Yuxarı

"Sənə kino lazımdır?"

kinoBu gün Azərbaycan kinolarını seyr edəndə mərhum xalq artisti Yaşar Nurinin “sənə kino lazımdıır?” sözündən ötüb keçmək olmur. Bəli, bu gün Azərbyacan kinolarının içində bizə kino lazımdır. Hansı ki, baxmaq istədiyimiz və rejissorların tamaşaçıya verə bilmədiyi kino lazımdır. Əslində, həmin kinoların çəkilə bilməməsinin günahkarı rejissorlardır, yoxsa aktyorlar? Bu sualı birbaşa olaraq tamaşaçıya ünvanlasaq, görəsən, hansı cavabı alarıq? Adətən, hamının cavabı belə olur ki, əvvəlki aktyorlar indi yoxdur, ona görə filmlərdə maraq yoxdur.

Tamaşaçı ayın görünən tərəfinə baxır. Böyük əksəriyyət filmdə uğur və ya uğursuzluğu birbaşa olaraq aktyorun istedadı və bacarığı ilə bağlayır. Həmin filmdə rejissorun əməyi nə dərəcədədir, artıq bu, tamaşaçıya qətiyyən maraqlı deyil. Amma nəzərə alsaq ki, filmdəki obrazları oynamaq üçün aktyoru filmə rejissor dəvət edir, o zaman rejissora dəyər verilər. Aktyorda həmin obraz nə dərəcədə uğurludur, bu seçim də rejissorun professionallığından xəbər verir. Əslində, kinoların çəkilməsində ssenaristin də rolu və mövqeyi əsas məqamlardan biridir. Düşünsək ki, ümumilikdə kollektivin nəzəri uğurlu bir film çəkməliyik ideyası üzərində köklənsə, Azərbaycan tamaşaçısı da arzuladığı kinonu mavi ekranda görə bilər. Hələ sovetlər dönəmində o qədər zəif texniki avadanlıqla və çətin şəraitdə indi də dillərdən düşməyən filmlər çəkilibsə, müasir texniki avadanlıqlarla və müasir idealarla kifayət qədər uğurlu filmlər çəkmək olar. Çox təəssüf olsun ki, Azərbaycan tamaşaçısının gözləri 60-cı və 70-ci illərin kinolarında qalıb. Bəlkə də önə çəkdiyimiz problemlər həll olunub, sadəcə, tamaşaçı baxışı dəyişmir. Belə olan halda tamaşaçıya necə bir film təqdim etmək lazımdır, onun fikrinin dəyişməsi üçün. Məqsəd tamaşaçının fikrini dəyişmək yox, yeni filmləri tamaşaçıya dəyərli şəkildə təqdim etməkdir.

Vacib məqamlardan biri filmlərin başlanması və bitməsidir. Fikrimcə, film ilk başdan yorucu bir səhnə ilə başlayırsa, bu halda tamaşaçıda günah görmək haqsızlıqdır. Ədəbiyyatda pafosa etiraz etdiyimiz kimi, filmlərdə də bayağı və son dərəcə insan duyğularını aşağılayan səhnələrə etiraz etsək, nəticə də uğurlu Azərbaycan filmini seyr etmək olar. Bütün kədərli məqamın içindən tamaşaçıya ümid verən kiçik bir epizodun mükəmməl şəkildə tamaşaçıya təqdim edilməsi kinonun böyük uğurunun qığılcımıdır. Tarixi filmlərin çəkilməsində hadisələrin ssenariya uyğun dəyişdirilməsi tamaşaçını usandırır. Bəzən də onu inanmağa “məcbur edir”. Bu gün Azərbaycan tamaşaçısı gözləyə-gözləyə axtarışdadır.

Bu mövzuda yalnız tamaşaçı kimi çıxış etmək dediklərimə bəlkə də haqq qazandıracaq. Kinoların çəkilməsində və təqdim edilməsində bu qədər çatışmayan cəhətlər birbaşa olaraq mədəniyyətə ağır zərbədir. Bu gün rejissorlar öz gözlərindən “tamaşaçı eynəyini” çıxarmalıdırlar. Öz çəkdikləri filmə məhz rejissor gözü ilə baxmalıdırlar. Kino mövzusundan asılı olaraq nədən başlayıb nədən bitdiyi tamaşaçıya məlum olmalıdır. Tarixi filmlərin tamaşaçı kütləsi çox olduğu üçün qeyd edim ki, həmin filmlər çəkiləndə tarixlə bağlı məqamlar olduğu kimi saxlanılsa, tamaşaçıya daha maraqlı gələr. Belə olmadığı halda, əsərdən xəbəri olan tamaşaçı filmi izləyəndə sanki labrintə düşür. “Film doğrudur, yoxsa əsər” - deyib beynində “var-gəl edir”. Bunun sadəcə, bir film olmağını isə tamamilə unudur. Bu halda çəkilmiş tarixi film yalnız rejissora və onun çəkiliş kollektivinə maraqlı olur. Düşünürəm ki, tarixi filmlər adətən həqiqətlərə və faktlara söykənməlidir.

Ümumulikdə, kino mövzusu Azərbaycan mədəniyyətinin daim sevilən və inkişafa ehtiyacı olan sahəsidir. Azərbaycan mədəniyyətində sözün əsl mənasında kinonun və kinematoqrafiyanın məktəbi yaradılmalıdır. Bu, təkcə sənəd üzərində yox, həm də tətbiq olunmalıdır.

Əntiqə Səməndər





Həftənin ən çox oxunanları