Yuxarı

“Azərbaycanla bağlı Lavrov planı”

“Azərbaycanla bağlı  Lavrov planı”

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər cəbhə xəttində, regionda baş verənləri təhlil edib.

Politoloq “Cümhuriyyət”ə müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfərinin arxasındakı maraqlardan da danışıb. Müsahibəni təqdim edirik:

- Sülhəddin bəy, əvvəla Qarabağ danışıqları hansı mərhələdə idi ki, apreldən cəbhədə hərbi əməliyyatlar başlandı?

-  Dağlıq Qarabağ danışıqları artıq dalana dirənmişdi. Bu günə kimi irəli sürülən təkliflər etirazla qarşılanmışdı. Danışıqlar prosesində mövcud status-kvo Rusiya və Ermənistanın maraqlarına uyğun idi. Bu iki hərbi müttəfiq olan dövlətlər vəziyyəti dəyişməkdə maraqlı görünmürdülər. Rusiyanın status-kvonu dəyişməməkdə məqsədi Azərbaycanı təsir dairəsində saxlamaq idi. Eyni zamanda Ermənistanla bərabər Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu nəzarətində saxlayırdı.

Ona görə bu məsələdə birgə müttəfiq kimi hərəkət edirdilər. Ancaq regionda yaranmış vəziyyət, Ukrayna böhranından sonrakı şərait, hərbi münaqişələr Avropa təhlükəsizlik sistemini təhdid edirdi. Ukrayna böhranı göstərdi ki, baş verənlər regional münaqişələrdir. Bu münaqişələrə diqqət daha artdı və genişlənməyə başladı. Həm Avropa Birliyini, həm Azərbaycanı status-kvonu dəyişməyə vadar edirdi.

Yəni, konfliktin həllini dəyişmək istəyirdilər. Rusiya isə buna müdaxilə edirdi. Amma həm Azərbaycan, həm Ermənistan prezidentlərinin Amerikaya səfəri, Rusiyanın Nüvə sammitini boykot etməsinin ardınca, aprelin 1-dən 2-nə keçən gecə atəşkəs pozuldu. Mən cəbhə xəttində baş verənlərin arxasında Rusiyanın dayandığını hesab edirəm. Rusiya istədiyi vaxt atəşkəsi poza, istədiyi vaxt dayandıra bilir.

Bu hadisələrin fonunda Rusiya açıq mesaj verdi ki, konfliktin açarı məndədir. Elə ayın 5-də Baş Qərargah rəislərinin Moskvaya çağırıb atəşkəs imzalatmaqla buna bir daha möhür vurdular. İndi də regiona intensiv səfərlər başlayıb. Lavrov gəlib, ardınca Medvedevin səfəri gözlənilir. Putin İlham Əliyevi Moskvaya çağırıb. Bütün bu siyasətə qarşılıq olaraq ABŞ, Türkiyə və Avropa Birliyi hansı gedişlər edəcək, bunu demək çətindir.

 -   Yəni Azərbaycan status-kvonu dəyişmək istəsə də, müharibəyə başlamaq istəməyib?

-   Müharibə şəraitində bütün detalları açıqlamaq münasib deyil. Amma Azərbaycan üçün nə əlverişli hərbi şərait var, nə də kifayət qədər hərbi potensialımız. İndi mənim dediklərim cəmiyyətin əhval-ruhiyyəsinə təsir edə bilər. Amma kiçik uğurlardan eyforiyaya qapılmaq olmaz. Azərbaycan öz təşəbbüsü ilə müharibəyə başlayırdısa, niyə Rusiya dayandırdı? Kim bilmir ki, bu konfliktin arxasında Rusiya var və onunla döyüşməyə hazır olmalıyıq?! Bəs, bizim hər hansı müttəfiqimiz varmı?

Təbii, müttəfiq Türkiyədir. Ankaranın 2010-cu ildə strateji tərəfdaşlıqla bağlı müqaviləsi var. Bu müqavilədə hərbi yardım nəzərdə tutulur, amma şərtləndirilir. Yəni, Türkiyənin hərbi dəstək üçün birbaşa, imperativ hüquqi göstərişi yoxdur. Rusiya özündən min kilometrlərlə uzaqlarda Suriyada müharibə aparır. Bu onun gücünü nümayiş etdirir. Belə vaxtda rus-erməni hərbi birləşmələri ilə döyüşmək nə dərəcə əlverişli olar? Şimalda Rusiya, cənubda İran faktoru var və Azərbaycanın hərbi müttəfiqi yoxdur.

Azərbaycan yalnız indiki vəziyyətdə nə edə bilər? Fürsət düşdüyü hallarda lokal hərbi əməliyyatlarla cəbhə xəttində mövqeyini möhkəmləndirə bilər. Azərbaycann yürüdə biləcəyi düzgün strategiya lokal əməliyyatlar ola bilər. Ordu həm aktiv şəkildə hərbi müttəfiqlərini gözləməlidir, həm də Rusiyanın zəifləməsini. Ukrayna xristian və Avropa dövlətidir. NATO, ABŞ və Avropa Birliyindən dəstək alır. Amma onların heç biri Ukraynaya silah yardımı göstərmir, heç bir hərbi müdaxilə etmir.

Ona görə də nəzərə almaq lazımdır ki, Azərbaycan irimiqyaslı hərbi qarşıdurmaya gedəcəyi halda nə ola bilər. Uzaqbaşı bizə Ukraynada olduğu kimi, diplomatik dəstək verilə bilər. Bu baxımdan fikrimcə, kiçik hərbi qələbələrin eyforiyasına qapılmamalıyıq. Azərbaycanın həm xarici, həm daxili təhükəsizliklə əlaqədar strateji gücü hesablanmalıdır, ordu yüksək döyüş qabiliyyəti halına gətirilməlidir, peşəkar orduya keçirilməlidir. Biz bunları illərdir ki, bəyan edirik. Həmçinin, orduya ayrılan vəsaitlər səmərəli xərclənməlidir.

-  Əgər potensialımız və şəraitimiz əlverişsizdirsə, belə çıxır ki, cəmiyyətin bir neçə gündür müharibə ab-havasına köklənməsi, dəstək mitinqləri, dövlət səviyyəsində bu hadisələrlə bağlı tutulan mövqe nəyə lazım idi?

-  Taktiki baxımdan düzgün addım idi. Buna Azərbaycan ordusunun döyüş və gücünü nümayiş etdirməklə sülhə məcbur etmək əməliyyatı kimi baxmaq olar. Rusiya Qarabağda sülhəmramlı qüvvələri yerləşdirmək istəyir. Geopolitik qarşıdurma sərtləşdiyi vaxtda isə mövqeyi zəif olan tərəf Azərbaycandır. Bu hadisələrin arxasında dayanan Rusiyanın əsas məqsədi Azərbaycan-İran sərhədinin mühafizəsinə nəzarəti götürməkdir. Bu da ölkəmizin müstəqilliyini və suverenliyini itirmək deməkdir.

Bizim mübarizə aparıb əldə olunmuş nailiyyətlərimiz sıfırlanmış olacaq. Odur ki, belə vəziyyətdə yanlışlığa yol vermək olmaz. Ancaq o demək deyil ki, Azərbaycan buna gedəcək. Nəzərə almaq lazımdır ki, regionda Rusiyadan başqa digər maraqlı qüvvələr də var. Biz hadisələrə birtərəfli baxa bilmərik. Rusiyadan başqa, İsrail, Türkiyə, ABŞ kimi dövlətlərin də mövqeyini nəzərə almalıyıq. Çünki bu, artıq regional yox, beynəlxalq konfliktə çevrilib. Bu şəraitdə Rusiya öz gedişini edib, görək qarşı tərəf nə edəcək. Hər halda regionda maraqları olan digər dövlətlər Rusiyanın təşəbbüsü təkbaşına əlinə alıb, daha ciddi addımlar atmasına razı olmayacaq. Azərbaycanın dövlət başçısı da belə addıma yol verməz. Aldadıcı olar ki, 5 rayonun qaytarılması müqabilində İranla sərhədin mühafizəsi Rusiyanın nəzarətinə keçsin.

-   Bəs, Lavrovla görüşdə bu günlərdə alınan yüksəkliklərin yenidən qaytarılması tələb oluna bilərmi?

-   O yüksəkliklərin qaytarılması formal müzakirə olunacaq. Ancaq Rusiya Ermənistana da təzyiq edir ki, bizim tələblərimizə razı olmasanız, baxın, Azərbaycan qarşısında duruş gətirə bilməzsiniz. Bu, erməni ordusuna və cəmiyyətinə yox, iqtidarına təzyiqdir. Ancaq istənilən halda bu gün regionda yaranmış situasiyada əlverişsiz vəziyyətdə olan və dilemma qarşısında qalan Azərbaycandır. Çünki Azərbaycanla bağlı “Lavrov planı” var. Bu plana Avrasiya İttifaqına qoşulmaq, Qarabağa rus sülhməramlı qoşunlarının yeridilməsi, Xəzərə sahili olmayan dövlətlərin müdaxiləsinə imkan verməmək, Azərbaycanla İran sərhədinin mühafizəsinə nəzarət daxildir.  Rusiyanın bufer zonasını yaratmaqda siyasi məqsədi Qarabağın statusu məsələsində hərbi təhlükəsizliyi təmin etməkdir.

Rusiya ayrıca xətdə dayanıb, Ermənistan isə danışıqları uzada bilər. Seçim qarşısında qalan Azərbaycandır. Söhbət bizim torpaqlarından gedir.

Ortada işğal da var, müstəqilliyi, suverenliyi təhlükə qarşısında olan seçim də.

Bu gün Ermənistan Naxçıvanda atəşkəsi pozur. Ermənistan da bu mesajı Rusiyaya verir ki, götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bu öhdəlik də hərbi müttəfiqlikdən ibarətdir. Naxçıvanda atəşkəsin pozulmasına görə Azərbaycan cavab verəcəksə, Ermənistan obyektləri vurulacaq. Bu halda Rusiyadan dəstək istəyəcək və artıq Moskva öhdəliyi yerinə yetirməlidir. Təəssüf ki, bizim media da hadisələri analiz etmək əvəzinə, eyforiyaya qapılıb. Bir siyasətçi olaraq xalqımıza həqiqətləri deməliyik. İnsanlar bilməlidir ki, təmas xəttində nə baş verib.

-  Sülhəddin bəy, Azərbaycanın dilemma qarşısında olduğunu söylədiniz, rəsmi Bakı indi hansı seçimi etməlidir?

-  Biz hələlik danışıqların bütün detallarını bilmirik. Onu da bilmirik ki, NATO, Türkiyə və İsraillə hansı müzakirələr gedib. Amma Azərbaycanın geopolitik taleyi həlledici mərhələyə daxil olub. Ya Azərbaycan özü seçim edəcək, ya da biz olmadan yerimizə həll edəcəklər. Çünki Azərbaycanın strateji seçim etməməsi hər iki tərəfdə etimadsızlıq yaradıb. Azərbaycan isə təbii ki, demokratik strateji seçim etməlidir. Müasir və dövlətlərin iki göstəricisi var - demokratikləşmə və sənayeləşmə. Bu gün texnologiya, sənaye ABŞ, NATO, Avropadadır.

Xatırladaq ki, Avroatlantik məkana inteqrasiya ilə bağlı konsepsiya bəyan olunub, amma heç bir addım atılmayıb. Yadınızdadırsa, bu konsepsiya 2007-ci ilin mayında bəyan olundu, 2008-ci ildə Gürcüstanda müharibə başladı, sonra Ukrayna böhranı başladı və Azərbaycan geri çəkildi. Qorxunun isə əcələ faydası yoxdur.

Aslan Nəsirov





Həftənin ən çox oxunanları