Yuxarı

Qarabağ: Kreml Türkiyə ilə bağlı mövqeyini dəyişib?

Qarabağ: Kreml Türkiyə ilə bağlı mövqeyini dəyişib?

Qarabağ: Kreml Türkiyə ilə bağlı mövqeyini dəyişib?

Ermənistan-Azərbaycan münaqişəsi ətrafında yaranmış yeni geosiyasi şərait Rusiya və Türkiyədən ibarət yeni əməkdaşlıq formatının yaranmasını qaçılmaz edir.

Bunu son günlər rəsmi Moskvanın açıqlamalarından da görmək mümkündür. Bunu Rusiyanın Cənubi Qafqazda geosiyasi balansın dəyişməsi faktı ilə barışması kimi də qiymətləndirmək olar. Ona görə də Kreml münaqişənin həllində Türkiyənin mövqeyinin nəzərə alınması ilə barışmaq üzrədir. Azərbaycan və Rusiya prezidentlərinın telefon danışığından sonra xarici işlər naziri Sergey Lavrovun Türkiyə əməkdaşlığın vacibliyindən danışması Moskvanın Ankara ilə ortaq məxrəcə gəlməyə hazır olduğunu nümayiş etdirir.

Ancaq tərəflərin bu məsələdə bir-birilərinə nə qədər yaxınlaşdığı, yəni "qırmızı xətt”in nədən ibarət olduğu hələlik məlum deyil. "Rusiya Türkiyə ilə əməkdaşlığı davam etdirəcək və Dağlıq Qarabağdakı hərbi ssenarinin irəli çəkilməsinin qarşısını almaq üçün regiondakı bütün nüfuzundan istifadə edəcək”.

Rusiyanın xarici İşlər naziri Sergey Lavrov "Kommersant" qəzetinə müsahibəsində belə deyib. Rusiyalı nazir qeyd edib ki, Moskva və Ankara çevik, praqmatik yanaşma göstərə bilən və bir-biri ilə əməkdaşlıq edərkən strateji baxışı rəhbər tutan iki sıx tərəfdaşdır. Lavrovun sözlərinə görə, Rusiya və Türkiyə diplomatları, hərbi və xüsusi xidmət orqanları arasında işgüzarlığın və maddi əməkdaşlığın canlı nümunəsi Suriya və Liviyada olandır. "Dağlıq Qarabağ məsələsində vəziyyət kökündən fərqlidir", - deyən Lavrov məsələnin danışıqlar yolu ilə həllinə çalışdıqlarını qeyd edib. Göründüyü kimi, Rusiyanın əsas şərti atəşkəsə nail olunması və danışıqların bərpa edilməsidir.

Azərbaycanın və Türkiyənin ümumi mövqeyi isə bundan ibarətdir ki, Ermənistan hökuməti qoşunlarının işğal olunmuş bütün ərazilərdən çıxartmağa dair öhdəlik götürməlidir. Yalnız bu halda hərbi əməliyyatlar dayandırıla bilər. Lakin məsələnin bu tərəfi daha çox Rusiya ilə Ermənistan arasında müzakirə həll olunacaq məsələdir. Rusiyanın bu təklifə münasibəti isə hələlik açıqlanmayıb. Ancaq siyasi ekspertlər hesab edir ki, Lavrovun açıqlaması Rusiyanın Türkiyə amili razılaşdığını və münaqişənin həlli ətrafında yeni formatın meydana çıxdığını göstərir. Bu isə Cənubi Qafqazda qüvvələr nisbətinin dəyişməsindən xəbər verir. O halda, Ermənistan Türkiyənin vasitəçiliyini qəbul etmək məcburiyyətində qala bilər.

Politoloq Tofiq Abbasovun sözlərinə görə, Sergey Lavrovun söylədiyi fikirlər onun şəxsi məvqeyi deyil, Rusiya dövlətinin məramını əks etdirir.

Ekspert "Cümhuriyət” qəzetinə bildirib ki, son günlər Prezident Vladimir Putinin verdiyi açıqlamalar da bu baxımdan, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.

"Rusiyanın Türkiyə ilə çox perspektivli münasibətləri var. Putin həmin münasibətlərə diqqətlə yanaşır. Digər tərəfdən, Türkiyənin bölgədəki rolunu dəyərləndirir. Eləcə də Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan barəsində çox yüksək fikirdədir. Bu, ondan xəbər verir ki, Ermənistan müttəfiq kimi İrəvanı müdafiə etsə, Azərbaycanın müttəfiqi Türkiyədir. Vaxtilə Suvorov deyib ki, müharibəyə başlamazdan əvvəl özünüzə müttəfiq axtarın. Müttəfiq tapdınızsa, müharibəyə başlayın. Biz demək olar ki, Suvorovun dediklərinə əməl etmişik. Ona görə də Azərbaycanın öz ərazilərini hərbi yolla azad etməsi haqqıdır. Bölgədə yeni geosiyasi reallıqlar formalaşır. Bunu normal tərzdə qəbul edə biməyənlər gərək özlərindən küssünlər. Hər şey kiminsə istəyindən deyil, obyektiv güc meyllərindən irəli gəlir. Biz beynəlxalq hüququn tələblərinin yerinə yetiriməsini təmin edirik. Ona görə də heç kim bizə mane ola bilməz”.

Ekspert qeyd edib ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti artıq tükınmək üzrədir:

"Türkiyə də Minsk Qrupunun 11 üzvündən biri olduğuna görə, sözü keçərlidir. Rusiya da Türkiyənin rəyini nəzərə alır. Əlbəttə, Fransanın anlaşılmaz yanaşmaları var. Prezident Makron az qala şəxsi zəmində Rəcəb Tayiib Ərdoğanla qarşıdurmaya gedir. Amma Makronun özünün də vəziyyəti yaxşı deyil. Məsələ burasındadır ki, Avropanın populyar siyasətçilərinin zəifliyi fonunda Ərdoğan yeni siyasi lider obrazını canlandırdı. Həm Ərdoğan, həm də Prezident İlham Əliyev göstərdilər ki, dünyada mövcud olan problemlər həllini tapmırsa, onun aradan qalxmasında maraqlı olan dövlətlər beynəlxalq hüquqa uyğun qaydada öz işlərini görməlidir. Ona görə də Azərbaycanın və Türkiyənin mövqelərinin hər gün gücllənməsi reallıqdır”.

Qeyd edək ki, Rusiya XİN başçısı həm münaqişə tərəflərini atəşkəsə nail olmağa və cədvəl əsasında danışıqlar aparmağa dəvət edib. Onun fikri bəzi KİV-lərdə düzgün tərcümə olumayaraq "Ermənistan qoşunlarını Azərbaycan ərazisindən çıxartmaq üçün cədvəl təqdim etməlidir” kimi təqdim edilib. Lavrov isə əslində, tərəflərə həm də xarici tərəfdaşlar üçün atəşkəs razılaşmalarına, nəzarət mexanizminin yaradılmasına və konkret cədvəllə mənalı danışıqlar prosesinin bərpasına ciddi şəkildə riayət etməyə çağırıb:

"Dayanıqlı bir atəşkəsə nail olmaq dərhal mümkün olmasa da, bölgədəki bütün təsirlərimizi istifadə etməyə davam edəcəyik, hərbi ssenarinin daha da irəli çəkilməsini dayandırmaq, tərəflər arasında dialoq qurmaq və Bakı ilə İrəvanı danışıqlar masasına oturmağa inandırmaq üçün türkiyəli tərəfdaşlarımızla çalışacağıq”.

Ona görə də "Rusiyanın xarici işlər naziri "konkret cədvəllə mənalı danışıqlar dedikdə nəzyi nzərədə tutur” , "Əgər Ermənistan silahlı qüvvələrini işğal altındakı ərazilərdən çıxartmaq barədə təklif etməsə, bu danışqlar Azərbaycana lazımdırmı” kimi sullar meydana çıxıb.

Tofiq Abbasov hesab edir ki, Lavrovun bu sözləri daha çox Ermənistana ünvanlanmış mesajdır:

Ermənistan istisna olmaqla Azərbaycanın heç bir dövlətlə problemi yoxdur. Bizim tələbimiz ondan ibarətdir ki, Ermənistanın qəsbkar qoşunları Azərbaycan torpağından çıxarılsın. Əgər Lavrovun fikirləri ikimənalı olsa belə, bu Azərbaycana aid deyil. Biz öz işimizi görürük. Qrafik tərtib olunsa da, olunmasa da, Azərbaycan öz işini məntiqi sonluğa çatdıracaq. Siyasətçilər heç zaman dəqiq resept vermirlər. Həmin reseptlər ətrafında öz işlərini görürlər. Azərbaycan başladığı "Əks-həmlə” əməliyyatını sona çatdıracaq. Əgər Ermənistan ağlını başına toplayıb dayansa, özünün sülh və barışıq istəyini ortaya qoysa, işğal altındakı digər ərazilərdən çıxacağına dair cədvəl təqdim etsə, bu, bütün tərəflərin xeyrinə olar. Lavrovun dediyi cədvəl danışıqların aparılması ilə də bağlı ola bilər, Ermənistan qoşunlarının çıxarılmasını da nəzərdə tuta bilər. Ancaq əsas məsələ o deyil. Əsas odur ki, indi Azərbaycanın hücum mövqeyində olması bütün tərəflər üçün qəbul olunub və heç kim buna mane ola bilməz”.

Qeyd edək ki, Kremlin atəşkəsə nail olduqdan sonra işğal olunmuş ərazilərlə Dağlıq Qarabağın ermənilər yaşayan digər bölgələri arasında Rusiya qoşunlarını sülhməramlı adı altında yerləşdirmək planları barədə məlumatlar yayılıb. Hətta Rusiyanın bu məqsədlə Azərbaycana diplomatik təzyiqlər göstərdiyi, Türkiyənin isə sözügedən şərtə razılaşmadığı bildirilir. Politoloq bildirdi ki, münaqişə bölgəsinə sülhməramlıların, o cümlədən Rusiya qoşunlarının gəlməsi Azərbaycana deyil, Ermənistana lazımdır. Prezident İlham Əliyev də də öz müsahibəsində erməni vətəndaşların təhlükəsiliyini Azərbaycanın özünün təmin etməyə hazır olduğunu deyib:

"Bölgəyə sülhməramlı qüvvələrin gəlməsi Ermənistanın maraqlarına xidmət edir. Əgər beyməlxalq sülhməramlı kontingent münaqişə bölgəsinə gəlsə, gərək qeyd-şərtsiz atəşkəs olsun. Bu da Azərbaycana lazım deyil. İnanmıram ki, Azərbaycan buna razılıq versin. Çünki Azərbaycan tək olsaydı, bəlkə də Rusiyanın təzyiqi nəticə verərdi. Amma Azərbaycanın yanında Türkiyə, Pakistan kimi dövlətlər var. Pakistan nüvə dövlətidir və Rusiyaya təsir imkanları var. Rusiya da İslamabadla münasibətləri korlamaq istəmir. Ona görə də heç bir ölkə, o cümlədən Rusiya bu məsələni Azərbaycana məcburi şəkildə qəbul etdirə bilməz. Türkiyə mətbuatının yazdığına görə, Prezident Ərdoğan da sülhməaramlılar barədə təklifin qəti əleyhinədir. Əgər ermənilər dağıdıcılıqla, separatçılıqla məşğul olmayacaqlarsa, digər millətlər kimi dinc şəraitdə Azərbaycanda yaşaya bilərlər”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları