Yuxarı

Problemli kreditlərin ikinci dalğası gəlir: "Nə əhali, nə biznes kreditləri qaytara biləcək”

Problemli kreditlərin ikinci dalğası gəlir:


Problemli kreditlərin ikinci dalğası gəlir:

Bank sektoru hər gün daha da çətin duruma düşür.

Bəzi banklar problemli kreditlər səbəbindən bağlandığı halda, digərləri də zərərlə işləyir.Zərərsiz işləyənlər isə yalnız sistem əhəmiyyətli banklardır.Pandemiya dövründə banklar kreditlərin ödənilməsindəki gecikmələri işsizliklə əlaqələndirirlər.

Lakin pandemiya bitdikdən sonra da işsizlik problemi tez bir zamanda həll olunmayacaq və bu məsələ xeyli uzanacaq.Nəticədə problemli kreditlərin həcmi genişlənəcək.Hətta bəzi ekspertlər post-pandemiya dövründə bank sisteminin çökəcəyini də bildirirlər.

Maraqlıdır, post-pandemiya dövründə Azərbaycanda bank sektorunu nə gözləyir?

İqtisadçı ekspert Natiq Cəfərli "Cümhuriyət”ə açıqlamasında pandemiyadan sonrakı dövrdə bank sektorunu gözləyən problemlərdən danışıb:

"Mart ayından başlayan karantin rejimi və pandemiya elanı bəzi sahələrdə hökumətin addımlar atması ilə nəticələnsə də, bank sektoru ilə bağlı ciddi təşviq paketləri qəbul olunmadı və önləyici tədbirlər görülmədi. Bank sektorunun da əsas problemi budur.Bir çox ölkələrdə, hətta qonşu dövlətlərdə də çox maraqlı proqramlar qəbul olundu.Bank faizləri ilə bağlı hökumətlə özəl bankla birgə fəaliyyət proqramı təqdim etdilər.Amma təəssüf ki, bizdə bu istiqamətdə ciddi addımlar olmadı.Həm istehlak, həm də biznes kreditləri ilə bağlı faizlərin hesablanması bu gün də davam edir.Halbuki, elə sahələr var mart ayından qapalıdır.Bura ictimai-iaşə və əyləncə müəsisələri, qeyri-ərzaq satışı ilə məşğul olan ticarət şəbəkələri daxildir.Bu sahədə çalışan biznesmenlərin də kredit borcları vardı.Yəni faizlə kreditlər götürüb müəyyən işlərini genişləndirməyə sərf etmişdilər.Ümumilikdə götürdükdə həm istehlak, həm də biznes kreditlərinin böyük hissəsinin geri dönüşündə artıq problemlər yaşanır.Çünki əhalinin də gəlirləri azalıb.Buna müvafiq olaraq onlar da kredit borclarının ödənişini gecikdirirlər.Biznesin də dövriyyəsi zəifləyib.Ona görə biznes kreditləri ilə bağlı ödənişlərdə də, əsasən də xidmət sahəsində ciddi problemlər var. Önləyici tədbirlər alınmadığı üçün payız aylarında bu problemləri daha qabarıq şəkildə görəcəyik.Belə ki, ciddi şəkildə problemli kreditlərin artımının şahidi olacağıq.Necə ki, bunu 2016-cı ildə gördük.İki devalvasiyadan sonra banklarda ciddi gərginlik yarandı. O dövrün son rəqəmlərinə görə problemli kreditlərin həcmi 18 faizə qədər artmışdı. Halbuki, dünyada bu göstərici 3 faizi keçəndə gəginlik yaradır.Bizdə isə dünyada qəbul olunmuş normadan 6 dəfə çox idi.İndi də 3 dəfə yüksəkdir.Rəsmi rəqəmlərə görə, hazırda problemli kreditlərin həcmi 9 faizə çatır.Amma burada bağlanan 4 bankın aktivlərini və passivlərini həmin hesabatdan çıxarıblar.Onun hesabına bu problem nisbətən sabitləşib.2016-cı ildəki problemi dövlət sonradan daha baha qiymətə həll etməyə məcbur qaldı.Həmin problemli kreditlərin həlli ilə bağlı məsələyə ümumilikdə 1.2 milyard manata yaxın vəsait sərf olundu”.

Ekspert hesab edir ki, zamanında qabaqlayıcı tədbirlər görülmədiyi üçün dövlət yenidən problemli kredit yükünün altına girməli olacaq:

"İndi də dövlət buna yenə məcbur olacaq. Əgər önləyici tədbirlər alınsaydı, problemin həlli daha ucuz başa gələrdi.Hətta bunun dövlət büdcəsinə ziyan vurmadan da həlli yolu var idi.Dəfələrlə təklif də etmişdik ki, faizlərin hesablanması həm əhali, həm də biznes üçün 6 ay dayandırılsın. Banklara dəyən zərərin əvəzinə isə, dövlət onları 1 il müddətinə bütün vergilərdən azad edilsin. Yəni əhali və biznesə 6 aylıq, banklara isə 1 il güzəşt edilir. Banklar bir il bütün vergilərdən azad edilir və Mərkəzi Bankdan sıfır fazilə kredit alınır. Nəticədə ilin ikinci yarısında yenidən faiz hesablanması başlanacaqdı və banklar itirdiklərindən daha çox qazanacaqdılar.Eyni zamanda bir ildən sonra banklar faizsiz götürdükləri kreditləri asanlıqla qaytaracaqdılar.Onsuz da Azərbaycanda kredit faizləri çox yüksəkdir.Sonda isə hər iki tərəf bu qərardan məmnun qalacaqdı.Lakin bunu etmədilər.Ona görə də bank sektorunda çox ağır bir durum yaranacaq.Bank sektorunda yaranmış problemləri isə dövlət ilin sonuna doğru daha baha qiymətə çözməyə çalışacaq.Çünki problemli kreditlərin həcminin kəskin artması ilə bank sektorunun fəaliyyət çevrəsi daralacaq.Bu da ümumi iqtisadiyyat çox ciddi ziyan vurur.Bank sektoru istənilən iqtisadiyyatın qan-damar sistemidir.Yəni qan- damar sistemində qan dövr etməyəndə insan necə halsızlaşırsa, eyniylə bank sektorunda maliyyə dövriyyəsi zəifləyəndə də iqtisadiyyat zəifləyir”.

Natiq Cəfərli onu da qeyd edib ki, post-pandemiya dövründə Azərbaycan iqtisadiyyatının tezliklə işə düşməsi fikri mifdir:

"Pandemiyadan sonrakı dövrdə Azərbaycan iqtisadiyyatının həmən işə düşəcəyi mifdir. Çox təəssüf ki, bəzi deputatlar və dövlət məmurları bu mifi yayırlar.Çünki iqtisadiyyat bir düymə ilə idarə olunan subyekt deyil.İqtisadiyyat daha qəlizdir.Azərbaycandakı mövcud durumu nəzərə alsaq, iqtisadiyyatın çarxlarının yenidən dönməsi çox böyük zaman alacaq.Ən yaxşı halda düz bir ildən sonra biz 2019-cu ilin ilkin nəticələrinə qayıda bilərik. Yəni ən azı 1 il, il yarım vaxt lazım olacaq. Bəzi ölkələrdə isə bu prosesin hətta 4 il vaxt alacağı indidən proqnozlaşdırılır. Ona görə də nə əhali, nə də biznes post- pandemiya dövründə o kreditləri qaytara bilməyəcək.Nəticədə yenə dövlət öz üzərinə müəyyən yük almağa məcbur qalacaq”.

Əli Bədir





Həftənin ən çox oxunanları