Yuxarı

Virus dolları da "öldürür”: "İnsanlarda valyutaya çevirəcək pul yoxdur”

Virus dolları da

Virus dolları da

İyunun 11-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 40,7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Lakin sonuncu valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 22,5% və ya 12 milyon dollar azalıb. 22,5% azalma kifayət qədər böyük göstəricidir.

"Cümhuriyət”ə açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov dollara tələbatın azalma səbəblərini izah edib:

"Dollara tələbin azalma səbəbləri müxtəlifdir. Yəni bu bir faktorun təsiri nəticəsində formalaşmır. Hazırkı yay mövsümündə daxili bazarlarda dollara tələbatı formalaşdıran faktorlardan biri xaricə turizm səfərləri idi. Cari şəraitdə, pandemiya dövründə bu səfərlər təxirə salınıb. Digər tərəfdən son 3 ayda Azərbaycan iqtisadiyyatı əhəmiyyətli dərəcədə kiçilib. Aylıq müqayisədə mart, aprel aylarında hər ay orta hesabla 30 faiz kiçilmə qeydə alınıb. May ayında da təxminən 27 faiz aylıq kiçilmə qeydə alınıb. Bu, o deməkdir ki, əhalinin gəlirləri əvvəlki səviyyədə deyil. Ölkə, vətəndaş və sahibkar qazana bilmir və onun valyutaya çevirəcək pulu yoxdur. Beləliklə də, bazarda xarici valyutaya tələb yaranmır. Bir də texniki səbəblər var. İnsanlar bankların qarşısında növbə gözləyirlər. Bu növbələrə də çox adam həvəs göstərmir və manatlarını dollara çevirmək istəmirlər. Bundan başqa, manatı dollar ekvivalentinə çevirmək üçün müəyyən limit qoyulub ki, bir nəfər ondan artıq valyuta dəyişə bilmir. Bu da dollara tələbatı azaldan bir faktordur. Bu bir kütlə psixologiyasıdır. Yəni gedirsiz banka ki, manatınızı dollara çevirəsiz, istidi, eyni zamanda pandemiyaya görə içəri buraxmırlar, siz növbələrdə gözləyirsiniz və orada sizə maksimum 500 dollar və ya 1000 manatın konvertasiyası imkanı yaradılacaq. Belə bir şəraitdə siz artıq evdən çıxmır və bu hərəkəti etmirsiz. İqtisadiyyatda, iqtisadi davranışlarla kütlə psixologiyası tamamilə üst-üstə düşür. Eyni zamanda valyuta hərracı keçirilən bir günün nəticələrinə görə ümumi dəyərləndirmə aparmaq da doğru deyil. Yəni nəzərə almaq lazımdır ki, valyuta bazarlarının iştirakçıları banklardır. Banklarda olan müxtəlif şəraitdən asılı olaraq da bu vəziyyət dəyişə bilir. Çünki ola bilər ki, hərrac keçirmək üçün bankın əlində kifayət qədər manat olmasın və buna görə də, hətta ümumi günlərdə sata biləcəyindən daha az valyuta alsın. Yəni ən müxtəlif faktorlar təsir edə bilər”.

Ekspert hazırkı vəziyyət üçün dollara tələbatın azalmasının birmənalı şəkildə müsbət nəticələri olduğunu deyib:

"Ümumi göstərici odur ki, dollara tələbat azalır. Bu bir tərəfdən zəif iqtisadi göstərici kimi təzahür edir. Amma digər tərəfdən requlyativ qurumlara daha əlverişli şərait yaradır və manatın məzənnəsinin indiki halda qorunub saxlanması, bu prosesin daha uzunmüddətli davam etməsi üçün şərtlər formalaşdırır. Buna görə də dollara indiki vəziyyətdə tələbatın azalması birmənalı şəkildə müsbətdir. Bu eyni zamanda valyuta bazarında tənzimlənməni həyata keçirən qurumlar üçün daha rahat şərait yaradır və məzənnənin sabit saxlanması ilə rezervlərin qorunub saxlanması mümkün olur”.

Əli Bədir





Həftənin ən çox oxunanları