Yuxarı

28 mayla bağlı yeni faktlar

28 mayla bağlı yeni faktlar

"İstiqlal Bəyannaməsini Məhəmməd Əmin Rəsulzadə yazıb”

Nəsiman Yaqublu: "Cümhuriyyəti qorumağa gücümüz çatmadı”

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 99 il keçir. Ötən bir əsrə yaxın müddətdə Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik ölkə, qadınlara seçkilərdə iştirak etmək hüququ verən ilk dünya dövlətlərindən biri, həmçinin Azərbaycanda yaşayan etniklərə mədəni, siyasi və digər azadlıqları tanıyan ilklərdən biri kimi hələ də özündən söz etdirir. Cəmi 23 ay yaşamış bu əfsanəvi cümhuriyyət mühafizəkarlıq və cəhalətin dərinə kök atdığı qaranlıq bir dönəmdə istiqlaliyyət üçün mübarizə aparan millətlərin yollarına işıq salmağı bacarmışdı. Bu fenomenal ölkənin çökməsi də yaranması qədər ziddiyyətli məqamlarla doluydu.

"Cümhuriyət” qəzeti tarix elmləri üzrə fəlsəfə doktoru, tədqiqatçı, Rəsulzadə İrsini Araşdırma Fondunun rəhbəri Nəsiman Yaqublu ilə Xalq Cümhuriyyəti dönəmində Azərbaycanda baş verən ziddiyyətli ictimai-siyasi proseslərin yaratdığı suallara cavab axtarmağa çalışıb. Cebhe.info müsahibəni təqdim edir. 

- Nəsiman bəy, iddia var ki, dövlətin rəsmi adı Azərbaycan Xalq Cümhuriyyəti yox, Azərbaycan Cümhuriyyəti olub. Bu iki ad arasında ciddi fərq vardımı, yaxud bu iddia doğrudurmu?
- Sənədlərdə "Azərbaycan Cümhuriyyəti” kimi yazılıb. "Cümhuriyyət” sözünün mənası, "xalq cümhuriyyəti”, "xalq hakimiyyəti” deməkdir. Ərəb - fars lüğətindən bu sözü tərcümə edəndə bu mənanı verir. Məhəmməd Əmin Rəsulzadə 1917-ci ildə "Açıq söz” qəzetində dərc olunan məqaləsində də bu haqda yazırdı. Yazırdı ki, "Cümhuriyyətdən cümhuriyyətə fərq var. İki formada da cümhuriyyət var. Bir var cümhuriyyəti-ənam, bir də var cümhuriyyəti-xas. Yəni, bir var xalqın hakimiyyəti, bir də var seçilmiş, imtiyazlı adamların hakimiyyəti. Bizə cümhuriyyəti-ənam, yəni xalq hakimiyyəti lazımdır”. Bir sıra mənbələrdə "Azərbaycan Xalq Cümhuriyyəti” yazılır, amma bu, Azərbaycan Cümhuriyyəti mənasındadır. Həmin adlar eyni mənanı daşıyır. Azərbaycan Cümhuriyyəti də Azərbaycan Xalq Hakimiyyəti deməkdir, Azərbaycan Xalq Cümhuriyyəti də bu deməkdir.

"İndi Topçubaşovu günahlandıraq ki, niyə sədr ola-ola parlamentə getməyib?”

- Bir sıra hallarda Məhəmməd Əmin Rəsulzadə personasını kiçiltməyə çalışırlar. Deyilir ki, guya təhsilsiz olub, dövlət başçısı olmayıb. Sizcə, bu nə dərəcədə əsaslı iddiadır, qısqanclıq deyilmi?
- Bu, qısqanclıq və savadsızlıqdır. İnsan öz tarixindən nə qədər savadsız olmalıdır ki, bu sözləri desin. Rəsulzadə bu cümhuriyyətin qurucusudur. O, cümhuriyyətin əsaslarını hazırlayan və bu yolda mübarizə aparan şəxsiyyətdir. Azərbaycan Cümhuriyyəti birdən-birə qurulmadı. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması uğrunda mübarizə gedirdi və bu mübarizənin başında Məhəmməd Əmin Rəsulzadə dayanırdı. 1911-ci ildə Azərbaycanda ilk siyasi partiyanı da Rəsulzadə yaradıb. Həmin partiya Azərbaycanın azadlığı, müstəqilliyi və cümhuriyyətin qurulması uğrunda mübarizə aparan yeganə siyasi təşkilat olub. Necə ola bilər ki, bu partiyanı yaradan adam mübarizədən kənarda qalıb? Məntiqli deyil. 1917-ci ildən - Burjua inqilabından sonra "Azərbaycana muxtariyyər” və "Azərbaycana müstəqillik” şüarlarını irəli sürən də Məhəmməd Əmin Rəsulzadə olub. 1917-ci ilin aprelin 15-dən 20-dək Bakıda keçirilən Qafqaz Müsəlmanları Qurultayında Azərbaycana muxtariyyətin verilməsi ilə bağlı ilk çıxışı Rəsulzadə edib. 1917-ci ildə Moskvada keçirilən Rusiya Müsəlmanları Qurultayında  Rusiyada yaşayan müsəlmanlara muxtariyyət tələb edən də o idi. Necə olur ki, bu tələbləri irəli sürən adam dövlətin başçısı adını daşıya bilmir? 
Həmin dövrdə qurulan hakimiyyət, parlamentli respublika idi. Belə sistemdə də partiyaların səsvermələriylə hökumətlər formalaşır. Həmin dönəmdə ən böyük fraksiya, Müsavat fraksiyası idi. Fraksiyanın başçısı da Məhəmməd Əmin Rəsulzadə idi. Yəni, Rəsulzadə səs verməsəydi heç bir şəxs yüksək vəzifələrə (baş və digər nazir postları) təyin oluna bilməzdi. Necə olur ki, baş nazir və nazirləri təyin edən şəxs dövlət başçısı sayılmır? Rəsulzadə Azərbaycan Milli Şurasının sədri idi. Azərbaycanın istiqlaliyyətini də Milli Şura elan etmişdi. Necə olur ki, istiqlaliyyəti elan edən qurumun rəhbəri dövlət başçısı sayıla bilmir? Nəhayət, Azərbaycanın Milli İstiqlal Bəyannaməsini də Məhəmməd Əmin Rəsulzadə yazıb. Bir sıra mənbələr iddia irəli sürürlər ki, Rəsulzadə bəyannaməni imzalayanlar arasında yox idi. Biz bununla bağlı yeni sənəd tapmışıq, əslində yeni deyil, amma o mənada yenidir ki, İstiqlal Bəyannaməsini Məhəmməd Əmin Rəsulzadə yazıb Nəsib bəy Yusifbəyli vasitəsilə Batumidən Tiflisə göndərib və burada İstiqlal Bəyannaməsi oxunub. Bunu yazan adam imza atan adamdan fərqlənir? Sadəcə ona görə imza ata bilməmişdi ki, Batumidə türklərlə danışıqlar aparırdı. Həmin danışıqlarda Bakı şəhərinin azad olunması müzakirə mövzusu idi. Türklərlə danışıqları yarımçıq qoyub necə imzalamaq üçün gələ bilərdi? Həmin müqavilə əsasında da Qafqaz İslam Ordusu Bakı şəhərini azad etdi. Hansı önəmli idi: Bakını azad etmək, yoxsa kağıza imza atmaq? Bakını - Azərbaycanın paytaxtını azad etmək daha vacib idi. Bu insanları imza yox, Azərbaycanın taleyi maraqlandırırdı. Əlimərdanbəy Topçubaşov Azərbaycan parlamentinin sədri olub. Amma bir saat da olsun, o parlamentə sədr getməyib. İndi Topçubaşovu günahlandıraq ki, niyə sədr ola-ola parlamentə getməyib? Amma Topçubaşov bu vəzifədən daha böyük iş gördü. Parisə gedib Versal Sülh Konfransında Azərbaycanı dünyaya tanıtdı. Azərbaycanın dünya dövlətlərinə tanıdılması daha önəmliydi. Bu insanların hər biri haqqında belə məqamlar var. Nəhayət, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqudur, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu və yaradıcısıdır. Cümhuriyyət ideyasını verən və bunu reallaşdıran şəxsiyyətdir.

"Bütöv Azərbaycan ideyasının müəllifi də Rəsulzadədir”

- O məsələ də indi gündəmə gəlib ki, dövlətin rəsmi adı Şirvan olmalıydı, "Azərbaycan” deyiləndə Güney Azərbaycan nəzərdə tutulur. Sizcə, "Azərbaycan” adı hansı coğrafiyaları əhatə edirdi? AXC dönəmində qurulmuş dövlətə Azərbaycan adının verilməsi məsələsini kim ortaya atdı?
- Milli hökumətin böyüklüyü onda idi ki, bu dövlətin adını Azərbaycan qoydu, Azərbaycanı güneyli, quzeyli bir ad altında birləşdirdi. Bütöv Azərbaycan ideyasının müəllifi də Məhəmməd Əmin Rəsulzadə idi. Biz bu dövlətin adını Azərbaycan qoymaqla Güneydə yaşayan soydaşlarımızın da dövlət olmaq haqlarının olduğunu dünyaya çatdırdıq. Bu mənada Azərbaycan adı daha effektli seçim oldu. Bu günədək də bu ad yaşayır, bu ölkə həm Güney, həm də Quzeydəki soydaşlarımız üçün vətən olaraq qalır. Bu mənada Rəsulzadə böyük şəxsiyyət idi.

"İşğalçı rus ordusuna qarşı müqavimət oldu”

- Xalq Cümhuriyyətini saxlamaq mümkün idimi? Deyilir ki, müqavimət olmadı.
- Azərbaycan Xalq Cümhuriyyətini qorumaq mümkün deyildi. Çünki 60-70 minlik rus-bolşevik ordusu Xaçmaz - Yalama istiqamətindən sərhədləri keçib Azərbaycana daxil olmuşdu. Bizim də 25 minlik ordumuz vardı. Həmin vaxt ordunun böyük hissəsi ermənilərin qiyam qaldırmalarına görə Qarabağa getmişdi. Nəticədə bizim müqavimət göstərməyimiz çətin oldu. Amma müqavimət olub, Yalama və Xaçmazda döyüşlər gedib. Sərhəddə olan Azərbaycan əsgərləri rus ordusuyla döyüşüblər, məndə bunun video görüntüsü var, Moskva arxivlərindən gətirmişəm. Həmin görüntüdə Azərbaycan hərbçilərinin XI orduya güllə atması, döyüşməsi öz əksini tapır. Yəni, bizim gücümüz çatmadı. Amma lokal şəkildə döyüşlər gedib, üsyanlar baş verib. İki həftəyə Xalq Cümhuriyyətini devirdilər. Lakin Zaqatala, Şəki, Naxçıvan və digər yerlərdə Sovet rejiminə qarşı üsyanlar olub. 150-dən çox üsyan baş vermişdi. Amma gücmüz çatmadısa, biz nə edək? Heç 25 ildə Qarabağa gedib bir kəndimizi belə geri qaytara bilməmişik. Bəzi şeylər var ki, bunlar güclə ölçülür. Gücümüzün az olmasına baxmayaraq, müqavimət olub və bunu da Məhəmməd Əmin Rəsulzadə təşkil edib.

- Nəsiman bəy, bəs o dövrdə Qarabağ münaqişəsi hansı yerdə idi?
- Həmin dönəmdə güc yoluyla Qarabağ məsələsini həll etmişdilər. Xosrov bəy Sultanovu Qarabağa general-qubernator təyin etmişdilər. O da bütün erməni separatçılarını yerində oturtmuşdu. Ermənilərin hamısı nəticədə Azərbaycan vətəndaşı olmağı qəbul etmişdilər. Qarabağ problemi tamamilə həll edilmişdi. Güc, silah və danışıqlar yolu bu məsələnin həllində istifadə olunmuş əsas vasitələr idi. Problemi uzanmağa qoymamışdılar. Görürsünüz, münaqişə uzandıqca nə qədər Azərbaycan əraziləri işğal olundu. O vaxt isə milli hökumət buna imkan vermədi. Qarabağda əməliyyatlar keçirib bölgəni separatçı qüvvələrdən təmizlədilər, ermənilərə Azərbaycan vətəndaşı kimi burada yaşamaq haqqı verdilər. 

"İrəvan təkcə bizimlə bağlı məsələ deyildi”

- Məlumata görə milli hökumət İrəvanı Ermənistana 99 il üçün vermişdi. Bu iddia doğrudurmu? Bir fikir də var ki, hökumət İrəvanı Nuru Paşanın təkidi ilə vermişdi və buna görə də Osmanlının Azərbaycanı tanıyacağı bildirilmişdi.
- Hər şey gücə bağlıdır. Bizim həmin dönəmdə nəinki Bakını, heç İrəvanı azad etməyə gücümüz yox idi. Yalnız Osmanlı və digər böyük dövlətlərlə razılaşdırmışdıq ki, Bakı şəhərini azad edirik və bu şəhər Azərbaycanın paytaxtı olacaq. 14 minə qədər erməni silahlı qüvvələri Bakıda idi. Təxminən bir bu qədər qüvvə ilə də İrəvanı qoruyurdular. 
Bizə hansı lazım idi: Bakı, yoxsa İrəvanı azad etmək? Biz seçim qarşısında qalmışdıq. Əlbəttə, bizə ilk növbədə həm strateji əhəmiyyətinə, həm Xəzər dənizinə, həm də Azərbaycanın tarixi paytaxtı olduğuna görə Bakı lazım idi. Bizim gücümüz Bakını qorumağa çatırdı. Ermənilərdən torpaq almaq asan məsələdirsə, bu 25 ildə niyə bir kəndimizi belə azad edə bilməmişik? Həmin dönəmdə də İrəvanı almağa gücümüz çatmırdı, çünki silahlı qüvvələrimiz yox idi. Türk ordusu - Qafqaz İslam Ordusu da Bakını azad etməyə gəlmişdi. Osmanlı dövlətinin özü də həmin vaxt ölüm-dirim savaşı aparırdı. Belə bir vəziyyətdə türk ordusunun iki cəbhədə döyüşməyə gücü yox idi. Buna görə də ölkəmizin qurucuları ağıllı manevr etdilər və Bakının azad edilməsi məsələsini önə çəkdilər. Beləliklə, Azərbaycan paytaxtı azad olundu. Məsələnin içində beynəlxalq, daxili və digər səbəblər var. Yəni, İrəvan məsələsi təkcə bizə bağlı deyil. Burada beynəlxalq dövlətlərin maraqları vardı ki, ermənilərə paytaxt verilməlidir.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları