Yuxarı

Pandemiya bitmədən: Vergilərin artırılmasının anonsu verildi

Pandemiya bitmədən: Vergilərin artırılmasının anonsu verildi

Pandemiya bitmədən: Vergilərin artırılmasının anonsu verildi

  • Qlobal iqtisadiyyatda ciddi geriləmənin olduğu bir vaxtda dünyanın əksər ölkələrində bərpa prosesi ilə bağlı təkliflər səslənir, güzəşt paketləri qəbul olunur.

Dövlətlərin iqtisadiyyatlarında baş verən geriləmələrin miqyası heç də kiçik deyil və bəzi ölkələrdə bu hətta II Dünya Müharibəsindən sonrakı rekord göstərici hesab olunur. Bu baxımdan da qlobal iqtisadiyyatın qısa bir zaman ərzində bərpa olunacağı gözlənilən deyil. Buna görə də iqtisadiyyatların bərpa olunması üçün təklif olunan güzəşt paketləri uzunmüddətli dövr üçün nəzərdə tutulur.

Dünya ölkələrində vergi güzəştlərindən danışıldığı bir vaxtda Azərbaycanda vergi dərəcələrinin artrılması müzakirə oluna bilər.

Belə ki, Operativ Qərargahın brifinqində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bu barədə danışıb.

O qeyd edib ki, yeni vergi dərəcələrinin artırılması hər il büdcə vergi siyasəti çərçivəsində növbəti il üçün müzakirə olunur:

"Bu il də növbəti ilin dövlət büdcəsi çərçivəsində büdcə vergi siyasətinin istiqamətləri müəyyən olunur. Hesablamalar, iqtisadi aktivlik nəzərə alınmaqla, İqtisadiyyat və Maliyyə nazirlikləri, aidiyyəti dövlət orqanlarının iştirakı ilə bəzi vergi dərəcələrinin artırılması da müzakirə oluna bilən məsələlərdəndir. Hələ bununla bağlı razılaşdırılmış qanun layihəsi olmadığına görə, hansısa parametr deyə bilməyəcəyəm. Bu, il ərzində baş verən proses deyil. Qanunvericiliyə hər hansı dəyişiklik ediləcəyi halda belə, bu, növbəti ilin dövlət büdcəsi çərçivəsində 1 yanvar 2021-ci il tarixdən qüvvəyə minən Vergi Məcəlləsinə dəyişikliklə əhatə olunacaq”.

Dövlət məmuru "iqtisadi aktivlik nəzərə alınmaqla” desə də, post-pandemiya dövründə iqtisadi aktivliyin nə dərəcədə olacağı sual doğurur.

Bu baxımdan da istər bu ilin qarşıda olan hissəsi, istərsə də növbəti il üçün vergi güzəştləri gözləndiyi bir vaxtda vergi dərəcələrinin artırılmasından danışılması nə qədər ədalətli yanaşmadır?

İqtisadçı Razi Abbasbəyli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanda 2019-cu ilin marı ayında "Sadələşdirilmiş vergi uçot hesabatlarının aparılması” haqqında Qanun qüvvəyə minib:

"Burada xüsusilə orta və kiçik sahibkarlıq subyektlərində vergi güzətlərinin tətbiqi nəzərdə tutulurdu. Bu kifayət qədər mütərəqqi bir addım idi. Regionlar üzrə faiz dərəcələrinin 2 faizdən 1,5 faizə endirilməsi, Bakı şəhəri üzrə sənaye müəssisələrində kiçik və orta sahibkarlıq üzrə uçot dərəcələrinin 1 faizə qədər aşağı salınması ilə bağlı təkliflər var idi və bu qanunla müəyyən qədər tənzimləndi. 2020-ci ildə isə vergi güzəştləri və ya vergilərin azaldılması ilə bağlı hər hansı təşəbbüsə rast gəlmədik. Hazırkı durumda isə hansısa dövlət məmurunun post-pandemiya dövründə uçot dərəcələrinin artırılmasından danışması yolverilməzdir”.

İqtisadçı deyir ki, son 6 ay ərzində Dövlət Neft Fonduna daxil olan gəlirlərin 40 faizdan çox azalması müşahidə olunub:

"Eyni zamanda ümumdaxili məhsulda 3 faizə qədər kiçilmə baş verib. Eləcə də qonşu ölkələrdə və bütün dünyada baş verən prosesləri - ticarət münasibətlərində, iqtisadiyyatlardakı kiçilmələri nəzərə alsaq, ölkədaxilində vergi dərəcələrinin artırlması Azərbaycanda həm bütövlükdə iqtisadiyyat, həm də kiçik və orta sahibkarlıq üçün böyük zərbə ola bilər. Çalışmaq lazımdır ki, uzunmüddətli güzəşt proqramları nəzərdə tutulsun”.

Qlobal iqtisadiyyatda azalmanın 10 faizə qədər yüksəldiyini deyən Razi Abbasbəyli Azərbaycanın da neft ölkəsi olaraq zərər görməkdə olduğunu qeyd edir:

"Məlumdur ki, son bir neçə ildə neftin qiyməti proqnozlardan kifayət qədər aşağı olub. Müəyyən mənada dövlətin gəlirləri azalıb, daxildə rentabelli olmayan layihələrə vəsaitlərin ayrılması da onların səmərəsiz istifadəsinə gətirib çıxarıb. Bu baxımdan da hazırkı durumda ümumiyyətlə vergi dərəcələrinin artırılması ilə bağlı məsələdən danışılması, hətta bu gələcəkdə həllini tapmayacağı təqdirdə də psixoloji olaraq zərərlidir. İqtisadiyyatımız üçün təhdiddir”.

Ekspert deyir ki, müəyyən mərhələ üçün bir sıra ölkələrdə - ABŞ-da, Avropa Birliyi ölkələrində, Türkiyədə, Moldaviyada post-pandemiya dövründə vergi uçot dərəcələrində uzunmüddətli güzəştlərin reallaşdırılması nəzərdə tutulur:

"Hesab edirəm ki, Azərbaycanda da post-pandemiya dövrü üçün vergi güzəştlərinin də nəzərə alındığı təkliflər paketi hazırlanmalıdır”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları