Əli Əhmədov: "Bir
tərəfdən əhalinin mənzillə təminatı nəzərdə
tutulur, ikinci məqsəd isə tikinti şirkətlərinin inşa etdikləri evlərin satılmasıdır”
Məlum olduğu kimi, yaşayış sahələrinin satmaq öhdəliyi ilə
kirayəyə verilməsi mexanizmi çərçivəsində müraciətlərin elektron sistem
vasitəsilə qəbuluna başlanacaq. Bu günlərdə İpoteka
və Kredit Zəmanət Fondundan verilən məlumatda bildirilib ki, artıq prosedura başlanılıb, işlər davam etdirilir: "Fond
tərəfindən vətəndaşlara mənzillər tam təmirli, elektrik enerjisi, qaz və su ilə
tam təchiz olunmuş, istifadə üçün yararlı vəziyyətdə
kirayəyə veriləcək”.
"Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini
satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”na
görə, kirayə müddətində vətəndaşın mənzil üzərində kirayə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınacaq
və mənzildən istifadə ilə bağlı aylıq ödənişlər
tam ödənildikdən sonra mənzil kirayəçinin mülkiyyətinə keçəcək. Tələblərə
əsasən, kirayə müqaviləsi bağlanıldıqdan sonra alış qiymətinin
tam ödənişi 3 ildən tez həyata keçirilməməlidir. Lakin, sonrakı dövrdə mənzilin alış qiymətini
vaxtından qabaq ödəyən
vətəndaşlar üçün Fond tərəfindən alış qiymətinin
məbləğində güzəştlərin tətbiqi nəzərdə
tutulur.
Qaydaya
əsasən, Fondun yazılı razılığı ilə kirayə
müddətində (kirayə müqaviləsi bağlanan gündən
3 ildən tez olmayaraq) vətəndaşın kirayə müqaviləsi üzrə öz hüquq və
vəzifələrini başqa şəxsə ötürə bilməsi mümkündür. Kirayə müddəti ərzində
kirayəçi vəfat etdikdə isə kirayə müqaviləsi üzrə hüquqlar kirayəçinin
vərəsələrinə keçir.
Məlum olduğu kimi, ölkəmizdə mənzil probleminin həlli məqsədilə digər
variantlar da təklif olunur. Ev almaq üçün nağd vəsaiti
olmayanlar ipoteka krediti götürə bilər. Həmçinin əhaliyə güzəştli ipotekadan
yararlanmaq şansı da verilir. Vətəndaşları düşündürən məsələlərdən biri də
budur ki, əgər hər iki variantda - yəni
həm Fond tərəfindən kirayə mexanizmində, həm də ipoteka götürülməsi zamanı söhbət ümumi məbləğin
aylıq ödənişlər vaistəsilə ödənilməsindən gedirsə, bunlardan
hansı daha əlverişlidir.
İlkin
olaraq, bir məqamı qeyd edək ki,
güzəştli ipoteka kreditindən yararlanmaq şansı yalnız əhalinin müəyyən bir
kateqoriyasına verilir. Burada şəhid
ailəsinin üzvü (əri/arvadı, övladları), milli qəhrəman
(özü, əri/arvadı, övladları), məcburi
köçkün və ya ona bərabər tutulan şəxs, ən azı 3 il
dövlət qulluğunda qulluq edən,
o cümlədən dövlət qulluğunun xüsusi növündə
xidmət keçən şəxs, ən azı 5 il dövlət
ümumtəhsil məktəbində müəllim işləyən şəxs, fəlsəfə doktoru elmi dərəcəsi olan
şəxs, idman sahəsində xüsusi xidmətləri olan və digər şəxslər nəzərdə tutulur.
Əlavə edək ki, güzəştli ipoteka almaq hüququ
olan əhali qrupu həm də sosial mənzillərdən faydalana bilər. Satmaq öhdəliyi
ilə kirayə mexanizmindən isə bütün Azərbaycan Respublikasının vətəndaşları faydalana bilərlər. Yalnız müraciət tarixinə banka və ya digər təşkilata vaxtı
keçmiş borcu olanlar istisna edilir.
İqtisadçı
ekspert Əli Əhmədov "Cümhuriyət” qəzetinə açıqlamasında
bildirib ki, satmaq öhdəliyi ilə mənzillərin kirayə
verilməsi mexanizminin şərtləri ipoteka və güzəştli ipoteka şərtlərindən daha
sərfəlidir: "Burada əvvəla ilkin ödəniş azdır, yəni aylıq ödənişin
12 misli qədərdir. Bu da təqribən mənzil qiymətinin cəmi 4 faizi edir. Sosial
ipotekada ilkin ödəniş təqribən 10 -15 faiz, adi ipoteka isə 25-30 faizdir.
Göründüyü kimi, fərq böyükdür. Əsas üstünlük bundan ibarətdir. Digər fərq isə faizlərin aşağı olmasıdır. Adi
ipotekada kredit faizləri 6,5-7,5 faizdir, sosial ipotekada isə 3,5-4 faizdir.
Hökumətdən bildirilir ki, kirayə evlərdə faiz olmayacaq. Amma İpoteka və Kredit Zəmanət Fondu əvvəlcə həmin evləri
almalıdır, bunun üçün isə pul cəlb
edilməlidir. Həmin vəsaitin özü faizlə alınır
ki, bu hardasa 2-3 faiz edir. Bu məsələləri nəzərə aldıqda kirayyə evlər daha sərfəlidir. Digər şərtlərdə də
fərqlər var, amma onlar hələ dəqiq deyil”.
İqtisadçı
ekspert satmaq öhdəliyi ilə kirayə mənzillərin verilməsinin
əhalinin hər hansı bir qisminə
ünvanlanmamasının da bu mexanizmin üstünlüklərindən
olduğunu dedi: "Güzəştli ipoteka və ipoteka
proqramlarında məhdudiyyətlər var. Əhalinin yalnız bir hissəsinin güzəştli ipoteka almaq imkanı var. Adi
ipotekada isə gəlirlərlə bağlı sərt tələblər
var. Kirayə evlərin verilməsindən əhalinin daha geniş təbəqəsi, hətta evi
olanlar da yararlana bilər. Ona görə də bunu daha liberal hesab etmək olar”.
Əli Əhmədov bildirir ki, hökumət satmaq
öhdəliyi ilə kirayə mexanizmini tətbiq etməklə iki əsas problemi həll etmək
istəyir: "Bir tərəfdən əhalinin mənzillə təminatı nəzərdə
tutulur, ikinci məqsəd isə tikinti şirkətlərinin inşa etdikləri evlərin satılmasıdır. Çünki onlar bu sahəyə yatırım ediblər, bəzilərinin evləri satılır, bəzilərininki isə yox. Bu mexanizm həm də onlara dəstək
xarakteri, "mallarının əllərində
qalmaması” məqsədi daşıyır. Bu evlər alındığı zaman tikinti şirkətləri yenilərini inşa etmık üçün
həvəslənirlər. Tikintinin işə düşməsi isə digər sahələri canlandırır, bu 26 sahəyə müsbət təsirini göstərir”.
Xatirə
Nəsirova