Yuxarı

Qlobal iqtisadiyyatda kiçilmə: Risk arxada qaldı?

Qlobal iqtisadiyyatda kiçilmə: Risk arxada qaldı?

Qlobal iqtisadiyyatda kiçilmə: Risk arxada qaldı?

Bir neçə ay əvvəl cari ilin iqtisadi yekunu göstəriciləri ilə bağlı daha bədbin proqnozlar verilirdisə, indi ilin sonuna dair gözləntilərdə yumşalma hiss olunmaqdadır.

Beynəlxalq Valyuta Fondu (BVF) proqnozlar hesabatının Oktyabr 2020 sayını yayımlayıb. Hesabatda, qlobal iqtisadiyyatın aprel ayındakı "böyük karantin" zamanı yaşadığı azalmanın dərinliklərindən yüksəlişə keçdiyi qeyd edilib.

Yeni növ koronavirus (Kovid-19) epidemiyasının yayılmağa davam etdiyi və bir çox ölkənin normallaşma müddətini yavaşlatdığı qeyd edilən hesabatda, "Çində toparlanma gözləniləndən daha sürətli reallaşarkən, qlobal iqtisadiyyatın pandemiya əvvəli fəaliyyət səviyyəsinə "axsaq" geri dönüşü davam edir" ifadəsi istifadə edilib.

Hesabatda, daha əvvəl 5,2% kiçilməsi gözlənilən qlobal iqtisadiyyatın bu il 4,4% azalacağı təxmin edilib. Hesabatda, qlobal iqtisadiyyatın 2021-ci ildə isə 5,2% artacağı təxmin edilib. Gələn ilə dair artım proqnozu daha əvvəl 5,4% olaraq nəzərdə tutulmuşdu. Məlum olduğu kimi, bir qədər əvvəl koronavirus pandemiyasının yayılması ilə əlaqədar olaraq, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələri ilə dünyanın əksər ölkələrində ciddi karantin tədbirləri həyata keçirilmişdi.

Daha sonra sözügedən təşkilat ölkələrə tövsiyyə etdi ki, karantin tədbirlərinin lokal formada həyata keçirilməsi ilə pandemiya ilə mübarizə aparmaq mümkündür. Belə olduğu təqdirdə dünya ölkələrinin iqtisadiyyatları nisbətən açılmağa, ölkələrarası əlaqələr bərpa edilməyə başlanıldı. Amma bu bərpanın pandemiyadan əvvəlki səviyyəyə çatmadığı da məlumdur. Digər tərəfdən isə payız aylarında virusun ikinci dalğasının başlanacağı ilə bağlı məlumatlar yayılmaqdadır.

Beləliklə, cari ilin yekunlarına dair qlobal iqtisadiyyatın kiçilmə faizi ilə bağlı proqnozların daha nikbin xarakter alması əsaslıdırmı?

İqtisadçı Pərviz Heydərov "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, indiki halda heç bir proqnoz mütləq xarakter daşımır:

"Proqnoz verilərkən, həmin proqnozun verildiyi anın durumu nəzərə alınmalıdır. Bir müddət öncə Beynəlxalq Valyuta Fondunun cari il üçün qlobal iqtisadiyyatda geriləmənin daha çox olacağını proqnozlaşdırması onunla əlaqədar idi ki, həmin vaxt dünya iqtisadiyyatında olan vəziyyət indikindən daha pis idi. Faktiki olaraq, bütün ölkələrdə karantin rejimi hökm sürürdü, iqtisadiyyatın əksər sahələri dayanmışdı. Həmin vaxt dünyanın aparıcı ölkələrinin iqtisadiyyatların donduğunu nəzərə alsaq, demək olar ki, Dünya Valyuta Fondunun, eləcə də digər beynəlxalq təşkilatların proqnozları həmin şəraitə əsaslanırdı. Amma artıq həmin ağır vəziyyət aradan qalxıb, bir çox ölkələrdə karantin rejimi ləğv olunub, dondurulan iqtisadi sahələr bərpa olunub. Ölkəmizdə də baş verən prosesləri müşahidə etsək, vəziyyət aydın olur. Bu baxımdan da indi verilən proqnozlar əvvəlkilərdən fərqlənməlidir və fərqlənir də”.

İqtisadçı deyir ki, Azərbaycan iqtisadiyyatı ilə bağlı da cari il üçün daha əvvəl verilən proqnozlar daha bədbin xarakter daşıyırdı, indi isə proqnozlar daha yumşaq xarakter alıb:

"Aprel-may aylarında yaranmış vəziyyətlə əlaqədar olaraq, güman olunurdu ki, ilin sonuna qədər Azərbaycanda ümumdaxili məhsul istehsalının həcmi 3-4 faiz aşağı düşəcək. İlin birinci yarısı başa çatdı, yekunda məlum oldu ki, iqtisadi tənəzzül cəmi 2,8 faizdir. İlin ilk səkkiz ayının nəticələri də iqtisadi tənəzüllün elə də yüksək olmadığını - təxminən 3 faiz olduğunu göstərdi. İndi oktyabr ayının ortaları olduğunu nəzərə alsaq, ilin yekunu üçün aprel-mayda gözlədiyimiz qədər kəskin enişin olmayacağını inamla söyləyə bilərik. Bu baxımdan da Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq maliyyə qurumlarının qlobal iqtisadiyyatla bağlı ilin sonuna dair proqnozları nisbi xarakter daşıyır”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları