Yuxarı

Batikanın vətəni - Azərbaycan, İndoneziya, Malayziya

Batikanın vətəni - Azərbaycan, İndoneziya, Malayziya

batikaBoyu yaraşıqlı sərvi xuraman, Əndamıdır ağ gul, sinəsi meydan Kələğayısı gülgəz, libası əlvan, Bir güli-rənadır mənim sevdiyim.  M.P.Vaqif 2014-cü ildə Azərbaycan xanımlarının milli baş örtüyü-kəlağayı "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahıya daxil edilib. Komitə Kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərləri sistemində və adət-ənənələrimizdə mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiqlədi. Bu münasibətlə Azərbaycan Xalça Muzeyi hər il noyabr  ayında kəlağayı bayramı keçiriri. Qeyd edək ki, Azərbaycan Muğam ifaçılıq sənəti, Aşıq sənəti, Novruz Bayramı, Azərbaycan xalçası, Çövkən oyunu, Tar ifaçılıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Milli irsimiz artıq dünya mədəniyyətinin tərkib hissəsinə aid edilir. Azərbaycanda qədim sənət növlərindən biri sayılan kəlağayının - batikanın tarixi çox qədimlərə gedir. Bu zərif dekorativ sənət maraqlı inkişaf yolu keçmiş, ölkəmizdən uzaqlarda şöhrət qazanaraq mədəniyyətimizin əsas istiqamətlərindən biri kimi məşhurlaşmışdır. Texnologiyası ipək emalı ilə bağlı olan kəlağayı Azərbaycan dekorativ-tətbiqi sənətinin daha gənc və müasir növüdür. İpək sapdan toxunmuş dördkünc formalı qadın baş örtüyü, analarımızın, nənələrimizin və qız-gəlinlərimizin iffət rəmzi, gözəllik ifadəsidir. Azərbaycanın qərb zonasında buna “çarqat” da deyilir. Kəlağayı istehsalı ilə insanlar Azərbaycanda qədim zamanlardan məşğul olublar. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksək keyfiyyətli kəlağayılar hazırlanırdı. Hələ orta əsrlərdən Gəncə və Basqal kəlağayıları xarici ölkələrə də ixrac olunurdu. Şəki və Basqal kəlağayıları sırasında “Şah buta”, “Saya buta”, “Xırda buta” çeşidlərindən daha çox istifadə olunmuşdur. “Heyratı”, “Soğanı”, “Istiotu”, “Albuxarı”, “Abi”, “Yeləni” adlı əlvan kəlağayılar böyük şöhrət qazanmışdır. Hazırda ölkəmizdə kəlağayı toxuculuğu işini davam etdirənlər var.  Məlumdur ki, Azərbaycanda ipəkçilik həm qədimdə, həm də müasir dövrdə əhalinin əsas fəaliyyət növlərindən biri olmuşdur. Artıq V-VI əsrlərdə Azərbaycanın iqtisadiyyatında ipəkçilik mühüm yer tutmuşdu. Alban tarixçisi M.Kalankatuklu “Alban tarixi” kitabında Kür çayı sahillərində çoxlu tut ağacının bitdiyini, ondan, əsasən, ipək parça istehsalında xammal kimi istifadə olunduğunu göstərmişdir. Dünyanın onlarla ölkəsinə satılan Azərbaycan ipəyi interyeri bəzəyən gözəl batika əsərlərinin yaradılması üçün əsas olmuşdur. Batika barədə danışarkən, hər şeydən əvvəl, nəzərə almaq lazımdır ki, yava dilindən tərcümədə bu söz “isti mumla rəsm çəkmək” deməkdir. Şərq ölkələrində (Hindistanda, Çində, Indoneziyada və s.) batika texnikasında əsas etibarilə ipək, eləcə də pambıq parça üzərində fırça ilə rəsm çəkərdilər. Batikanın vətəni olan cənub-şərqi Asiyada bir neçə texnika geniş yayılmışdı. Yavada hər bir rəngin üstü daim isti mumla örtülür, Malayziyada isə rəsmin əsas hissəsi nəfis şəbəkəli ornamentlə xüsusi möhürün köməyi ilə basılır. Azərbaycanda möhürlə texnika qədim vaxtlardan, gözəlliyinə görə təkrarolunmaz qadın baş örtükləri olan kəlağayılar, həmçinin süfrələr və digər məmulatlar yaradılandan bəri istifadə olunurdu. Naxışın parça üzərinə köçürülməsinin ən geniş yayılmış üsullardan biri olan möhürləmə xalq yaradıcılığı ilə sıx əlaqədar olmuşdur. Bu naxışlar o qədər ustalıqla hazırlanır ki, ilk baxışdan bunun əl işi, yaxud qəlib forması olduğunu ayırd etmək çətin olur.   Batikanın ilk vətəni Malaziya... Batikanın vətəninin Malaziya və Indoneziya olduğu söylənilsə də, araşdırmalar bu ölkələrdə sənət növünün Azərbaycanla eyni dövrdə yarandığını təsdiqləyir. Çünki ölkəmizdə dekorativ-tətbiqi sənətin ən kütləvi növlərindən olan parça bəzəmə sənəti çox qədim zamanlardan məlumdur. Zəmanəmizə gəlib çıxmış ən qədim dövr parçaları kompozisiyası, ornamenti, rəngləri ilə insanın təbiətlə sıx əlaqəsi olduğunu təsdiqləyir. Bu gün dünyada populyarlıq qazanmış batika əsərlərinin Azərbaycanda ən gözəl nümunələrinə rast gəlmək mümkündür. İpək parça üzərində işlənmiş bu zərif əsərlərdə boyakar-rəssamın, dekorativ-tətbiqi sənət, bədii toxuculuq ustasının istedadının yaradıcı fantaziyası özünü göstərir. Xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xüsusiyyətləri öz əksini geyimlərdə tapır. Bu xüsusiyyət özünü həm müəyyən formalı geyimlərdə, həm də  baş örtüklərində  büruzə verərək, onu geyinən şəxsin yaşını, ailə və ictimai vəziyyətini  əks etdirirdi. Cavan qızların və ailəli qadınların geyimlərində, baş örtüklərində nəzərəçarpacaq qədər fərqlər olurdu. Gənc qızlar başlarına araxçın qoyardılar. O dövrdə təkcə araxçınla evdən çıxmaq qəbul edilmirdi. Bu səbəbdən  araxçının üstündən  mütləq kəlağayı örtülürdü. Azərbaycanın dekorativ-tətbiqi sənət nümunələri arasında özünün orijinal bəzək texnikasına görə kəlağayı müstəsna əhəmiyyət kəsb edir. İpək parçalardan fərqli olaraq, kəlağayı həm də qəlib vasitəsilə naxışlanıb bəzədilirdi. Basma-qəlib üsulu ilə naxışlanan və  “təvakeş” adlanan  bu sənət nümunəsi ilə  peşəkar qəlibkar ustalar məşğul olurdular. 1862- ci ildə Londonda keçirilən ümumdünya sərgisində ilk dəfə olaraq, Azərbaycan da təmsil olunmuşdur. Həmin sərgidə nümayiş etdirilən Basqaldan olan sənətkar Nəsir Abduləziz oğlunun  hazırladığı nəfis kəlağayı və zərif qanovuz parça gümüş medal və diplomla mükafatlandırılıb. Şairlərin ilham mənbəyi olan, qadınlara gözəllik gətirən kəlağayılar qədim toy adətlərimizdə, bədii ədəbiyyatda, folklorda, filmlərdə, Novruz adət-ənənələrində öz əksini tapmışdır. Belə ki, axır çərşənbə axşamı gənclər  kəlağayı götürüb sevdikləri qızların evlərinə gedib, onu bacadan, damdan, pəncərədən həyətə, evə sallayardılar. Əgər qızın ata-anası razı olardısa, kəlağayını onun belinə, bəzi yerlərdə qoluna bağlayırdılar. Razı olmasalar  kəlağayıya şirni qoyub geri qaytarardılar. Gəlin köçən qızların  başına qırmızı kəlağayıdan duvaq salınırdı. Toy zalı kəlağayılarla bəzədilir, qapıya qırmızı kələğayı bağlanırdı. Müasir dövrümüzdə də matəm olan evin qapısından qara, toy olan evin qapısından isə qırmızı kəlağayı bağlayırlar. Kəlağayı qadının yaraşığı, gözəlliyi hesab olunur. Gəlinlər qaynata, qaynana, qayın qarşısında, ağsaqqal və evə gələn qonaq yanında başlarına kəlağayı örtır, onunla yaşmaqlanardılar. Kəlağayı müqəddəs hesab olunmuşdur. İki nəfər dalaşarsa və işə kəlağayılı ana qarışarsa məsələ sülhlə bitmişdir. Azərbaycan Xalça Muzeyində son günlər keçirilən Kəlağayı sərgisində gənc kolleksiyaçılar Ruslan Hüseynov və Fuad Cəbrayılovun şəxsi kolleksiyasından olan nümunələr nümayiş etdirilib. Təqdim edilən geyimlər Şamaxı, Qarabağ, Bakı, Naxçıvan və digər bölgələri əhatə edir. Burada 250-dən artıq həm kişi, həm qadın, eləcə də uşaq geyimləri, milli geyimin ayrılmaz hissəsi olan tikmə nümunələri sərgilənir. Sərgidə nümayiş edilən kolleksiyada XVIII-XIX əsrləri əhatə edən çoxlu sayda müxtəlif tikmə, zərgərlik nümunələri, Azərbaycanın müxtəlif regionlarına mənsub olan milli geyim, geyim elementləri və baş örtükləri saxlanılır. Sərgi-tədbirdə Azərbaycan Xalça Muzeyinin direktoru, sənətşqnaslıq elmləri doktoru, professor  Röya xanım Tağıyeva bildirib ki, bu gün respublikada milli sənətkarlıq nümunəsinin mühafizəsinin təşkili istiqamətində tutarlı işlər görülür: “UNESCO-nun Baş Konfransının 38-ci sessiyasında Azərbaycan böyük səs çoxluğu ilə Ümumdünya Mədəni İrs Komitəsinə üzv seçilib. Seçkilərdə böyük uğur qazanmağımız ölkəmizin dünya irsinin və Azərbaycanın öz irsinin təşviqində və qorunmasında böyük rol oynamasına səbəb olacaq. Dünyanın sayılan, nüfuzlu təşkilatlarından biri olan UNESCO xalqlar arasında  beynəlxalq əməkdaşlıq prinsiplərinin qorunmasına, qarşılıqlı anlaşmaya vasitəçi və yardımçıdır. Dünya mədəni sərvətlərini hər cür təhlükədən qoruyan İnamlı və Ədalətli Mühafizədir. UNESCO xalqımıza məxsus bir neçə milli-mədəni irsimizi - 2000-ci ildə Qız Qalası, Şirvanşahlar Sarayı ilə birgə İçərişəhər kompleksi,  2007-ci ildə isə Qobustan Dövlət Bədii-Tarixi Qoruğu dünya mədəni irsinə daxil etmişdir. Biz çox böyük mədəniyyət tutarına malik xalqıq. Bu mədəniyyət itməməli, sıradan çıxıb, tarixin səhifələrinə gömülməməlidir. Onu yaşatmaq, canlı tutmaq bizim vəzifəmizdir. Təkcə təbliğ etmək azdır, bu sənət öyrənilməli, özünəməxsusuluq yaşamalı və istifadə olunmalıdır. Çünki kəlağayı çox gözəl baş örtüsüdür, qadınlarımıza çox gözəl yaraşır. Məqsədimiz xalqımıza aid olan, qoruyub saxlamaq və gələcəyə daşımaqdır”. Rəsmiyyə QARAYEVA  





Həftənin ən çox oxunanları