaraq vətəndaşların əldə etdiyi gəlirlər, ölkəyə daxil olan investisiya, ixrac potensialının yüksəlməsi Azərbaycan üçün belə təhlükələri şərtləndirmir. Əgər neftin qiymətində 10-15, hətta 20 dollarlıq qiymət həddinə çatarsa, o zaman bu təhlükə yaşana bilər. Amma ölkənin valyuta ehtiyatları uzun müddətə Azərbaycan əhalisinin sosial təminatını bugünkü səviyyədə saxlamağa imkan verir. Ona görə də, riskli proqnoz verilə bilməz”.

Ekspert Rusiyada baş verənlərin Azərbaycana bir formada təsiri olduğunu da vurğulayıb: "Rusiyada yaşayan azərbaycanlılar buradakı ailələrinə pul göndərirlər. Rusiyadakı vəziyyətin onlara təsir olacağı təqdirdə, təbii ki, bunun Azərbaycan əhalisinin təxminən 15-20 faizinin həyat şəraitinə müəyyən nəticəsi ola bilər. Ümumilikdə, Azərbaycan iqtisadiyyatı üçün təhlükə gözlənilmir”.

"Rus xalqı çox tənbəldir”

Razi Abbasbəylinin qənaətinə görə, defolt ÜDM-in, iqtisadi gəlirlərin, dövlətin ixrac potensialının və əhalinin gəlirlərinin aşağı düşməsilə ölçülür:

"Azərbaycandan fərqli olaraq Rusiyada əhalinin məşğulluğa maraq göstərməməsi faktları var. Burada vətəndaşlar daha çox sosial təminatla yaşamağa üstünlük verirlər. Bir məqamı da qeyd etmək lazımdır ki, rus xalqı çox tənbəldir. Bundan əlavə Rusiyada ehtiyat fondunda azalma baş verib. Ümumi göstəricilər hesabına bankdan tutmuş aqrar sektora qədər geriləmə baş verib. Beləliklə, ölkənin ümumi iqtisadiyyatında defolt vəziyyəti yaranıb. Ümumilikdə biznesin, hərəkət edən maliyyə əlatələrinin, insanların gəlirlərinin və.s amillərin iqtisadiyyatda toplu geriləməsi defoltun yaranmasına rəvac verir”. İqtisadçı ümumilikdə Rusiyadakı defoltu dəhşətli səviyyədə dəyərləndirməyin düzgün olmadığını da deyib: "Toplam 6 faizdən söhbət gedir, bu da ölkə üçün xarakterikdir. Həmçinin nəfərlə göstərilmə bir təsnifat üzrədir. Burada kiçik və orta, eləcə də iri sahibkarlar da ola bilər. Təbii ki, burada Rusiyaya qarşı beynəlxalq sanksiyaların da rolu böyükdür”.

Y. Oqtayqızı





Həftənin ən çox oxunanları