Yuxarı

“Tarixi film çəkmək  üçün hazır deyilik”

“Tarixi film çəkmək  üçün hazır deyilik”

[caption id="attachment_3098" align="alignleft" width="355"]Rasim balayev Rasim Balayev: “Yaxşı dramaturgiya, rejissor, geyimlər olmalıdır.[/caption]

Aktyorlar öz paltarlarında gəlib çəkilirlər”

Sovet dövründə Azərbaycanın tarixi filmləri özünəməxsusluğu ilə fərqlənib. Bu filmlərdə çəkilən məşhur aktyorlar oynadığı rollarla insanları  düşündürməyə vadar edirdi. Zamanın tələbi də başqa idi. Əvvəllər Qatır Məmmədə qəhrəman kimi baxılırdı, indi ruhlar, baxışlar dəyişdi.

Yeni dövrün maraqlarına cavab verən tarixi filmlər çəkilmir. Əlamətdar və tarixi günlərdə ancaq sovet dövründə çəkilmiş “Dədə Qorqud”, “Axırıncı aşırım”, “Babək”, “Tütək səsi”, “Qanlı zəmi” və sair kimi filmlər nümayiş etdirilir. Bu faktdır ki, bu gün Azərbaycanda tarixi filmlərlə bağlı durğunluq hökm sürür. Bu boşluğu doldurmaq üçün hərdən mənasız filmlər də üzə çıxır.

Xalq artisti Rasim Balayevlə “Cümhuriyət” qəzetinə bu sahədə çatışan və çatışmayanlar barədə danışıb.

- Bu gün sizin yaş dövrünün səviyyəsində olan aktyorların peşəkar kino işçilərinin yetişməsi müşahidə olunurmu?

- Bu, böyük bir prosesdir. Görünür, burda müəyyən çatışmazlıqlar olub. Çünki nə qədər Azərbaycan sənəti, kinosu, teatrı olub onun yaxşı aktyorları olub. Amma müəyyən dövrdə estafeti əvəz edənlər olub. Bu gün elə bil qırıqlıq var. Bunun da min səbəbi var. Aktyor səhnədə yaxşı əsərlərdə, filmlərdə yetişir. Əgər yaxşı film yoxdursa, o aktyor özünü necə göstərə bilər. Yaxşı ssenarilər yoxdur. Baxırsan mənasız şeylərdi. Bir iki saat vaxtını alırlar və birdən öz-özünə sual verirsən ki, bunlar nə demək istəyir?! Bu suala cavab tapa bilmirsən ki, bunlar bu filmlə tamaşaçıya nə deyir. Bilinmir.

- Sizi həmişə tarixi filmlərin obrazlarını çox canlı şəkildə yaradan bir sənətçi kimi tanımışıq. Bu gün sanki nədənsə bu tarixi filmləri çəkməyə meyl yoxdur...

- Tarixi filmi çəkmək üçün bacarıq lazımdır. Tarixi film çəkmək asan məsələ deyil. Orada min cür problem var. Yaxşı dramaturgiya, yaxşı rejissor, geyimlər olmalıdır. Bu, yoxdur. Aktyorlar öz paltarlarında gəlib çəkilirlər. Tarixi film çəkmək üçün biz hazır deyilik axı.

- Sizin kimi sənətdə sözünü demiş sənətkarlarımız var. Nə yaxşı Rasim Balayev bir məktəbə çevrilmir? Siz yetişdirə bilərsiz axı...

- Yox, mən yetişdirə bilmərəm. Bu gün sənət institutları var. Bunu həmişə deyirəm məndən də xoşları gəlmir, cəhənnəmə gəlsin. Çünki mən düzünü deyirəm. Konservatoriyadır, xoreoqrafiyadır yəni səhnə, kino ilə məşğul olan institutlar, məktəblər bunlarda seçim düz deyil. Yəni burda bir neçə turdan ibarət seçim olmalıdır. Əgər o, doğrudan da yaxşı aktyor olacaqsa, bəlkə də ona digər fənlərdən güzəşt lazımdır. Çünki tarixi, ədəbiyyatı sonra da öyrətmək olar. Bir də görürsən sənətdən yaxşı qiymət alır, gedib başqa testdən kəsilir. Əvəzində hüquqşünaslığa imtahan verən adam az bal toplayıb gəlib düşür incəsənətə. Xala-xətrin qalmasın dərsə gəlir. Bununla iş olmaz. Hər şey də ordan başlayır seçimdən tutmuş ta tədrisə qədər. Bu gün o yerində deyil və belə getsə, heç vaxt da yetişməyəcək.

- Yəni gələcəyə ümidlərimiz solğundur?

- Görürəm də bir işıq ucu yoxdur. Seçim düz deyil. Mən özüm bu işin içində olmuşam. Bu da kimlərəsə sərf eləmir. Bunun sahibi var, bir ortaya qoyalar ki, aktyorlar rəhmətə getdi, qalan xəstə oldu, 15-20 ildir onları niyə əvəz edən yoxdur? Bu sualı verən yoxdur.

- Rasim müəllim, siz və sizin kimi görkəmli sənətkarlarımız son vaxtlar yerli telekanallarda efirə verilən seriallara, filmlərdəki neqativlərlə bağlı nə yaxşı münasibət bildirmir?

- Xeyri yoxdur. Onların universitetindən heç kim gəlmir. Mən kiməm ki?! Onu səlahiyyətli adamlar edər. Mənim səlahiyyətim yoxdursa, sözümü kim sayar?! Mən ancaq fikir deyə bilərəm.

- Həmin səlahiyyətli adamlar qarşısında heç indiyə qədər təkliflərlə çıxış etmişiniz?

- Yox, çıxış eləməmişəm. Çünki onlar heç mənə əhəmiyyət vermirlər, öz işlərindədilər.

- Belə çıxır ki, sənət onlar üçün maraqlı deyil?

- Nə sənət?! Orda ancaq biznesdir. Ciddi verilişlər var. Dekabrın 12-də Heydər Əliyevin anım günü idi. Orda reklam verirlər. Deyirəm ay qardaş, bu reklamı başqa verilişlərdə verin, bu, bu kişiyə hörmətsizlikdir. Anım günüdür ora yığışanlar söz demək istəyir, götürüb ora (üzr istəyirəm) pampers göstərirlər. Ayıbdır e... Sual edirəm ki, niyə belədir, deyir ki, biz ordan maaş alırıq. Daha nə deyim?!

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları