Yuxarı

“ Mələk olsaydım, nələr eləməzdim?!.”

“ Mələk olsaydım, nələr eləməzdim?!.”

Aygun BunyadzadeBu gün ətrafımızda çox şeyin texnologiya ilə bağlı olduğunu nəzərə alsaq,  uşaqların nağıla olan diqqəti o qədər də çox deyil. Ancaq bu işi layiqincə edərək, uşaqların sevimlisi olan Azərbaycan nağıl ədəbiyyatının sevilən  insanlarından biri həmsöhbətimiz Aygün Bünyadzadədir. O, 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1995-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin maliyyə-kredit fakültəsini bitirib. Yaradıcılığa isə 2000-ci ildən başlayıb. Nağıllar, nağıl-povestlər və nağıl-pyeslər yazir.

-Aygün xanım uşaqları nağıllara inandırmaq çətin olmur?

-Bu, asılıdır yazıçının professionallığından.”Cirtdan” uşaq jurnalında çalışdığım zaman oxucularım redaksiyaya zəng edib Cirtdan və digər qəhrəmanlarla söhbət etmək istəyirdilər. Demək onları nağıllara inandıra bilmişdim. Buna görə də özümü xoşbəxt yazıçı hesab edirəm.

-Başqa nağıllarla sizin bu gün yazdığınız nağılların fərqi nədir?

-Bunu oxucu daha yaxşı bilər məncə. Ümumiyyətlə isə, hər bir yazıçının özünəməxsus dəst-xətti olur və digər yazıçılardan bununla fərqlənir.

-Iqtisadiyyat Universitetinin maliyyə-kredit fakültəsini bitirmiş birinə uşaq nğıilları yazmaq cətin deyil?

-Əgər qəlbin nağılçı qəlbi, ruhun nağılçı ruhudursa, istər iqtisadiyyatı oxuyum, istər hüququ, sonda yenə nağıllara gəlib çıxacaqsan - eynən mənim kimi.

-Azərbaycan ədəbiyyatında nağıla inananların sayı, yəni balaca  oxucularınızın sayı ürəkaçandır?.. Yoxsa daha indiki uşaqlar nağıllara inanamaq istəmirlər?

-Oxucuların sayı qəti azalmayıb - oxumaq istəyən nə olur olsun, oxuyacaq. Yetər ki, oxumağa maraqlı nə isə olsun.

-Nağıl yazarının öz nağıllarının qəhrəmanı kimdir, görəsən?

-Ətrafda gördüyüm hər bir canlı və ya cansız mənim nağıllarımın qəhrəmanına çevrilə bilər. Odur ki, bu gün nağılımın qəhrəmanı heç gümanınıza gəlməyən, gündəlik istifadə etdiyiniz bir əşya da ola bilər, gündəlik rastlaşdığınız süpürgəçi qoca nənə də.

-Dövlətimiz Sizin əməyinizi tam dəyərləndirir?

-Hələ 2001-ci ildə Azərbaycan Yazıçılar Birliyi tərəfindən “ilin ən yaxşı uşaq əsərləri üçün” mükafata layiq götrülmüşəm, Daha sonra Respublika Gənslər Təşkilarları tərəfindən “ilin gənc yazarı” nominasiyasının qalibi seçildim. 2010-cu ildə isə BMT və Polşanın “uşaqlar qarşısında xidmətlər üçün” beynəlxalq Təbəssüm Ordeninə layiq görüldüm və “Təbəssüm Ordeni kavaleri” fəxri adına layiq görüldüm. Hazırda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Ordenimin bir qədər gecikmiş təqdimatı üçün Polşaya-Varşavaya getməyimə hazırlıq işleri gedir.

-Utopya kimi bir yerdə Aygün xanim öz balaca mələkləri ilə yaşamaq istərdi?

-Məncə yox, çünki, hələ ki, öz dünyamda özümü çox rahat hiss edirəm və xoşbəxtəm.

-Meymun saxta insanlara bir nümunə idi… yəni gələcəyimiz olan uşaqlara "Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan " deyirsiz nağıların dili ilə?

-Doğrudur, üstəlik, Meymunun sonda gülünc vəziyyətdə qalması ilə balaca oxuculara yalançının sonunun necə olacağını da göstərirəm. Bu nağılda həm də yumor olduğundan uşaqlar tərəfindən sevilir.

-"Fəsillərin dili" ilə dəcəl uşaqları tərbiyyə edirsiz, yoxsa fəsillərin yaranmasını  başa salırsız?

-Bu nağıl “dünyanın yaranması barədə nağıllar” silsiləsinə daxildir və Afrika nağılları ənənəsində yazılıb.

-"Qoca mələk" balaca mələklərə kömək elədi, bəs sizin sehirli gücünüz olsaydı, necə edərdiz?

-Nələr etməzdim, nələr! Müharibələri dayandırardım, anaları xəstələnməyə qoymazdım, “balaca mələk” dediyiniz o körpələri dünyanın bütün pisliklərindən qorumağa çalışardım.

-Yüzlərlə, bəlkə də minlərlə uşağın anasi olmaq, onları öz nagıllarınızla sevindirmək sizə Tanrının verdiyi xüsusi vergidir?...Yoxsa uşaqları daha maraqlı nağıllara inandırmaq istəyi?

-Mən bunu Tanrının bəxş etdiyi vergi hesab edirəm. Bəzən olur ki, yazacağım nağılı sanki kimsə qulağıma pıçıldayır, mənə qalır eşitdiklərimi kağıza köçürmək. Bəzən isə nağılı yazdıqca, özümdən asılı olmadan, gözlərimdən yaş süzülür və məhz bu nağıllar sonradan həyatda reallaşır.

-Şirniyyat atan silahlarla müharibə şəraitində yaşayan ölkənin uşaqlarına nə demək istəyir cirtdanın anası?

-Tək uşaqlara deyil, böyüklərə də ünvanlanıb bu nağılım - mesaj da budur: müharibələrə son qoyulsun!

 -Məsafələr sevgini və dostluğu azaltmır … Bu, həyatda da belədir, yoxsa ancaq nağıllarda belə olur ?

-Nağıllar həyatdan götürüldüyündən demək ki, məsafələr nə sevgini, nə dostluğu azalda bilməz.

Sona Cavadqızı