Yuxarı

Vasif Əlihüseyn: "Pul naminə elələrini şedevrə çevirirlər ki..."

Vasif Əlihüseyn:

vasif Elihuseyn

Payızın ən gözəl anı ayrılıqdı deyir, Vasif Əlihüseyn. O, ömrünün bahar çağında payız anını az yaşamadı. Bəlkə də bü gün Vasifi ədəbiyyata bağlayan bu payız məqamlarıdır... Onu bir gənc yazar kimi tanımaq bizə də, oxuculara da maraqlı oldu. Bu gün həmsöhbətimiz Vasif Əlihüseyndir. Gənc şairin özünü dinləyək.

-Ədəbiyyatda Vasif Əlihüseyn kimdir?

-Ümumiyyətlə, ədəbiyyatda mən özümü  məşhur, böyük, dahi sanmıram. Düşünürəm ki, hələ buna haqqım yoxdu. Çünki mən yaradıcılığımın çiçəklənən dövründəyəm. Yəni adi bir yazar kimi özüm üçün yazıram desəm, daha düzgün olar.

-Oxucu üçün yazırsınız, yoxsa özünüz üçün?

-Əlbəttə özüm üçün. Kim deyirsə özüm üçün yazmıram, inanın ki, o, yalan deyir. Bütün yazarlar özləri üçün yazır. Onu kim oxuyacaq, kim oxumayacaq artıq bu yazarın marağında deyil.

-Ədəbiyyatı xobbiyə yox, peşəyə çevirmək ona uğur gətirər, yoxsa uğursuzluq?

-Bilirsiniz, mən şairəm, yazıçı deyiləm ki, əsərlərimi satıb pul qazanım. Mən sırf ədəbiyyatla məşğul olsam, inanın mənim maddi vəziyyətim  inanılmaz dərəcədə pis olar. Çünki bizim ölkədə şeirə və şairə dəyər verən yoxdu.

-Onda sizin fikrinizcə, hamı xobbi kimi şeir yazır?

-Hamı yox, mən xobbi olaraq şeir yazıram.

-Deyirlər, yaşlı nəsil cavanlara işıq yolu göstərmir. Siz də belə bir problem yaşamısınız ədəbi mühitdə?

-Biz 2009-cu ildə Qəşəm Nəcəfzadənin yaratdığı “PƏRVANƏ” ədəbi məclisinə yığılırdıq, yəni indiki gənc yazarları deyirəm. Bəlkə də kimsə bunu dana bilər, amma mən açıq deyirəm, o ədəbi məclisin mənim həyatımda rolu böyükdür. Mən “Pərvanə”də şair oldum. Ümumiyyətlə, ədəbi dərnək görməyən şair və yazıçının yaradıcılığını ciddi qəbul edə bilmirəm. Sualınıza gəldikdə isə, gənclərin dostu deyərdim mən Qəşəm Nəcəzfadəyə. O ədəbi məclisdə Balayar SADIQ də mənə dəstək olub. Hamısı çox sağ olsunlar.

-Vasifin yaradıcılığında tənqidin və tənqidçilərin rolu nə dərəcədə var?

-Mənim haqqımda məqalə kimi heç bir yazı yazılmayıb. Amma müxtəlif qələm mənə çoxlu tövsiyələr veriblər. Buna baxmayaraq, mən tənqidə olduqca açıq adamam. Əgər sağlam tənqid olunaramsa, mən ondan küsmərəm, nəticə çıxararam.

Tənqidçilərin özünü indiki dövrdə tənqid etmək lazımdır.(gülür) Onlar kimi tənqid edirlər görəsən?!(kinayə ilə) İndiki tənqidçilər pul naminə elə cılız adamları şedevrə çevirirlər ki, sözlərində, adam lap onların istedadına “heyran qalır”. Indi 99% tənqidçilər gözümdən düşüb. Məsələn, artıq Vaqif Yusifli çox adiləşib. Bu pul alıb yazı yazanlar, ya da kiminsə qohumudur deyə hörmət edim missiyasını yerinə yetirən tənqidçilər sırasına Əsəd Cahangir, Vaqif Yusifli və s. çox adları əlavə etmək olar. Yenə deyirəm onları qınamaq olmur. Çünki hamısı bunu yalnız qazanc üçün edirlər. Bunun da yaranma səbəbi ədəbiyyata qayğısızlıq və diqqətsizlikdi.

-Ədəbiyyat naminə xidmət göstərən ədəbi qurum tanıyırsınız?

-Bəli, tanıyıram. “AZƏRBAYCAN YARADICILIQ FONDU”

-Yaradıcılığa nə ilə başlamısınız?

-Şeirlə.

-Axıra qədər şeirlə getmək istəyirsiniz?

-Bəli, mən şairəm. Şair də şeir yazar.

-Qəzəbdən şeir yazmısınız?

-Xeyr. Heç vaxt yazmamışam.

-Bəs sevgidən?

-Bəli, əlbəttə. Çoxlarına həsr etdiyim şeirlər olub. Amma onların indi nə adını çəkə bilərəm, nə də oxuya bilərəm.(gülür)

-Yaradıcılığınızın dönüş nöqtəsi olan şeir varmı?

-Bəli, var. “Kardioqram” şeiri mənə uğur gətirdi. Gənc Ədiblər məktəbində onluğa düşdüm.

-Kimləri oxuyursunuz?

-Mən hal-hazırda Nazim Hikməti oxuyuram. Gənclərimizdən isə Fərid Hüseyni və Şəhriyar Del Gəranini oxuyuram. Fərid Hüseyn sırf ədəbiyyatla məşğul olduğu üçün daha yaxşı inkişaf edir ədəbi mühitdə.

Desəm ki, Şəhriyar yaxşı dostdur yalan, olar. Amma çox gözəl şairdi. Onun yaradıcılığı zəngin və mükəmməldir. Şəhriyar dövrün ən istedadlı şairidir. Rauf Qəribin bir verlişdə  Şəhriyar “o, şair deyil” deməyi  məni sadəcə güldürür. Rauf  Şəhriyarın ədəbi aləmdə keçdiyi sərhədi keçməyib və istəsə də, keçə bilməz.

-Bu “ədəbiyyata gəlmək” kəlməsi nə deməkdir?

-Mən bu mühitə baxanda dəhşətə gəlirəm. Bunlar ədəbiyyatı o qədər bəsitləşdiriblər ki, gənc yazarlar üçün ədəbiyyata gəlmək, Facebooka girmək qədər asan iş sayılır.

-Artıq payız gəlib. Bu, sizə nəyi xatırladır?

-Mən payızda anadan olmuşam. Payız mənim üçün ilk olaraq ayrılığın canlı rəsmidir. Yarpaqlar ağacdan düşdüyü kimi, bizdən də doğmalar ayrılır(təəssüflə).

-Bu yaxınlarda üzücü xəbər eşitdik ananızla bağlı.(başınız sağ olsun) Anasızlığın yaradıcılığınıza təsiri yəqin ki, olmamış olmaz…

-Bilirsiniz, əlbəttə ki, anasızlıq məndə çox boşluq yaratdı (kövrəlir). Mən həmişə demişəm ki, evdə qadın yoxdursa, demək heç kim yoxdur. Mən anam haqda xatirələri içimdə poeziyaya çevirirəm. Bu hadisə mənə həyatda da, poeziyada da daxili kədər gətirdi.

-Kitab satışından razısınız?

-Xeyr. Demək olar ki, indi kitaba maraq yox dərəcəsindədir. Biz bir-birimizi oxuyuruq. Heç kəs kitaba pul vermək istəmir. Məsələn, mənim kitab təqdimatimda hamısı yazar dostlarım və jurnalistlər idi. Bu da oxucu kütləsinin kifayət qədər azlığından xəbər verir. Heç də xoşagələn hal deyil.

-İlk çap olunduğunuz mətbu orqan yadınızdadır?

-Bəli, əlbəttə. 2006-cı ildə Moskvada çap olunmuşam. “Millətin səsi” qəzetində.

-“Divara yazilmiş "AZADLIQ" sözü”-siz bu azadlıq sözünü kitabınızı adında divara yazdınız, bəs həyatda daşa yazmaq istəyərsiniz, yoxsa ürəklərə…?

-Əlbəttə, qəlblərə yazmaq istəyərəm. Çünki azadlıq yalnız insanlar arasında hiss olaraq qalıb. Bizim mühitdə azadlıq çatmır. Ona görə də, mənən boğuluruq. Amma mən özümü yalnız ədəbiyyatda tam azad hiss edirəm.

-“Məndən bir də olmayacaq” şeirini Baba Vəziroğlu yox, siz yazmış olsaydınız kimə yazardınız o şeiri?

-Yəqin ki, məni istəməyib gedənə (gülür).

-Bir az kitabınız haqda danışın…

-Bu kitab "Qanun" nəşriyyatında çap olunub. Kitabın redaktoru və ön söz müəllifi Məlahət Yusifqızıdır. Kitaba zəhməti keçən hər kəsə minnnətdarlığımı bildirirəm.

Əntiqə Səməndər





Həftənin ən çox oxunanları