Yuxarı

Real inflyasiya: Komitə rəqəmləri niyə gizlədir? - Ekspertlər narahatdır

Real inflyasiya: Komitə rəqəmləri niyə gizlədir? - Ekspertlər narahatdır

Real inflyasiya: Komitə rəqəmləri niyə gizlədir? - Ekspertlər narahatdır

Dövlət Statistika Komitəsi ötən ilin yanvar- avqust ayları arasındakı zamanla 2020- ci ilin eyni zaman müddətindəki inflyasiya səviyyəsini açıqlayıb.

Belə ki, 2020-ci ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-avqust aylarına nisbətən 2.9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 5.3 faiz, qeyri-ərzaq məhsulları üzrə 1.3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 1.0 faiz artıb. Məlumata görə, cari ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0.2% azalıb (deflyasiya), əvvəlki ilin avqust ayına nisbətən 2.8 faiz artıb.

İqtisadçı- ekspert Akif Nəsirli "Cümhuriyət”ə açıqlamasında Statistika Komitəsinin məlumatındakı bu göstəricilərin reallığı əks etdirmədiyi qənaətində olduğunu deyib: "Əvvəla oxucular üçün "istehlak qiyməti indeksi” ifadəsini aydınlaşdıraq. Azərbaycanda inflyasiyanın ölçülməsi üçün şərti olaraq 500 adda məhsul və xidmət siyahısı müəyyənləşdirilib. O siyahının içində vətəndaşların istehlak mallarının qiyməti bir bənd şəklində ayrıca göstərilir. İstehlak qiymətləri indeksi, əhalinin gündəlik tələbatı mallarının inflyasiyasıdır. Vətəndaşlar da hiss edir ki, Statistika Komitəsinin yanvar- avqust ayları üçün açıqladığı inflyasiya rəqəmləri reallığı əks etdirmir. Yanvar- avqust ərzində bazar qiymətləri çox bahalaşıb. Məsələ burasındadır ki, Statistika Komitəsinin göstəricilərinin alternativ ölçü variantı əlimizdə olmadığına görə, biz dəqiq söz deyə bilmirik. Amma hesab edirəm ki, Statistika Komitəsi bu rəqəmləri azı iki dəfə kiçildərək təqdim edib. Ola bilər ki, ötən illə müqayisədə bu il inflyasiya səviyyəsi aşağıdır. Çünki 8 ay ərzində iqtisadiyyat çöküb və əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Nəticədə qiymətlər 2019- cu ildəki kimi aşırı dərəcədə bahalaşmayıb. Amma bununla yanaşı göstərilən rəqəmlər reallığı əks etdirmir. Xatırladım ki, təxminən 2010- cu ildən sonra İqtisadi Tədqiqatlar Mərkəzi infliyasiyanın eyni üsulla, alternativ qaydada ölçülməsini həyata keçirilirdi və hər ay bəlli olurdu ki, Dövlət Statistika Komitəsi inflyasiya artımını ən azı 2 dəfə azaldır. İndi də eyni vəziyyətdir”.

İqtisadçı- ekspert Natiq Cəfərli də Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərin doğru olmadığını deyib: "Azərbaycanın statistikasının problemli olduğu, bəzən də siyasiləşdiyi artıq ən yüksək səviyyədə etiraf olunur. Yənu yaxın günlərdə prezident yanında keçirilən müşavirələrdə ölkə başçısı özü də irad bildirdi ki, statistik rəqəmlərdə problemlər var. Statistik rəqəmlərin doğru şəkildə hesablanmaması iqtisadi addımların kəsərini və effektivliyini də azaldır. Azərbaycanda inflyasiyanın hesablanma qaydalarının özündə problemlər var. Çünki bir inflyasiya səbəti müəyyən edilir və ora aid olan kateqoriyalar üzrə qiymətlərin hesablanması bazardakı orta yox, ən ucuz qiymətə indekslənib. Ona görə də bizdə inflyasiya rəqəmləri həmişə çox aşağı çıxır. Məsələn, indi belə görünür ki, yanvardan bu yana rəsmi inflyasiya 3 faizi keçməyib. Amma faktiki olaraq gündəlik bazarlarda olan vətəndaşlar da qiymətin artığını söyləyirlər. Hətta bu il meyvə- tərəvəzdə keçən illə müqayisədə nəzərəçarpacaq dərəcədə bahalaşma olduğunu görürlər. Həmçinin məktəb ləvazimatlarında da keçən ilin eyni dövrü ilə müqayisədə qiymətlərdə 10- 15 faiz artım var. Yəni Azərbaycanda statistik rəqəmlərlə reallıq arasında ciddi təzad mövcuddur. Çox təəssüf ki, Dövlət Statistika Komitəsi də bununla bağlı metodoloji dəyişikliklərə getmək istəmir. Hesablamaların metodologiyası dəyişdirilməli, beynəlxalq standartlara uyğunlaşdırılmalı, rəqəmlər reallığı əks etdirməlidir”.

Əli Bədir





Həftənin ən çox oxunanları