Yuxarı

Vahid tarif bahalaşma yaradacaq?

Vahid tarif bahalaşma yaradacaq?

Vahid tarif bahalaşma yaradacaq?

Prezident İlham Əliyev optimallaşdırma və özəlləşdirmə tədbirlərinə çağırışlarından sonra ölkənin iqtisadi sistemində ciddi dəyişikliklərin olacağına ümid yarandı.

Bu zaman bir sıra sahələrdə, eləcə də kommunal sahələrdə xidmətlərin keyfiyyətinin yaxşılaşacağı, qiymətlərin isə ucuzlaşacağı gözləntisi yarandı. Bakı Nəqliyyat Agentliyinin digər müvafiq qurumlarla birlikdə təqdim etdiyi "taksi konsepsiyası” isə, nəinki bu sahədə durumun pisləşəcəyi ilə bağlı mövqe formalaşdırdı, hətta liberallaşma istiqamətində ortaya atılan digər təkliflərin də reallaşacağına ümidləri azaltdı.

Taksi xidmətlərinin tənzimlənməsi, vahid tarifin tətbiqi ilə bağlı konsepsiya bahalaşma və inhisarçılıq kimi xarakterizə olundu. Eləcə də bu qərarın sərbəst şəkildə taksi fəaliyyəti göstərənlərə təsir edəcəyi bildirilir, el arasında "manatlıq” kimi adambaşına qiymət tətbiq edən taksilərin isə sıradan çıxacağı qeyd olunur. Təsadüfü deyil ki, Bakı Nəqliyyat Agentliyinin Hüquq şöbəsinin müdiri Hikmət Babayev də həmin taksilərin fəaliyyətini tənqid etmişdi:

"Ekspress taksilər birbaşa marşrut üzrə hərəkət edəcək. Bu taksilər fəaliyyətə başlayandan sonra pərakəndə halda işləyən "1 manatlıq taksi"lərin fəaliyyətinin qarşısı alınacaq. Ekspress taksilər sərnişinlər üçün tənzimlənən formada fəaliyyət göstərəcək”.

BNA yetkilisi "1 manatlıq taksi"lərin əksəriyyətin "cibinə uyğun" olmasına "göz yumaraq, onların maneçilik törətməsini qabartmağı da lazım bilib:

"Həmin taksilər tənzimlənmədiyindən avtobus dayanacaqlarına daxil olur, dayanacaqlarda və yollarda tıxaclar yaradır. Bu da sərnişin və sürücülərin haqlı narazılığına səbəb olur”. Doğrudur, BNA təmsilçisi bu açıqlamasına görə cəzalandırılıb və vəzifəsindən azad olunub. Ancaq vahid tarifin bahalaşma yaradacağına dair müzakirələr səngiməyib.

Onu da qeyd etmək olar ki, hökumətin dərman preparatlarının qiymətlərində də "vahid tarif” tətbiqindən sonra da bəzi dərmanların qiymətində bahalaşma müşahidə olunmağa başlandı.

Vahid tarif niyə bahalaşmaya gətirib çıxarır?

İqtisadçı Akif Nəsirli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, vahid tarifin tətbiqi bazara müdaxilədir:

"Vahid tarif qiymətin diktə olunmasıdır. Ümumiyyətlə, vahid tarifin tətbiq olunması, hökumətin qiymətləri nəzarət altına alması bazar iqtisadiyyyatı üçün yolverilməzdir. Bazar iqtisadiyyatına keçid dövründə bir çox ölkələrdə qiymətlərə nəzarət edilməsi təcrübəsi olub. Amma hədəf həmin qiymətlərin mərhələli şəkildə liberallaşdırılmasına yönəlməlidir. Əgər bu gün Azərbaycan hökuməti elan edirsə, "biz bazar iqtisadiyyatına keçidi başa vurmuşuq”, o zaman ölkədə dövlət tərəfindən nəzarət altında olan qiymət olmamalıdır. Bütün qiymətlər liberal olmalı, yəni onları bazar tənzimləməlidir. Əgər bu gün biz taksi qiymətlərinin vahid tariflə tənzimlənməsini istəyiriksə, deməli, geriyə addım atırıq, inzibati amirlik sistemi ilə iqtisadiyyatın idarə edilməsinə, bir sözlə, Sovet dönəminə qayıdırıq”.

İqtisadçı deyir ki, indiki şəraitdə bunun ciddi fəsadları olacaq:

"Özəl taksi şirkətləri, öz təşəbbüsü ilə vətəndaşların göstərdikləri taksi fəaliyyətləri sıradan çıxacaq. Bazarda yalnız iri şirkətlər duruş gətirib, qala biləcək ki, bu da ölkədə mikrosahibkarlığın qarşını alan amillərdən biridir. Ümumiyyətlə, əgər ölkə iqtisadiyyatının bazar iqtisadiyyatı modeli ilə çalışmasını elan ediriksə, hədəfimiz qiymətlərin liberallaşdırılması, rəqabət mühitinin formalaşdırılması olmasıdır. Hökumətin nəzarətinə olan qiymətlər bir yana qalsın, digər tərəfdən ölkədə iqtisadi inhisarçılar var ki, onların da nəzarətində olan qiymətlər var. Hökumət bu gün həmin inhisarçıların qiymətə təsirini aradan qaldırmaq barədə düşünməlidir, nəinki iqtisadiyyatın bir sektoruna vahid qiymət tətbiqinə getmək. Bu, bazar iqtisadiyyatı şəraitində yolverilməz və geriyə addımdır”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları