Yuxarı

Neft bazarında bahalaşma: Büdcəyə təsir edəcəkmi?

Neft bazarında bahalaşma: Büdcəyə təsir edəcəkmi?


Məlum olduğu kimi 2020-ci il üçün Azərbaycan dövlət büdcəsində neftin qiyməti 55 dollar götürülüb. Qeyd olunur ki, bunda məqsəd neft qiymətlərində kəskin ucuzlaşma riskini önləməkdir. Maraqlıdır ki, beynəlxalq qurumların proqnozunda neftin 2020-ci ildə ucuzlaşacağı göstərilmir, əksinə, artacağı proqnozu verilir. Son olaraq belə bir proqnozla ABŞ-ın "Goldman Sachs" bankının ekspertləri çıxış edib. Belə ki, bankın ekspertləri 2020-ci ildə "Brent" markalı neftin bir barelinin orta spot qiymətinin 63 dollar olacağını proqnozlaşdırırlar. Bu haqda məlumatı isə "Bloomberg" agentliyi yayıb. Bu, həm də bankın əvvəlki proqnozundan 3 dollar bahadır.

Hesabata əsasən, "Goldman Sachs" OPEC+ ölkələrinin gələn ilin birinci rübü üçün hasilatı azaltmaq üzrə saziş şərtlərini dəyişdirmək qərarını nəzərə alaraq daha əvvəlki qiymətləndirmələrinə düzəliş edib. Belə ki, bundan əvvəl bank analitikləri "Brent" markalı neftin bir barrelin orta spot qiymətinin 2020-ci ildə 60 dollar olacağını ehtimal edirdilər.

Qeyd edək ki, OPEC+ ölkələri 2020-ci il yanvarın 1-dən başlayaraq bazardan gündə 1,7 milyon barel çıxarmalıdırlar. Dəyişikliklərin məqsədi qışda tələbatın az olduğu dövrdə bazarda tarazlığın pozulmasının qarşısını almaqdır. Bununla belə, uzunmüddətli proqnoz dəyişməz - bir barel üçün 55 dollar səviyyəsində qalıb. Yeni hesablamalara görə, WTI markalı neftin bir barelinin 2020-ci ildə spot qiyməti 58,50 dollar olacaq. "Goldman Sachs" hesab edir ki, hasilatın azaldılmasına dair sazişin şərtləri Rusiya, İraq və Nigeriya tərəfindən tam yerinə yetirilməyə bilər. Bu proqnoza istinad etsək, Azərbaycan hökuməti də 2020-ci ilin büdcəsində neftin qiymətinə yenidən baxmasına ehtiyac yarana bilər. Qeyd edək ki, Azərbaycan dövlət büdcəsinə zərurət yarandığı halda, ilin yarısında, may-iyun aylarında yenidən baxılır. Maraqlıdır, dünya bazarında neft qiymətləri artarsa, Azərbaycan hökuməti 2020-ci ilin dövlət büdcəsində neftin qiymətini artıra bilərmi? Qeyd edək ki, 2020-ci ilin büdcəsində neftin qiyməti 55 dollar götürülüb. Hazırda dünya bazarında neftin qiyməti 60 dollar civarındadır.


İqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə şərhində ilk olaraq dövlət büdcəsinin ilin yarısında təkrar müzakirəyə çıxarılmasına münasibət bildirib. A.Nəsirli bunun təəssüfverici amil olduğunu deyib: "Çox təəssüf edirəm ki, Azərbaycanda 1 illik büdcəyə ildə iki dəfə baxırlar, müzakirə edirlər. Bu artıq bir ənənəyə çevrilib və siz də artıq bunu ictimai müzakirəyə çıxarırsınız. Bu təəssüfedici məqamdır. Dünyada hazıra 5-10 illik büdcə proqnozları verilldiyi ölkələrdə, hətta qonşu Gürcüstanda, Rusiyada belə bu praktika yoxdur”.

Neft qiymətlərinin növbəti ildə artacağı ilə bağlı proqnozlara gəlincə isə Akif Nəsirli bunun Azərbaycan dövlət büdcəsində dəyişikliyə səbəb olmayacağı qənaətindədir. A.Nəsirli hesab edir ki, proqnozlaşdırılan artım cüzidir və Azərbaycan hökuməti riskə gedərək büdcədə nəzərdə tutulan neft qiymətini artırmayacaq: "Digər tərəfdən Azərbaycan dövlət büdcəsindəki neftin proqnoz qiyməti ilə hazırda səsləndirilən beynəlxalq rəqəm arasında elə də ciddi fərq yoxdur. Ona görə də hesab edirəm ki, əgər hökumət may-iyun ayında büdcəni yenidən müzakirə edərsə, riskləri sığortalamaq üçün neftin proqnoz qiymətini sabit saxlayacaq. Neftin qiymətinin büdcədə sabit saxlanılması, bəlkə də müzakirələrin təxirə salınmasına səbəb olacaq. Adətən, bu ənənə neftin qiymətinin ilin yarısından sonra sıçrayışla artması dönəmində yaranıb. Neftin qiyməti ilin yarısından sonra sıçrayışla artanda Dövlət Neft Fondunda sərbəst vəsaitlər artır və Azərbaycan hökuməti həmin vəsaitlərin bir qisminin büdcəyə daxil etmək haqqında düşünür. Əslində, büdcənin ilin yarısında ikinci dəfə müzakirə çıxarılması ənənəsi də məhz bu ehtiyacdan yaranıb. Düşünürəm ki, əgər bu proqnoz doğrulacaqsa, ümumiyyətlə, Azərbaycan hökuməti ikinci büdcə müzakirəsinə ehtiyac duymayacaq. Yəni 2020-ci ildə ölkə qəbul olunmuş sabit büdcə ilə maliyyələşdiriləcək”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları