Yuxarı

Yeni gömrük qərarı ciddi narazılıq yaratdı: Pandemiyada vətəndaşa zərbə

Yeni gömrük qərarı ciddi narazılıq yaratdı: Pandemiyada vətəndaşa zərbə

Yeni gömrük qərarı ciddi narazılıq yaratdı: Pandemiyada vətəndaşa zərbə

Pandemiya dövründə, dövlət tərəfindən əhaliyə müxtəlif güzəştlərin gözlənildiyi bir vaxtda Nazirlər Kabineti tərəfindən əksinə, daha əvvəl edilən güzəştlərin də aradan qaldırılması və vətəndaşların sosial rifahına təsir edə biləcək addımlar atılır.

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”-na dəyişikliklər edilib.

Belə ki, həmin dəyişiklərə görə, əgər bundan əvvəl fiziki şəxlər rüsum ödəmədən ölkənin gömrük ərazisinə ayda bir dəfə ümumi gömrük dəyəri 1500 ABŞ dollarından (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dollarından) artıq olmayan mal gətirə bilirdilərsə, bundan sonra rüsumsuz gətirilə biləcək malın ümumi dəyəri təxminən ikiqat azaldılaraq 800 ABŞ dollar ekvivalentinə bərabər edilib. Həmçinin, əgər bundan əvvəl beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində rüsum tutulmayan malların ümumi dəyəri 1000 ABŞ dolları idi isə, bundan sonra həmin hədd üç dəfədən də çox azaldılaraq 300 ABŞ dolları ekvivalentinə bərabər edilib.
Qərar ciddi narazılıq doğurub.

Qeyd edək ki, deputat Elnur Allahverdiyev yerli mətbuata açıqlamasında qərarın dövlətin iqtisadi siyasət fəlsəfəsi ilə ziddiyyət təşkil etdiyini bildirib: "Yəni bu 1500 ABŞ dolları nə böyük rəqəmdir ki, onu da endirib 800 dollara salmışıq? Aydın məsələdir ki, bu qərar güzəranını xırda biznesə bağlamış vətəndaşların dolanışığına ciddi zərbə vuracaq. Gəlin ticarəti qoyaq kənara, tutaq ki, sıravi vətəndaş xaricdən qiyməti cəmi 1000 dollar olan əşya və yaxud ailəsinə geyim alıb. Bundan gömrük rüsumu tutmaq absurd deyilmi? Gömrüklə bağlı qəbul edilən bu dəyişiklik çox ciddi yanlışlıqdır”.

Millət vəkili əlavə edib: "Görəsən, Dövlət Gömrük Komitəsi bu cür təkliflər irəli sürəndə hansı "mötəbər” informasiyaya, iqtisadi təhlillərə əsaslanır, dövlət büdcəsinə nə qədər əhəmiyyətli əlavə rüsum toplamaqla töhfə verəcəyini düşünür?”

İqtisadçı Razi Abbasbəyli də "Cümhuriyət” qəzetinə açıqlamasında qərarın pandemiya dövründə vətəndaşlar üçün ağır zərbə olduğunu bildirib: "Hazırda, xüsusilə də "COVID-19” pandemiyasının yayılmasından sonra bütün dünyada elektron ticarət böyüməkdədir. Əgər ötən il dünyada elektron ticarət dövriyyəsi 600 milyard dollar idisə, 2020 -ci ilin sonuna qədər bunun 1 trilyon dollar həcmində olacağı proqnozlaşdırılır. Azərbaycanda 2020-ci ilin yanvar-iyul aylarında elektron ticarət dövriyyəsi 1,8 dəfə artıb. Bu artımın bir sıra obyektiv və subyektiv tərəfləri var. Səbəblərdən biri ölkədaxilində gömrükdə olan inhisarçılıqdır. Vətəndaşlar inhisarçı bazar iştirakçılarının əlindən keyfiyyətli və daha ucuz məhsullar əldə edə bilmədikləri üçün elektron ticarət şəbəkələrindən istifadə edirlər. Bu, nəticə etibarilə sosial cəhətdən daha aşağı olan təbəqə, eləcə də kiçik və orta sahibkarlar üçün əlverişli idi. Hesab edirdik ki, post-pandemiya dövrü üçün hökumət elektron ticarətin inkişafı üçün mütərəqqi qərarlar verəcək. Amma çox təəssüf ki, mütərəqqi addımlar gözlədiyimiz halda belə bir qərar verildi”.

İqtisadçı deyir ki, burada mübahisə doğuran bir məqam da var: "Qərarda bir nəfər üçün xaricdən sifariş edilən rüsum tutulmayan malların həcmi 300 dollar kimi təqdim olunur. Lakin bir ay ərzində eyni ünvandan 50 dollarlıq məhsul sifariş edildikdə belə, 300 dollarlıq limit bitmiş hesab olunur. Əgər sifariş edilən məhsulun dəyəri 310 dollar ekvavalentində olsa, əlavə olaraq üzərinə 36 faiz vergi rüsumu gələcək. Bu isə kifayət qədər böyük rəqəmdir”.

Son zamanlar Azərbaycanda elektron ticarətlə bağlı satış, çatdırılma, daşınma şirkətlərinin işində irəliləyiş baş verdiyini deyən Razi Abbasbəyli sonuncu qərarın elektron ticarət sahəsində olan kiçik sahibkarların öz fəaliyyətlərini yenidən qurmaq haqqında düşünməyə vadar edəcəyini bildirib: "Post-pandemiya dövrünə hazırlaşan dövlətlər üçün bütün bu məqamlar arzuolunan deyil. Hətta xatırladım ki, bu gün 800 dollara salınan limit 2015-ci ildə 10000 dollara qədər idi”.

İqtisadçı deyir ki, elektron ticarətlə bağlı son qərar 2005-ci ildə verilib və bu sahədə qanunvericilikdə ciddi boşluqlar var: "Qanunvericilikdə vergi və digər rüsumların dövlət tərəfindən toplanması mexanizmi yoxdur. Daxili bazar iştirakçıları üçün nəzərdə tutulan vergi və rüsumları elektron ticarətə tətbiq etmək mümkün deyil. Dünyanın bir sıra dövlətlərində bunun mükəmməl hüquqi bazası yaradılıb. Arzuolunandır ki, birinci növbədə qanunvericilik bazası daha mütərəqqi formada təşkil olunsun. Bazanı vətəndaşların kiçik sahibkarların mənafeyinə uyğunlaşdırmaq lazım idi. Daha sonra isə şəxsi istehlak məqsədilə elektron ticarət iştirakçıları üçün əlavə normativ hüquqi aktlar tərtib olunmalı idi. Amma qanunvericilik bazası olmadığından 36 faizlik rüsum şəxsi istehlak məqsədilə elektron ticarət iştirakçılarına da, sahibkarlara da tətbiq olunur. Hansı ki, şəxsi istehlak məqsədilə sifariş edənlər buradan gəlir üçün istifadə etmir. Təəssüf ki, bizdə hər zaman olduğu kimi qanunvericiliyin təkmiləşdirilməsi deyil, əvvəlcə rüsumun artırılması haqqında düşünülür. Bununla da monopoliyaya, inhisarçılığa, vətəndaşın rifah səviyyəsinin ağırlaşmasına səbəb olacaq addımlar atılır”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları