Yuxarı

Artan proqnoz və neft bazarına təhdid

Artan proqnoz və neft bazarına təhdid

Artan proqnoz və neft bazarına təhdid

Ötən həftə neft qiymətlərinin yenidən ucuzlaşmasına baxmayaraq, beynəlxalq şirkətlərdən nikbin proqnozlar verilməkdədir.

Qlobal investisiya bankı "Goldman Sachs”-ın analizinə görə, dünyanın ən böyük neft istehsalçılarından biri olan Səudiyyə Ərəbistanı 2021-ci ilin dövlət büdcəsini müzakirə edir və müzakirələrdə neftin barelinin qarşıdakı 3 il ərzində 50 dollar ətrafında olacağı proqnozu diqqəti çəkir.

Marja xəbər verir ki, Goldman-ın analitiklərindən Faruk Soussa mövzu ilə əlaqədar "Biz Səudiyyə Əərəbistanının büdcəsini 2020 - 2023-cü illər arasında neftin barelinin 50 dollar ətrafında olacağı ssenarisinə görə hazırlandığını hesablamışıq"-deyib. Goldman-ın hesablaması Misir bankı "EFG Hermes”-in təxminləri ilə də uyğunlaşır. Bank, Səudiyyə Ərəbistanının neft qiymətini 50 - 55 dollar arasında əsas götürərək gələn il üçün büdcə hazırlayacağını hesablamışdı. Goldman-ın özü Brent neftin qiymətlərin 2021-ci ilin sonunda 65 dollara yüksələcəyini nəzərdə tutur.

Onu da əlavə edək ki, ötən həftə ABŞ Prezidenti Donald Trampın koronavirusa yoluxduğu məlum olduqdan sonra Brent neftin qiyməti 6.3% düşərək 39.27 dollar geriləyib.
Məlumdur ki, Azərbaycan iqtisadiyyatı neftdən asılı olan iqtisadiyyatdır. Neftin qiymətinin 50, 55, hətta 65 dollara yüksələcəyi ilə bağlı proqnozlar əsaslıdırmı? Bu baş verərsə,

Azərbaycanın gəlirləri nə qədər artacaq?

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, mövcud durumda həm yaxınmüddətli, həm də uzaqmüddətli perespektiv üçün neftin qiyməti ilə bağlı proqnoz vermək çətindir: "Bu da birbaşa pandemiyanın doğurduğu fəsadlarla bağlıdır. Neftin qiyməti maliyyə bazarlarındakı vəziyyət və tələb təklif balansının bərpasından asılıdır. İndiki halda hər iki halda neftin qiyməti dəqiq proqnoz altında deyil. O zaman neftin qiymətində sıçrayış olacaq ki, bütün neft məhsullarına təlabat ən azı pandemiyadan əvvəlki vəziyyətə gəlib çatsın. İyun ayından başlayaraq müxtəlif banklar, investisiya şirkətləri proqnoz verirdilər ki, ilin sonunadək neftin qiyməti 50 dollar ətrafında olacaq. İyun-iyul aylarında neftin qiymətində əhəmiyyətli sıçrayış olsa - 46 dollara qədər yüksəlsə də, indi enişlər müşahidə olunur. Onu da qeyd etmək lazımdır ki, müşahidə etdiyimiz qiymətlər füçers qiymətləridir. Əgər füçers bazarlarında neftin qiyməti 40 dollardan aşağıdırsa, fiziki bazarlarda bundan hardasa 10 dollar aşağı satılır”.

Ekspert deyir ki, neftin qiymətini təyin edən əsas faktorlardan biri də neft emalı zavodlarıdır: "Hazırda neft emalı zavodlarının xammalla yüklənməsinin 75 faizdən aşağı olması neftə tələbatın aşağı olmasının göstəricisidir. İyun-iyul aylarında avtomobil benzininə, dizel yanacağına, reaktiv yanacağa təlabatın artacağı gözlənilirdi, amma bunun şahidi olmadıq. Bütün bunlar neft emalı zavodlarının gəlirlə işlənməsinin qarşısı alır. Təlabat aşağı olduğundan dünyanın bütün likvidli ticarət meydanlarında həm xam neft həcmləri, həm də neft məhsulları həcmləri durmadan artır. Əgər karantin tədbirləri yumşalarsa, ölkələrarasında quru sərhədlər açılarsa, işgüzar aktivlik artarsa, o zaman neftə və neft məhsullarına tələbat da artacaq”.

Zəfər Vəliyev deyir ki, neft, kimya məhsullarına təlabat olan sahələrdən biri də tikinti sektorudur: "Tikinti sektorunda da inkişaf olarsa, bu da neftə olan tələbatın artmasına gətirib çıxaracaq. Bunun da neftin qiymətinə təsirləri olacaq”.

Mütəxəssisin sözlərinə görə, , OPEC qarşıdakı aylarda həm tələb-təklif balansını qorumalıdır, həm də maliyyə bazarlarının neftin qiymətini təyin etmək qabiliyyəti artırılmalıdır: "OPEC və mütəfiq dövlətlər ilk növbədə bazarda tələbatdan artıq neft həcmlərini yığışdırmalıdırlar. Eyni zamanda onlar öz hasilat həcmlərini deyil, ixrac həcmlərini nəzarətə götürməlidirlər. Bu gün Vyana sazişinin iştirakçısı olan hər bir ölkə üçün gündəlik hasilat tavanı müəyyənləşdirilib. Ondan ümumiyyətlə imtina etmək və bu tavanı ixraca keçirmək lazımdır. Çünki neftin qiyməti sutkalıq hasilat həcmi ilə deyil, ixrac həcmləri ilə müəyyən olunur. Ümumiyyətlə, Vyana sazişi qlobal neft bazarlarının tənzimlənməsində ən uğurlu formatıdır. Bunun alternativini görmürəm”.

Zəfər Vəliyev deyir ki, oktyabr ayından başlayaraq, Liviya ixrac həcmlərini artıracaq ki, bu da bazara öz təsirini göstərəcək: "Təlabatdan artıq istənilən neft həcmləri bazarı təhdid edir. Ən böyük neft idxalçısı olan Çinin özündə də həm dövlət, həm də özəl emal zavodlarının tələbatı aşağıdır. Hər halda qarşıdakı aylarda bütün məsələlər dünya iqtisadiyyatındakı vəziyyətdən və OPEC və mütəfiq ölkələrin bazarın tənzimlənməsi ilə bağlı götürdükləri öhdəliklərin hansı formada yerinə yetirilməsindən asılı olacaq”.

Enerji məsələləri üzrə mütəxəssis deyir ki, neft və neft məhsullarına, həm də neft kimya məhsullarlıq təlabat artarsa, bu neft ixracaatçısı olan Azərbaycana daxil olan neft gəlirlərinin indiki səviyyə ilə müqayisədə bir neçə dəfə artması demək olar: "Hazırkı durum əsasən neft ixrac edən dövlətlərə ziyan vurur. OPEC və OPEC+ ölkələrinin əksəriyyətinin xarici ticarət dövriyyəsində neft və neft-kimya məhsulları müstəsna rol oynayır. Bir neçə ssenari mövcuddur. Hər halda, gələn il mərhələli şəkildə qlobal neft bazarlarında vəziyyət indikindən fərqlənəcək və qiymətlərdə müəyyən artımlar müşahidə olunacaq”.
Xatirə Nəsirova





Həftənin ən çox oxunanları