Yuxarı

Gəlirimiz borcumuzu ödəmir: Nə qazanıb, nə xərcləyirik?

Gəlirimiz borcumuzu ödəmir: Nə qazanıb, nə xərcləyirik?


Ölkədə rəsmi inflyasiya səviyyəsi 2.6 faizdir.  

Bu, ötən  ilin eyni dövrü ilə müqayisədə 0.2 faiz çoxdur. Amma inflyasiya faizinin aşağı olması ticarət münasibətlərində hiss olunmur. Söhbət bazarlarda olan bahalaşmadan gedir. Zaman-zaman rəsmi və qeyri-rəsmi açıqlamalarda bahalaşmanın əhalinin gəlirlərini üstələdiyi ilə bağlı fikirlər səslənib. Bu günlərdə Dövlət Statistika Komitəsi (DSK) 2019-cu ilin yanvar-noyabr ayları üzrə əhalinin gəlirlərini və bahalaşma faizi açıqlayıb. Açıqlanan rəsmi məlumatlara görə  2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-noyabr  aylarında Azərbaycanda əhalinin gəlirləri nominal ifadədə 7,4 faiz artaraq 50 milyard 845 milyon manat təşkil edib.

Əhalinin hər nəfərinə orta hesabla 5135,2 manatlıq gəlir düşüb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 46 milyard 652 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 7,1 faiz çox vəsait qalıb. 2019-cu ilin yanvar-oktyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 13,7 faiz artaraq 614,2 manat təşkil edib.

Komitə bazarda bahalaşmanın cəmi 2.6 faiz təşkil etdiyini açıqlayıb. Rəsmi açıqlamaya görə 2019-cu ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 3,8 faiz, qeyri-ərzaq malları üzrə 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 2,1 faiz təşkil edib.

Maraqlıdır, açıqlanan rəqəmlərə istinad etsək, gəlir və xərclərimiz nə dərəcədə adekvatdır?

İqtisadçı-ekspert Natiq Cəfərli isə "Cümhuriyət” qəzetinə şərhində DSK-nin açıqladığı rəqəmlərin reallığa uyğun olmadığını deyib. N.Cəfərli bildirib ki, əslində, statistika ilə bağlı verilən rəqəmlərdə ciddi problemlər var:

"Bizdə statistika siyasiləşib deyə, çox zaman onların hesablanması qaydaları ciddi şübhələr doğrurur. Çünki Azərbaycanda statistikanın bir mənbədən- Dövlət Statistika Komitəsi tərəfindən aparılması ciddi suallar yaradır. İnkişaf etmiş ölkələrdə ən azı 3-4 mənbə statistik göstəricilər açıqlanır. Bunların müqayisəli şəkildə aparılması üçün imkan yaradılır. Azərbaycanda əvvəllər-2012-2013-cü illərə qədər heç olmasa, Qeyri-Hökumət Təşkilatları var idi ki, bu sahədə müəyyən işlər görürdü, açıqlamalar verir, hesabatlar aparırdılar. İndi o da yoxdur deyə, ancaq Dövlət Statistika Komitəsinin rəsmi məlumatları əsasında fikir yürütməyə məcbur qalırıq. Bu da obyektivliyin təmin olunmasında şübhələr yaradır”.

İqtisadçının sözlərinə görə, nominal artım o qədər də vacib məsələ deyil. Gəlirlərin real artımı daha vacib amildir ki, bu da inflyasiya nəzərə alınmaqla hesablanmalıdır:

"Əslində, statistik göstəricilər əhalinin real gəlirlərinin artması ilə hesablanmalıdır. Nominal gəlirlərin son zamanlar artması isə həm minimum əmək haqqı, həm də təqaüdlərin artması mühüm rol oynadı. Yəni dövlət büdcəsi hesabına bu rəqəmlərdə artım qeydə alındı. Bu da dayanıqlı iqtisadi model deyil. Yəni biznesin inkişafı, yeni iş yerlərinin yaranması hesabına gəlirlərin artmasını görmürük. Digər tərəfdən rəsmiləşdirmələr də artıb. İş yerlərinin rəsmiləşdirilməsinin faizi son zamanlar artıb. Bu da öz-özlüyündə müsbətdir. Ölkədə təbii ki, qeyri-leqal iş yerləri olmamalıdır. Amma bu da real artım göstəriciləri deyil. Sanki əvvəllər olan göstəricilərin indi rəsmiləşdirilməsindən doğan nəticədir. Yəni əvvəllər də bu var idi, amma rəsmi deyildi, indi rəsmiləşdirilib. Bu nöqteyi nəzərdən açıqlanan rəqəmlərdə ciddi problemlər var”. 

Mal və məhsulların bahalaşmasına gəlincə isə Natiq Cəfərli vurğulayıb ki, açıqlanan qiymət artımı gülüncdür:

"Azərbaycan gündəlik dükan-bazara gedən vətəndaşa desəniz ki, il ərzində qiymətlər 2.6 faiz artıb, sizə gülərlər. Bunun heç bir əsası olmadığını deyərlər. Çünki zaman-zaman qiymətlərin necə sürətlə dəyişdiyinin şahidi oluruq. Ona görə də statistik göstəricilərdə alternativ mənbələrin olması vacibdir ki, bunun hesabına normal analizlər aparmaq mümkün olsun. Ən azından data, parametr analizləri olmalıdır ki, bu rəqəmlərə çıxış imkanımız olsun. Bunlar olmadığından məcbur qalırıq ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlərə istinad edib şərh verək”. 

Vilayət Muxtar





Həftənin ən çox oxunanları