Yuxarı

 “Azərbaycanda mədəni inqilab gerçəkləşməlidir”

 “Azərbaycanda mədəni inqilab gerçəkləşməlidir”

[caption id="attachment_3402" align="alignleft" width="427"]guntay Güntay Gəncalp: “Türk kişisi ancaq erməni və gürcü qızlarına şeir yazıb”[/caption]

“Ququş ermənilərdə oğlan adıdır. Bu müğənni uşaqlıqda oğlanlar kimi hərəkətlər etdiyindən erməni dayəsi ona “Ququş” deyib”

“Hər bir yaponun intellektual səviyyəsi 156 türkə və 150 iranlıya bədəldir”

Avropada yaşayan güneyli mühacir, yazar Güntay Gəncalpın “Cümhuriyət” qəzetinə müsahibəsi.

- Güntay bəy, müasir Azərbaycan ədəbiyyatının istinad nöqtəsi kimlərdir? Müxtəlif yazarların adları hallandırılır. Məsələn, Aqşin Yenisey, Qismət Rüstəmov, Qan Turalı, Şərif Ağayar, Seymur Baycan, Əli Əkbər və s.

- Müasir ədəbiyyatçılardan bir çoxunun əsərlərini oxumuşam. Nərmin Kamalın “Aç, mənəm”, Cavidan Xəlilovanın “İsmin yeddinci halı”, Rasim Qaracanın “On bir gecə” romanlarını, Aqşin Yeniseyin, Aysel Abdullazadənin bir çox şeirlərini, Günel Mövlud, Seymur Baycan  və digərlərini də oxumuşam. Baycanın tənqidi görüşləri hər zaman diqqətimi cəlb edib. Lakin Cavidan Xəlilova mənə görə modern ədəbiyyatımızda ən dəyərli roman yazarlarından biridir. Cavidanın romanlarını başladıqdan sonra buraxmaq olmur. Çox axıcı və təsirli dili var. Mövzuları bir-birinə sehrli və sirli şəkildə bağlaya bilir. Təsvir etməyə çalışdığı xarakterin ruh hallarını və sosial-psixoloji durumlarını inandırıcı, etkiləyici biçimdə açıqlaya bilir. Ayrıca, bir fəlsəfi görüşü romanın bütünü içərisinə dağıdaraq şəxsiyyətlərin duyğularının arxasına yükləyə bilir. Mən həm İran, həm Azərbaycan, həm də Türkiyə ədəbiyyatını yaxından izləyir və oxuyuram. Məsələn, Əlif Şəfəqin, Orxan Pamukun və digərlərinin bir çox romanlarını oxumuşam. Lakin son on ildə oxuduğum türkcə və farsca romanlar içindən heç biri məni Cavidan Xəlilovanın romanları kimi təsirləndirməyib. Bunlar nəsr sahəsindəki gəlişmələrdir. Şeir sahəsindəki gəlişmələr fərqli aqibət yaşayır. Doğrudur, ədəbiyyatımızda Ramiz Rövşən kimi böyük şəxsiyyətlər var. Lakin ümumən bizim modern şeirimizin klassik dərinliyi yoxdur, çünki klassik ədəbiyyatdan qopuq şəkildə ortaya çıxır. Bu, sadəcə, Azərbaycanın problemi deyil, Türkiyədə də belədir.

- Hesab etmək olarmı ki, yeni nəsil Azərbaycan yazarları mövzulara daha dar çərçivədən baxırlar və mühitin içərisində gələcəyin ədəbiyyatı yetişmir?

- Biz aksioner millət deyilik, reaksioner millətik. Ədəbiyyatımızda nə varsa, hamısı təqliddir. Çünki fəlsəfi cərəyanlarımız, fəlsəfi dünyagörüşümüz olmayıb. Sadəcə, törələrə, inanclara bağlı toplum olmuşuq. Modern sayılacaq nə varsa, hamısı Qərbdən, ya da Rusiyadan gəlmədir. Türkiyədə də belədir. Ədəbiyyat, fəlsəfə, rəssamlıq, musiqi tarixində türk xətti deyə bir şey olmayıb. Ya təqlid etmişik, ya da iqtibas. Məsələn, Hüseyn Cavidin “Xəyyam”, “Şeyx Sənan”, “Siyavuş” kimi əsərlərinin hamısı iqtibasdır. Fars ədəbiyyatından alıntılardır. Aksioner millət olmaq üçün siyasi, iqtisadi, kültürəl ön hazırlıqlar olmayıb. Lakin bütün geri qalan millətlərin inkişaf sürəci üç mərhələdən ibarətdir: Təqlid, iqtibas, yaradıcılıq. Məsələn, Yaponiya və Güney Koreya tamamən bu üç istiqamətdə inkişaf etdilər. Bunu da əsasən tərcümə ilə başladılar. Koreya və yapon dillərinə dünya mədəni hadisələri bir ili keçmədən dərhal tərcümə edilir. Məsələn, Martin Haydeggerin “Varlıq və zaman” əsəri ingilis dilinə belə hələ tərcümə edilmədən 1927-ci ildə ilk olaraq yapon dilinə tərcümə edildi. Bu şəkildə tərcümə yolu ilə düşüncədə oyanış dövrünü başlatdılar və çox böyük elmi-fəlsəfi-mədəni və ədəbi atılımlar gerçəkləşdirdilər. Bizim tariximizdə əksik olan budur. Dilimizdə fəlsəfi, böyük ədəbi əsərin tərcümələri yoxdur. Buna da güclü dövlət dəstəyi lazımdır. Bu tərcümələr yoluyla qlobal ölçüdə ədəbi və fikri oyanış olmazsa, öz tariximizin qaranlığına yuvarlanar və bir də görərsən ki, yazarlarımız da əllərində bir və ya iki zəncir başlarına döyürlər. Necə ki, bəziləri pirlərin, ölülərin məzarlarında möcüzə axtarırlar! Mədəni bir inqilab gerçəkləşməlidir. Bu da ancaq kitablarla olar. Yeni Azərbaycan yazarları dar çərçivədən baxır, çünki əlinin altında anladığı və anladacağı dildə heç bir şey yoxdur. Düşüncələr oxumaqla dərinləşər. Nə oxuyacaq? Var olanlar da çox, amma çox azdır. Onlarla bir yerə çıxmaq və bəşəriyyətin bütününə xitab edəcək əsərlər yazmaq olmaz. Azərbaycan Qərb mədəniyyəti ilə nə qədər çox inteqrasiya olsa, bir o qədər onun ədəbi durumu da müsbət yöndə dəyişəcək. Oxucu kütləsi deyə bizdə geniş bir sahə yoxdur. Xalq əski çağlardan bəri xoruz döyüşdürməkdən xoşlanır, molla-feodal sinfinin uydurduğu yalanlara qulaq asırdı. Kitaba pul vermək yerinə, onu ağladan mollanın cibini doldururdu. İndi də elədir. Molla yalanlarına uyub hönkürtü ilə ağlayanların və mollaya nəzir verənlərin sayı hər gün daha da artır. Belə sosial mühitdə böyük sənət adamı necə yetişsin? Zatən sənət adamı bu mühitdə boğular, hər kəs ölkədən qaçmaq üçün fürsət axtarar. Dini anlamda da bir renesans gerçəkləşmədikcə, oxucu kütləsi tapa bilməyəcəyik. Oxucu olmadıqdan sonra da sənət əsəri yazılmaz. Yaponiya nədən hər sahədə, özəlliklə mədəniyyət sahəsində dünya birincisidir bilirsinizmi? Çünkü kitab oxumada dünyada birinci yerdədir. Heç bir ölkə yaponlar qədər kitab oxumur. BMT-nin verdiyi məlumata görə, Yaponiyada hər yapon ortalama ildə 25 kitab və bir dərgi oxuyur. Bütün Avropa ölkələri Yaponiyadan sonra gəlir. Türkiyədə hər 6 türk ildə ortalama bir kitab oxuyur. İranda hər 5 iranlı ildə bir kitab oxuyur, yəni kitab oxuma həcmi baxımından İran Türkiyədən irəlidir. İndi diqqət edin, riyazi bir məntiqlə yanaşsaq, hər bir yaponun intellektual səviyyəsi 156 türkə və 150 iranlıya bədəldir.

- Fikrət Qoca və Anar haqqında nə düşünürsünüz? Yeni nəsil yazarlarının əksəriyyəti onların yaradıcılığını qəbul etmirlər...

- Onların əsərlərini gəncliyimin ilk çağlarında oxumuşdum. O zamanlar İranda öz dilimizdə kitab əldə etmək asan deyildi. Anarın bəzi hekayələri fars dilinə tərcümə edilmişdi. Məsələn, Anarın “Mən, sən, o və telefon” hekayəsini farsca oxudum. İranda olduğum zaman Bakı radiosunda səslənən şeir və hekayələri kasetə yazar və sonra kasetdən həm dinlər, həm də əlyazma edərək özüm üçün ana dildə kitabxana düzəldərdim. Lakin daha sonra həm Fikrət Qocanın, həm Anarın, M.Arazın, İsmayıl Şıxlının. S.Rüstəmxanlının, B.Vahabzadənin, Behrudinin və digərlərinin əsərlərini əldə edib diqqətlə oxuduğum zamanlar oldu. Nədən bu kitabları oxuyurdum bilirsinizmi? Çünki mən bir çıxış və qurtuluş yolu axtarırdım. Tarixi bir qurtuluş yolu. Bu üzdən Bakıda, Ankarada və Tehranda gəlişən fikri, ədəbi nailiyyətləri bilməli, özümsəməli idim. Belə bir bilgəlik olmazsa, İrandakı biz türklər tarixdən silinəcəyik. Möhtəşəm tariximizin olduğu yalan və iftiradır. Tariximizin umuduna qalsaq, yox olarıq. Biz azadlğımıza yalnız modernləşmənin gücü ilə qovuşa bilərik. Fikrət Qoca və Anarı yeni yazarların dəyərləndirdiyi kimi dəyərləndirmirəm. Onlar o nəslə qarşı savaş açmışlar. O nəsli önlərində əngəl olaraq görürlər. Mən bu biçim yanaşmanın tənqid metodologiyasına zidd olduğunu düşünürəm. Ölkənin ümumi görüntüsü, zaman və məkan verilərindən yola çıxaraq tənqid ölçüsü gəlişməlidir. Tənqid çox önəmlidir, tənqid olmasa ədəbiyyat inkişaf etməz. Lakin tənqidin mətni olmalıdır. Yəni Anarın və ya Qocanın əsərlərini tənqid edən kitablar işıq üzü görmüşmü? Yoxsa çayxanalarda oturub onların varlıqlarını belə həyatda artıq olaraq görmək tənqid deyil. Anarın Üzeyirin həyatı, Dədə Qorqud kimi film ssenariləri zamanında və indi də önəmli əsərlər sayılır. Onlar öz imkanlarına görə dəyişik zamanlarda bu xalqa xeyir verməyə çalışıblar. Bəziləri onlardan heç bir əsər belə oxumayıblar. Oxumadan da tənqid etməyə çalışırlar. Demokratik düşünmə gələnəyi olmadıqca, tolerant dialoq olmur. Anarın “Sizsiz” əsərini 90-ci illərin əvvəllərində İranda çap etdirmək üçün ərəb əlifbasına çevirdim. Lakin çap etmək imkanım olmadığı üçün ərəb əlifbasında hələ də kitabxanamda durmaqdadır.

- “Daş yuxular”a görə, Əkrəm Əylisliyə birmənalı olmayan fikirlər hələ də dəyişməyib. Belə bir əsər yazmağa dəyərdimi?

- “Daş yuxuları” oxumamışam, ancaq Əylislinin başqa əsərlərini oxumuşam. Lakin bu kitab haqqında o qədər söhbətlər və yazılar oxudum ki, sanki kitabı oxumuş kimiyəm və kitabın ümumi mənzərəsinin nədən ibarət olduğunu bilirəm. Mən bu məsələyə kökdən inkarcı forması ilə baxmıram. Hər kəsin şüuraltında bir gizlin pis və yaxşı xatirə var. Bir yazarın da şüuraltında saxlanan bir xatirə ola bilər. Anlaşılan Əylislinin də şüuraltında ermənilərlə bağlı xoş olan bir xatirə var. Bunu cəsarət edib yaza bilmişsə, demək, özünü çox zorlayıb və şüuraltında saxladığı onun üçün çox önəmli imiş. Çünkü necə təpkilərlə qarşılaşacağını bilirdi. Lakin bu məsələ sadəcə, Əylisli tərəfindən qələmə alınmayıb. Bizim ədəbiyyat tariximizdə erməni mədəni obraz kimi təqdim edilib. Nizaminin “Xosrov və Şirin” əsərində Şirin ermənidir. Bəziləri deyirlər yox, Şirin alban-xristian türküdür! Bunların heç bir əsası yoxdur. Nizami Şirini və bibisi Şəmiranı erməni prensesləri kimi təsvir edir. Nəsiminin “Dərdi-mənd etdin məni ey dərdə dərman erməni” misrasıyla başlayan ən gözəl lirik şeiri erməni qızına yazılıb. “Əsli və Kərəm”də Əsli yenə də erməni qızıdır. Bu haqda deyirlər ki, Əsli alban türkü olmuş. Bunlar günümüzdə Ermənistanla savaş nəticəsində ortaya çıxan reflekslərdir, tarixi gerçəkliklə əlaqəsi yoxdur. Kərəm Gəncə xanı Ziyadxanın oğludur, Əsli də ermənidir. S.Ə.Şirvani erməni qızını öyüb, Şəhriyar erməni qızını öyüb. Səfəvilərdən sonra bizim bölgə və dünyayla kültürəl ilişkilərimiz qopdu və bir növ zindan həyatı yaşamağa başladıq. Bu üzdən ən yaxın etnos olan ermənilər fərqlilik təşkil etməyə başladı. İranın türk şəhərlərində də ermənilərə xüsusi simpatiya olub. Zəngin ailələr uşaqlarına erməni dayə tuturdular. Hamımızın tanıdığı məşhur və soy olaraq türk olan Ququş adında bir xanəndə var. Onun gerçək adı Faiqə olub. Ququş adını ona erməni dayəsi verib. Ququş erməni dilində oğlan adıdır. Bu xanəndə Ququş da uşaqlığında oğlanlar kimi hərəkətlər etdiyindən erməni dayəsi ona Ququş deyib, sonra bu adla sənət dünyasına girib. Erməni qadınının türk kültüründə belə yer almasının səbəbi türk qadınını şəriət adı altında qaraya və qaranlığa bükülüb evdə oturtması və sosial həyatda aktiv olmaması olub. Xalq mahnılarımızın hamısında qadınlarımızın zindan həyatı təsvir edilir. Belə ortamda türk qadını necə sosial status qazanaraq ədəbiyyata mövzu  ola bilərdi? Türk kişisi də ancaq erməni və gürcü qızlarını görüb ona şeirlər yazıb. Bir tək Əmir Teymur zamanında türklük və türklər böyük millət görüldükləri üçün Hafiz Şirazi kimi böyük şairləri türk gözəlini və türkü öyüb. Çünki Teymur özünə qürurla türk deyirdi. Ondan sonra Səfəvi-Osmanlı sarayı erməni qadınlarının əlində olub. Bütün bunların hamısı tarixdir.

- Belə bir fikir var: Müasir Güney ədəbiyyatı Şimal ədəbiyyatından daha güclüdür.

- Güney Azərbaycanda güclü ədəbiyyat ola bilməz, mümkün deyil. Çünki orada nəsr dili inkişaf etməyib və hər əlinə qələm alan farsca düşünür. Bu üzdən türkcə nəsr yaza bilməz. Dil nəsrə girmədikcə də onun şeir məhsulu da böyük əsər ola bilməz. Aristotel deyir ki, məntiq fəlsəfə üçün nədirsə, qrammatika da dil üçün odur. Bizdə qrammatik şüur yoxdur. Qarammatik şüur farsca formalaşdığı üçün dil zərfinin içində var olan fars düşünmə sistemidir. Bu sistemdə də güclü türk ədəbi əsəri yarana bilməz. İran tarixi mühiti Səfəvilərdən sonra fars dünyagörüşü və düşünmə sistemi ilə işğal edilib. Rəsulzadənin dediyi kimi, Qafqaz türklərini də ruslar o qaranlıq və antitürk tarixi mühitdən zorla qopardı. Türkməançay müqaviləsi olmasaydı, indi sizlər də ərdəbillilər, təbrizlilər kimi, qrammatikası farsca olan komik bir dillə danışacaqdınız və bu ədəbiyat-filan da heç birisi olmayacaqdı.

- Haqqınızda deyirlər ki, Güntay Gəncalp hər şeyə qarşı çıxır. Özünüz haqqında nə düşünürsüz?

- Doğru deyirlər, ancaq hər şeyə deyil. Qarşı çıxdığım çox şeylər var. Zatən sənət ruhu daşıyan insanın ilk işi qarşı çıxmaq olmalıdır. Mənim diqqətimi İslama bağlayan da bu oldu. İslam da etirazla “la” ilə başlar və etirafa “illa”ya çatar, çatdırar. Qarşı çıxmaq asan deyil. Qarşı çıxmaq üçün gərəkən araşdırma, bilgi və intellekt olmazsa, çox komik görünər və heç bir etkisi də olmaz. Sənət adamı var olanı sorğulamalıdır. Ən qəbul ediləsi durumu da sorğulayaraq qəbullanma səbəbini ortaya qoymalıdır. Qəbul edilməz olanları da uçurmalıdır. Nitşenin böyüklüyü bütün durumları sorğulayaraq uçurmasında idi. Mən İslamın etiraz məntiqindən və modernizasiyanın sorğulayıcı fəlsəfəsindən yola çıxaraq düşüncələrimi bəyan etməyə çalışıram.

- Ədəbi fəaliyyətə davam edirsiniz? Son zamanlar daha çox siyasi, tarixi mövzulardakı müsahibələrlə gündəmdəsiz.

- Üç yarımçıq romanım var, birini az qala bitirmək üzrəyəm. Bitməkdə olan “Bayındırlı Qocabəylilər” adlı tarixi romanım 1940-1950-ci illər arası İrandakı olaylar haqqındadır. “Gələcəkdən gələn qız” İrandakı qızların və qadınların həyatından bəhs edir. “Yüz il Bakının küçələrində” adlı romanım 1900-2000-ci illər arasında Qafqaz və İran arasındakı ilişkilər üzərinə qurulub. Hələlik bu üç romanla məşğulam.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları