Yuxarı

Elçibəyin köməkçisi 22 illik sirlərdən danışdı

Elçibəyin köməkçisi 22 illik sirlərdən danışdı

"17 ildir bəy yoxdur, qırın bir-birinizi, nə edirsinizsə, edin”

Əli Mürsəloğlu: "Elçibəy Kələkiyə getməklə doğru addım atdı”

Azərbaycanın mərhum prezidenti, Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin doğum günü ərəfəsində onunla öz evində görüşdük. Yaşayış binasının 4-cü mərtəbəsində yerləşən köhnə mənzili iki otaqdan ibarətdir. Neçə ildir əl gəzdirilməyib. Bizi - məni, "Cümhuriyət” qəzetinin digər əməkdaşı Müşfiq Abdullanı və KXCP sədrinin müavini Xəzər Teyyublunu qonaq otağında qarşıladı. Bura kiçik və təzələyini çoxdan itirmiş otaq idi. Divarlar Əbülfəz Elçibəyin iri portreti, onun keçirdiyi rəsmi görüşlər və iştirak etdiyi tədbirlərdə çəkilən fotoşəkillərlə bəzədilmişdi. Türkiyə Cümhuriyyətinin qurucusu  Mustafa Kamal Atatürkün şəkili, türk dövlətlərinin - Azərbaycan və Türkiyənin bayraqları da diqqətdən yayınmadı. 

Əbülfəz Elçibəyin şəxsi köməkçisi Əli Mürsəloğludan danışırıq. Xalq Cəbhəsi liderinin doğum günü münasibəti ilə qonaq etdiyi evində suallarımızı cavablandırdı. Müsahibənin sonunda bizi Ordubad pendirinə və çaya qonaq etdi, xatirə şəkili də çəkdirdik. Elçibəyin Kiprdə yaşayan mühafizə idarəsinin rəisi İlqar Səidoğlu da telefon əlaqəsinə çıxdı, bizə təşəkkür edərək millətimizə salamlarını çatdırdı.

"Elçibəy millətə azadlığı dadızdırdı”

- İyunun 24-də Milli Azadlıq Hərəkatının və Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin doğum günüdür. Elçibəy Azərbaycan üçün, demokratik hərəkat üçün kim idi?
- Hər millətin özünün milli kimliyi var. Elçibəy bu millətə həqiqətlərin içini açıb göstərən, bu millətin kimliyini ona izah edən lider idi. O, doğru yolu görə və bu yola çıxardığı milləti yönəldə bilirdi. Bəy bu millətə yol göstərdi, onun həqiqətlərini, onun vəzifələrini aşıladı ki, özünü tanısın. Elçibəy bu millətə azadlığı tanıtdı, bunun nə olduğunu dadızdırdı. Bəy millətə dəyişməyi öyrətdi, bu Allahın da xoşuna gələn əməldir, Allah da ona bu müqəddəs yolda yardım edirdi. O xalqını sevirdi. 17 illik yoxluğunda Bəyi kimlərsə unutdu, amma mən hələ də ondan danışıram. Əgər bəyin xalqı üçün çıxdığı yolu heç kəs bilmirsə, bu onun yanlışıdır, Elçibəyin yox. Demək ki, həmin adamlarda nəsə çatmır. Doğru yolun həmişə əziyyəti olur, bəy də öz idealları yolunda çox əziyyət çəkdi, amma millətə həqiqətləri göstərdi. Elçibəyin adını "xəyalpərəst” qoymuşdular, amma bəyin hesablamaları doğruydu, gec-tez atdığı addımlar öz müsbət nəticəsini verirdi. O, xəyalpərəst deyildi, hədəflərinin üzərinə gedirdi və qalib olurdu. Bəy öz ideallarına inanırdı və həyata keçirirdi.

"Ankarada həkimə dedim ki, sən hələ Elçibəyin kim olduğunu bilmirsən”

- Elçibəyin yoxluğundan 17 il ötür. Ondan sonra yoxluğunu unutduran, boşluğunu doldura bilən lider yetişmədi. Sizcə, bəy davamçı yetişdirə bilmədi, yoxsa davamçıları sonadək nəinki Elçibəy, heç elçibəyçi də ola bilmədilər?
- Türkiyədə xəstəxanada olarkən həkimə dedim ki, bəy mənim üçün hər şey deməkdir. Xəstəliyi barədə doğru məlumat almaq istədim. Həkim mənə dedi ki, narahat olma, başqa liderlər də var. Ona baxıb güldüm, dedim ki, sən hələ Elçibəyin kim olduğunu bilmirsən, sən yaxşı həkim ola bilərsən, amma sən yaxşı insan olsaydın, bəyin kim olduğunu anlayardın. Həmin vaxt bəzi adamlar da vardı ki, "Elçibəy yoxdu, başqaları var”, deyirdilər. Varsa, hanı? Ortaya çıxsınlar, biz də görək. Bu milləti millət edən Elçibəy idi. O, lider kimi doğulmuşdu. Elçibəy pislərə də yaxşılıq etməyi bacaran yeganə liderlərdən idi. Bunu bacaran siyasətçi lider ola bilər. Amma indi belə adamlar varmı? Yoxdur. Hazırda lidersizlik şəraitində millət nə istədiyini bilmir. O vaxt azadlıq istəyirdi. İndi cəmiyyətdə fərdlər şəklində nəsə istəyirlər, toplum olaraq biz indi nə istədiyimizi bilmirik. Toplum azadlıq yox, ayrı şeylər istəyir. Biz zamanı dəyərləndirə bilmirik.

"Heç kəs onun qədər səmimi olmadı”

- Bəs, niyə cəmiyyət Elçibəyin göstərdiyi o yolu gedə bilmədi?
- Gücü çatmadı. Bəyin vəfatı da cəmiyyəti getdiyi yoldan çıxardı. 1997-ci ildə Kələkidən Bakıya qayıdan günün səhəri Elçibəy  mətbuat konfransı keçirdi. Bir jurnalist sual verdi ki, 4 illik Kələki həyatı haqda nə deyə bilər. O, cavab verdi ki, millətimə vermək istədiyim şeyləri verə bilmədim. Amma bəydən sonra onun boyda lider yetişmədi, hərə bir tərəfdən çıxıb "lider” olduğunu dedi. Heç kəs onun qədər səmimi və lider deyildi.

- 1993-cü ilin 18 iyununu necə xatırlayırsınız? Siz onda Kələkidə idiniz. Əbülfəz bəy də Kələkiyə gəldi. Kimlər var idi yanında, onu ilk qarşılayanlar kimlər oldu və ilk sözü nə oldu? 
- Həmin ərəfədə Türkiyədə idim. Türkiyədən Kələkiyə gəldim. "TRT” kanalı Elçibəydən müsahibə götürürdü. Jurnalist Kələkiyə gəlişi ilə bağlı sual verdi. Bəy cavab verdi ki, bir kişinin evi yanırdı, amma o gülürdü. Ondan niyə gülməyini soruşurlar, o qayıdır ki, evdə də o qədər bit-birə vardı. Sevinirəm ki, onlar da yandı. Bəy bu millətə nəsə vermək istəyirdi, amma başqaları bunu istəmirlər axı.

- Sizcə, bir prezidentin hakimiyyətdən imtina edib bir kəndə getməsi məntiqli idi?
- İndiki düşüncəmə görə, bəy həmin vaxt bununla doğru addım atmışdı. Çünki onu müdafiə edəcək qüvvələr yox idi. Bu olmayandan sonra sən nə edə bilərsən, ortada tək qalacaqsan?

- Amma o mövqeyini həmişə bununla əsaslandırırdı ki, qan tökülməməsi üçün Kələkiyə gedib. "Məni müdafiə edən yox idi”, deməyib.
- Bu məsələnin bir tərəfi idi. Amma məsələnin görünən tərəfi ilə yanaşı, görünməyən tərəfləri də var. Sən baxırsan ki, savaş evin içində gedir, bir ailə savaşır. O da qardaşdır, bu da qardaşdır. Bu zaman ata kənara çəkilir və deyir ki, ev sizin olsun, amma bir-birinizi qırmayın.

- Bəs, sonra niyə Bakıya qayıdıb hakimiyyətə iddia etdi?
- Bu iddia deyildi, bu onun haqqı idi. Bəyin hakimiyyətdə haqqı vardı. O, haqqını tələb edirdi. Bəy o vaxt hamını - Mütəllibovu da, Vəzirovu da barışığa dəvət etdi. Keçmiş dövlət başçılarını bir yerə yığıb Azərbaycanı bəladan çıxarmağa çalışırdı. O, heç kəs arasında ayrıseçkilik qoymurdu. Amma bir sıra qüvvələr buna mane olurdular.

"Ona ümid yeri kimi baxırdılar, indi o ümid yoxdur”

- Elçibəyin 4 illik Kələki dövrü ilə bağlı hansı maraqlı məqamlar yadınızdadır?
- Bakıdan bəyin yanına insanlar gəlirdilər, ona ümid yeri kimi baxırdılar. Kələkidə mitinqlər, tədbirlər keçirilirdi. Amerikadan, İngiltərədən, dünyanın hər yerindən bəyin yanına insanlar gəlirdilər. Həmin vaxt Kələkidə insanların ümid yeri vardı. Amma indi həmin Kələki yoxdur, heç ümid də yoxdur. O vaxt insanlar bilirdilər ki, bəy gələcək və sözümüzü deyəcək. İndi belə ümidimiz yoxdur.

- Niyə indi Elçibəyin inamının arxasında getmək mümkün deyil?
- İnsanların özlərinə inamları itib. Məsələn, biz cəbhədə olarkən bir qadın vardı. O bizə dedi ki, bəylə ziyarətə getmək istəyir. Nardarana getdik. Pirin qabağına çatanda xanım bəydən dayanmasını xahiş etdi. Qadın əlini yerə atdı, 7 qarış ölçdü və torpağı yalamağa başladı ki, bəyin ayaqları ora dəyib. Bəy onu qaldırdı və "Etmə!”, dedi. İndi belə insanlar varmı, indi liderə qarşı belə məhəbbət varmı? Bu, Allahın sevgisi və bəyin iradəsi idi. İndi inam yoxdur.

"Fəzail Ağamalı, Kamal Abdulla Kələkiyə gəlmişdi”

- 4 ildə Kələkiyə müxalifətdən, hakimiyyətdən kimlər gəldi? Nə danışdılar? 
- Məsələn, Fəzail Ağamalı öz oğluyla, Kamal Abdulla gəlmişdi. Hakimiyyətin göstərişi ilə Kələkiyə getmişdilər.

- Niyə gəlmişdilər, Elçibəydən Bakıya qayıtmasını xahiş etməsi üçün, yoxsa?
- Həmin vaxt belə bir məsələ vardı. 1995-ci ildə gələcəkdi, amma son anda plan dəyişdi.

"Biz bəyi yox, o bizi qoruyurdu”

- Elçibəyin ən yaxınında olanlardan biri də sizsiniz. Bəyi kimlər qoruyurdu və necə qorunurdu?
- Əslində bəy bizi qoruyurdu. Biz kim idik ki, bəyi qoruyaq? Bir dəfə tədbirdən çıxanda Elçibəy hündürboylu oğlandan kim olduğunu soruşdu. O bildirdi ki, bəyin mühafizəçisidir. Qayıdıb gülə-gülə cavab verdi ki, mən sizi qoruyuram, siz məni yox. Bəy saf, mərd və humanist insan idi.

- O vaxtkı Türkiyə hökumətinin Elçibəyə münasibəti necə idi? Deyilənə görə Elçibəy Kələkidə olduğu müddətdə onu Türkiyə hərbçiləri də qoruyub…
- Bəli, belə bir fakt var. Bunun da başında Tansu Çillər dururdu. Çox sədaqətli qadın idi. Bizi Türkiyədə öz evində də qonaq edib.

- Siz Kələkidə nə qədər qaldınız?
- Bəy Bakıya qayıdanadək - 4 il 4 ay Kələkidə qaldım. Bəylə birlikdə də Bakıya qayıtdım.

- Kələki Elçibəyin orada olduğu vaxtda həm də siyasi mərkəzlərdən birinə çevrilmişdi. AXCP rəhbərliyi də tez-tez orada olurdu, Rəyasət Heyətinin də iclasları keçirilirdi. Heç gərgin keçən toplantılar olubmu Kələkidə?
- Gərginlik vardı. Bəy Kələkidə keçirilən tədbirlərdən birində dedi ki, mən artıq gördüyünüz o Elçibəy deyiləm. Həmin vaxt bir nəfər vardı, qayıtdı ki, biz də həmin adamlar deyilik.

"Bəyin "Yurd”la münasibəti Kələkidə olanda da gərgin idi”

- Bizdə olan məlumata görə, hələ 1993-cü ildən AXC-də kök salmış "Yurd” qrupu ilə Elçibəyin münasibətləri Bəy Kələkidə olarkən də gərgin olub.
- Bəli, doğrudur. Münasibətlər gərgin idi. Bunun da səbəbi ağılsızlıq idi. Oğulun atanının üzünə qayıtması, nə deməkdir? Kimsə Elçibəy ola bilər? Heç yanında, keçə bilməz.

- Əli Kərimli Kələkidə niyə ağladı?
- Deyilənə görə, Əli Kərimli Kələkidə bəyin yanında bir daha xəyanət etməyəcəyinə dair ağlayaraq vəd verib. Xatırlayırsınızmı? Hər halda xatırlamamış olmazsınız. Bəy heç vaxt zəmin yaratmazdı ki, kimsə belə etsin. Çünki o, heç vaxt insanları sındırmırdı, o, böyük insan idi. Bəy mahiyyətindən asılı olmayaraq, bütün insanlara dəyər verirdi. Amma təəssüf ki, bəzi insanlar bunu başa düşmürdülər, indi də düşmürlər.

- Əli bəy, artıq Elçibəy həyatda yoxdur. Vaxtilə ətrafında olanlar da pərən-pərən düşüb. Nə birlik qalıb, nə ideya. Bu gün deyə bilərsinizmi Elçibəyə kimlər və nəyə görə xəaynət etdilər?
- "Xəyanət” deyəndə ki, müxalifət hər yerdə olur. 17 ildir bəy yoxdur, qırın biri-birinizi, nə edirsinizsə edin. Bəy sipər idi, qabaqda durmuşdu. Nə qədər daş atırsansa, at. Bəyin özü də deyirdi, əlinizə fağır bir prezident düşmüşdü, sağdan da vururdunuz, soldan da vururdunuz, kef edirdiniz. Daş da atırdırlar, təhqir də edirdilər. Nə etmisənsə, bunların hamısının əvəzini bir gün ödəyəcəksən.

"Hər gün Savalana baxır, Güneydən yanğı ilə danışırdı”

- Elçibəy qayıdandan sonra "bundan sonrakı siyasi fəalliyyətimi Güney Azərbaycana, Azərbaycanın bütövləşməsinə həsr edəcəyəm” demişdi. Kələkidə bəyin Güney Azərbaycanla bağlı hansı fəaliyyətləri vardı? Güneyli siyasi fəallarla görüşürdümü?
- Həmin ideyalarını Kələkidən həyata keçirməyə çalışırdı, fəaliyyətini Bakıdan getdikdən sonra da dayandırmadı. Həmin vaxt Əjdər Tağızadə tez-tez bəyin yanına gəlirdi. Eldar Qaradağlı da gəlmişdi. Gələnlər çox idi. Savalan dağı Kələkidən görünürdü, bəy hər gün bu dağa baxırdı. Tez-tez deyirdi ki, nə vaxt insanlar ora toplaşacaqlar, Azərbaycan birləşəcək. Güneydən həmişə yanğılı danışırdı. Heç vaxt "Güney Azərbaycan” demirdi, "Azərbaycanın Güneyi” deyirdi. Bəy sözü həmişə birbaşa deyirdi. İnanıram ki, Elçibəyin ideyaları həyata keçəcək. Bu, elə bir mərhələdir ki, heç kəs bunun qarşısına keçə bilməz. Cəmiyyətin özü istəməlidir və bunun üçün də maariflənməlidir. Zaman gələcək cəmiyyətin özü düşünəcək, baş verənləri anlamağa başlayacaq. İşıqlı gənclərimiz var, sadəcə yönəltmək lazımdır. 

"Elçibəyin devrilməsində Türkiyənin də əli var”

- Elçibəy hakimiyyətinin devrilməsində sıralamanı belə sistemləşdirmək olarmı: Rusiya, İran, daxildə Rusiya və İrana işləyənlər, Azərbaycanın parçalanmasını istəyənlər və AXC hakimiyyətindəki bacarıqsız kadrlar? 
- Rusiya və İranı bilirik, bu iki dövlət var. Ancaq Türkiyənin adı çəkilmir. Həmin prosesdə Türkiyə də vardı, bəyin özü də bunu deyib. Bəy dedi ki, Rusiya və İranı bilirdim, amma inanırdım ki, Türkiyə məni qoruyacaq. Amma Türkiyə onu qorumadı. Qonşu dövlətlər güclü Azərbaycan istəmirdilər. Bəy dedi ki, Türkiyə məni kürəyimdən vurdu. Qəliz məsələlər var, ora girmək bir qədər çətindir.

"Deyirdi ki, xalqın malı ilan sümüyüdür, bir gün boğazında qalacaq”

- Tale elə gətirdi ki, Əbülfəz bəyin son günlərində yanında oldunuz, Türkiyədə, Gülhanə Tibb Akademiyasında. Son günlərində nələrdən danışırdı?
- Son günlərində tez-tez deyirdi ki, millətimə vermək istədiklərimi verə bilmədim. Çox pis oldum. Bəy o sözü deyəndən sonra hər dəfə hamama girib doyunca ağlayıb çıxırdım. Elçibəy eldən getdi. Fərabi deyirdi ki, dahi şəxsiyyət öləndə onu yox, yerdə qalanları ağlayın. Bu millət kimi itirdiyini bilmirdi. Mədəniyyət, əxlaq - hamısı getdi. Bəyə Türkiyədə "Kübar” deyirdilər. Bir ay qaldığı müddətdə o, Türkiyədə çox mədəni insan kimi özünü tanıtdı, bu adı mədəniyyətinə və əxlaqına görə qazanmışdı. Dünyanın heç bir yerində bir şəxsə qarşı belə müraciət forması yoxdur. Bəyin ilk sözü bu idi ki, dürüst ol, öz millətini tanı, xalqın malı ilan sümüyüdür, bir gün boğazında qalacaq. Deyirdi ki, mənim millətimə kimsə söz deyə, qardaşım Almurad da olsa, güzəşt etmərəm, çünki o mənim millətimdir.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları