Yuxarı

İdarəetmədə yeni sistem: İcra hakimiyyətləri ləğv edilə bilər?

İdarəetmədə yeni sistem: İcra hakimiyyətləri ləğv edilə bilər?

İdarəetmədə yeni sistem: İcra hakimiyyətləri ləğv edilə bilər?

Ölkədə mərkəzi və yerli icra orqanlarının fəaliyyətinin optimalaşdırılması vacib şərtlərdən birinə çevirilib.

Artıq bu istiqamətdə addımlar atılır. Bir sıra nazirliklərin rayon şöbələri ləğv edilərək, digərlərini birləşdirilir, bəzi hallarda isə regional idarələr yaradılır.

İdarəetmənin optimalaşdırılması istiqamətində addımlar Gəncə şəhərində də aparılır. Millət vəkili Naqif Həmzəyev bildirib ki, qarşıdan gələn dövrdə də yerli və mərkəzi icra orqanlarının fəaliyyətinin optimallaşdırılması ilə bağlı tədbirlər davam etdiriləcək:

"Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı irəli sürülən təşəbbüs ölkənin ikinci böyük şəhərində idarəetmənin keyfiyyətinin yüksəldilməsi və vətəndaşların rahatlığının, məmnunluğunun təmin edilməsi məqsədi daşıyır. Əhalisinin sayına görə Gəncə şəhərinə yaxın olan Sumqayıt şəhərinin nümunəsi göstərir ki, idarəçiliyin bir mərkəzdən həyata keçirilməsi daha səmərəli və optimal mexanizmdir”.

Millət vəkili qeyd edib ki, bunun nəticəsində vətəndaşların müraciətlərinə baxılma mexanizmi sadələşdiriləcək, onların problemləri daha çevik şəkildə həll olunacaq, idarəetmə sistemində çoxpilləlilik, paralellik, təkrarçılıq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ hallar aradan qaldırılacaq:

"Eyni zamanda əhalinin sosial-mədəni və məişət ehtiyaclarının ödənilməsi və qanunçuluğun təmin edilməsi ilə bağlı qərarların icrasının səmərəliliyi daha da artacaq, böyük idarəetmə aparatı ləğv ediləcək və büdcə vəsaitlərinin sərfiyyatına qənaət olunacaq”.

Qeyd edək ki, bir qədər əvvəl bəzi İcra hakimiyyətlərinin fəaliyyətləri ilə bağlı aşkarlanan və cəmiyyətə təqdim olunan neqativ hallar ümumiyyətlə, idarəetmədə köklü islahatların aparılması kimi müzakirələrə səbəb olmuşdu. İcra hakimiyyətlərinin ləğv edilməsi, böyük şəhərlərdə mer seçkilərinin keçirilməsi, bələdiyyə institutunun təkmilləşdirilməsi təklflər sırasında idi.

İdarəetmədə optimalaşdırmanın qeyd olunan təkliflərin reallaşması, yəni köklü dəyişikliklər vasitəsilə həyata keçirilməsi, yoxsa Bakı, Gəncə kimi böyük şəhərlərdə icra hakimiyyətlərinin ləğvi, sayının azaldılması üsulu ilə aparılması daha uğurlu hesab edilir?

Millət vəkili Tahir Rzayev "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, bütün sahələrdə islahatlar getdiyi bir zamanda idarəetmədə də yeniliklər vacibdir:

"Çevik bir mexanizm formalaşdırılmalıdır. Vətəndaşların müraciətlərinin tez bir zamanda həllini tapması üçün idarəetmədə təkmilləşdirmənin aparılması günün reallığına çevirilir. Məlumatlı olan insanlar bilirdilər ki, Gəncənin Nizami və Kəpəz rayonları uzun müddət idi ki, fəaliyyətsiz qurumlar idi. Onlar Gəncə İcra Hakimiyyətinə tabe idi, özlərinin heç bir səlahiyyətləri yox idi. Bütün məsələlərlə bağlı icra hakimiyyətinin tövsiyələrini qəbul etməli idilər. Ona görə də hesab edirəm ki, bu cür qurumların ləğv edilməsi zəruridir. Hansı təşkilat, qurum öz funksiyasını yerinə yetirmirsə, onun ləğv olunması qaçılmazdır. Cənab Preziidentin sərəncamı ilə bir çox paralel qurumlar ləğv olunur. Bələdiyyələrin funksiyalarının artırılması məsələsinə gəldikdə isə, çox vaxt bu qurumları icra orqanları qarışdırırlar. İcra orqanlarının əsasnamələri var və səlahiyyətləri məlumdur, bələdiyyələrin özlərinin də səlahiyyətləri qanunlarla tənzimlənib. Qanunlar da mükəmməlləşib və getdikcə də təkmilləşdirilir. Mən onun tərəfdarıyam ki, qurumların qarşılıqlı münasibətləri fayda versin. Dünyada da bu proseslər gedir. Rayonlarda, kəndlərdə müəyyən qurumların - inzibati orqanların, bələdiyyələrin, yerli icra hakimiyyətlərinin qarşılıqlı əlaqələri yarananda bu vətəndaşların xeyrinə olur”.

Millət vəkili deyib ki, bir çox hallarda bələdiyyələr də öz səlahiyyətlərini qiymətləndirmir, bir çox icra orqanları isə onlara rəhbərlik etməyə və əlaltılarına çevirməyə çalışırlar:

"Bu, doğru yanaşma deyil. Respublikanın əksər regionlarında bunun şahidi olmuşam. 20 ildir ki, parlamentdə təmsil olunuram və bələdiyyə institutu ilə məşğulam. Hansı rayonda bu orqanlar bir -biri ilə münasibətdədirlərsə işlər gedir, bələdiyyələr də fəaliyyət göstərir, hansında ki, onlardan biri təkəbbürlülük edir, burada münasibətlər pozulur və bu da insanların mənafeyinin əleyhinə olur. Məsələn, hansısa sahədə yaşıllıq salmaq lazımdırsa, niyə icra və bələdiyyələri orada birgə iştirak etməsin və insanları bu işə cəlb etməsinlər? Bələdiyyələrin və icra orqanlarının maliyyə bazaları fərqlidir. Dünya təcrübəsində bələdiyyələrə səlahiyyətlər verilib ki, onlar öz büdcələrini qanunauyğun olaraq özləri formalaşdırsınlar. Amma Azərbaycanda bəzi bələdiyyələr vəsaitlərini elə xərcləyirlər ki, o, nə vətəndaşa bir xeyir verir, nə də perspektivi olur. Əlbəttə ki, bələdiyyələrlə də bağlı müəyyən islahatlar aparılmalıdır. İki dəfə bu cür islahat aparılıb, 1000-dən çox bələdiyyə ixtisara düşüb və ya digərinə birləşdirilib. Hazırda Azərbaycanda 1607 bələdiyyə fəaliyyət göstərir. Onlar bir daha öz nizamnamələrinə baxmalı, statuslarını götür-qoy etməlidirlər. Fəaliyyət göstərə bilməyən bələdiyyələr də ləğv edilməli və ya başqalarına birləşdirilməlidirlər. Ona görə də mən aparılan islahatları düzgün və vaxtında aparılan islahatlar hesab edirəm. Harada bu paralellik var, onlar mütləq aradan qaldırılmalıdır”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları