Yuxarı

İqtisadi azalma: Tendensiya nə qədər davam edəcək?

İqtisadi azalma: Tendensiya nə qədər davam edəcək?

İqtisadi azalma: Tendensiya nə qədər davam edəcək?

Dövlət Satatistika Komitəsinin yaydığı məlumata görə, 2020-ci ilin yanvar-sentyabr aylarında ölkədə 52 milyard 74,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz az ümumi daxili məhsul istehsal olunub.

Qeyd edək ki, 2020-ci ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatının 3 faiz azaldığı açıqlanıb. 9 ay ərzində iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,4 faiz, neft-qaz sektorunda isə 6,4 faiz azalıb.

ÜDM istehsalının 34,7 faizi sənaye, 11,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 7,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,3 faizi tikinti, 2,0 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 5222,5 manata bərabər olub. Qeyd edək ki, bir qədər əvvəl 2020-ci ilin yekunlarına dair iqtisadi azalmanın faizi ilə bağlı daha nikbin proqnozlar verilməyə başlanmışdı. Karantin tədbirlərinin yumşalması, bir sıra sahələrin açılması prosesə daha nikbin yanaşmağa əsas verirdi. Hətta İqtisadiyyat naziri Mikayıl Cabbarov da ötən ay bildirmişdi ki, əgər may-iyun aylarında 4,5,-4,7% iqtisadi geriləmə gözlənilirdisə, artıq həmin rəqəmi 3,5-3,7% arasında gözlənilir:

"Koronavirus pandemiyasına görə bu il Azərbaycanda Ümum Daxili Məhsulun (ÜDM) azalması gözlədiyimizdən az olacaq”.

Bir ay sonra isə ÜDM-in azalma faizində artım müşahidə olunmağa başlandı.

Bu tendensiya davam edəcəkmi?

İqtisadçı Akif Nəsirli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanda ÜDM-in azalmasına təsir edən faktor yalnız koronavirus pandemiyası deyil:

"Əvvəlki illərdə ÜDM-in artım tempini təşkil edən sahə neft-qaz sahəsi idi. Əsasən də neft hasilatı idi. Son aylarda neft hasilatında da azalma davam etdi. Digər tərəfdən isə pandemiya bu məsələyə "öz töhfə”sini verdi. Bütün bunlarla yanaşı Azərbaycanda iqtisadi inkişafı boğan daxili problemlər mövcuddur”.

İqtisadçı hesab edir ki, qarşıdakı aylarda da ÜDM-in azalma tendensiyası davam edəcək:

"Çünki, bu tendensiyanı şərtləndirən amillər zəifləməyib. Bir tərəfdən koronaviusla bağlı karantin rejimi sərtləşdirilib, digər tərəfdən isə neft hasilatı azalmaqda davam edir və daxili iqtisadi problemlər də qalmaqdadır. Düşünürəm ki, Dövlət Statistika Komitəsinin göstərdiyi rəqəmlər aşağı göstərilib. Bu azalma daha yüksəkdir”.

Qeyd edək ki, ekspertlər hesab edirlər ki, qeyri-leqal sahələrdə baş verən azalmalar Dövlət Statistika Komitəsinin məlumatlarında öz əksini tapmır. Koronavirus pandemiyasının zərbə vurduğu sahələr arasında qeyri- leqal sahələrinin payı da kifayyət qədər yüksəkdir ki, bunların arasında turizm, ictimai-iaşə, qeyri-ərzaq ticarəti sahələri ilk sıralardadır.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları