Yuxarı

ABŞ-da seçki: Oval kabinetin yeni sahibi kim olacaq? - Qadınlar və poçt Trampa qarşı

ABŞ-da seçki: Oval kabinetin yeni sahibi kim olacaq? - Qadınlar və poçt Trampa qarşı

ABŞ-da seçki: Oval kabinetin yeni sahibi kim olacaq? - Qadınlar və poçt Trampa qarşı

ABŞ növbəti dörd il üçün yeni prezidentini seçir. Səsvermənin nəticələri yalnız ABŞ-ın daxili siyasətinə deyil, həm də qlobal proseslərə mühüm təsir göstərə bilər.

İlkin sorğular Demokratlar Partiyasının namizədi Cozef Baydenin irəlidə olduğundan xəbər verir. Ancaq ekspertlərin fikrincə, hazırkı prezident Donald Trampın məğlub olması qənaətinə gəlmək hələ tezdir.

Çünki yekun qərarı Seçicilər Kollegiyası verəcək. Prezident seçilmək istəyən namizəd kollegiyanın 538 üzvünün ən azı 270 nəfərinin səsini qazanmalıdır. 2016-cı ildə keçirilən seçkilərdə demoktratlar səsvermənin ümumi sayına daha çox əhəmiyyət vermişdilər. Demokratlar Partiyasının namizədi Hillari Klinton seçki məntəqələrində respublikaçı rəqibindən 3 milyon artıq səs toplamasına baxmayaraq, Seçicilər Kollegiyasında üstünlüyü Donald Tramp qazanmışdı. Ona görə də bu seçkilərdə Co Bayden Hillari Klintonun yol verdiyi səhvləri təkrarlamamağa çalışır. Hillari Klintonun özünə güvənərək Miçiqan, Pensilkvaniya və Viskonsin ştatlarında seçki kampaniyası aparmaması onun kollegiyada 77 səs itirməsinə və məğlubiyyətinə səbəb olmuşdu.

"The New York Times” qəzetinin yazdığına görə, Bayden həmin ştatlarda fəal təbliğat kampaniyası aparır. Hətta Prezident Tramp adları çəkilən ştatlarda reklamlara 17 milyon dollar xərclədiyi halda, Bayden bu məqsədlə 53 milyon dollar ayırıb. Müşahidəçilərin rəyinə görə, pandemiya ilə əlaqədar səsvermə prosesində poçt üsulundan istifadə olunması Baydenin xeyrinə işləyən əlavə amildir. Çünki demokratların elektoratının daha çox poçt vasitəsilə səs verəcəyi gözlənilir. Halbuki, prezident Tramp seçki bülletenlərini poçtla göndərməyin əleyhinə çıxır və saxtakarlığın qarşısını almaq üçün insanları seçki qutularının başına gəlməyə çağırır.

Ona görə də Trampın tərəfdarları birbaşa seçki məntəqəsinə getməyə üstünlük verir. Çünki bu cür səsvermə üsulu hər iki patiyanın seçki strategiyasına və şüarına çevrilib. Erkən səs verən seçicilərin əksəriyyəti Baydenin tərəfdarları olsa da ilk "eksit-poll”lar hazırkı prezidentin lehinə ola bilər. Bununla yanaşı, işarələnmiş bülletenlər poçtla yola salındığından vəziyyətin dəyişməsi mümkündür. Çünki onların hazırlanması müəyyən vaxt tələb edir. Yəni poçtla səsvermənin nəticələri bilinmədən əvvəl Tramp əsas ştatlardakı seçki məntəqələrində topladığı səsləri əsas götürərək say baxımından qalib gəldiyini elan edər. Ancaq sonra vəziyyət dəyişə bilər.

Siyasi ekspertlər bu seçkiləri "Soyuq vətəndaş müharibəsi” də adlandırırlar. ABŞ mediası qeyd edir ki, bu seçkilərdə Florida, Corciya, Şimali Karolina, Miçiqan, Minnesota, Pensilvaniya, Viskonsin, Arizona ştatları həlledici rol oynayacaq. Kaliforniya ştatının qubernatoru Hevin Nyus isə "Politico” qəzetinə açıqlamasında yerli hakimiyyət orqanlarının seçkidən sonra Trampın və Baydenin tərəfdarları arasında toqquşma gözlədiyini deyib. "YouGov” şirkətinin oktyabrın sonunda keçirdiyi sorğu zamanı respondentlərin 56 faizi bildirib ki, səsvermə günü kütləvi etiraz aksiyaları və zorakılıq baş verəcək.

"Wall Street Journal” və "NBC-News” un oktyabr ayı ərzində birgə keçirdiyi rəy sorğuları Co Baydenin nəticələri qeyri-müəyyən hesab edilən ştatlarda Co Baydenin Donald Trampı 10 faiz üstələdiyini göstərir. Həmin ştatlar Arizona, Corciya, Ayova, Men, Miçiqan, Minnesota, Şimali Karolina, Nyu-Hempşir, Nevada, Pensilvaniya və Viskonsindir. Belə ki, adıçəkilən ştatlarda Bayden 52 faiz, Tramp isə 42 faiz reytinq qazana bilib. Son günlər isə bu fərq 10 bənddən 6 bəndə enib. Bayden 51 faiz, Tramp 45 faiz göstərici əldə edib. Bu da həmin ştatlarda seçicilərin tərəddüdlü mövqeyi ilə izah edilir.

Ümumilikdə isə Bayden lider olaraq qalır. Bayden erkən səs verən və ya bunu etmək niyyətində olan seçicilər arasında böyük üstünlüyə malikdir. Sorğular göstərir ki, Trampın üstünlüyü səsini seçki günü vermək istəyənlərdədir. Tramp əsas ümidini Respublikaçılar Partiyasının Milli Komitəsinin qeyri-müəyyən ştatlardakı seçiciləri qeydiyyata almasına başlayıb. Respublikaçıların ictimai rəyin öyrənilməsi üzrə araşdırmaçısı Bill Makinterf hesab edir ki, seçki günü onların iştirakı erkən səsvermə zamanı demokrat namizədin çox sayda tərəfdarından daha çox görünəcək.

Trampın ən böyük üstünlüklərindən biri seçicilərin 55 faizinin onun iqtisadi fəaliyyətinə müsbət yanaşmasıdır. Onu 14 faizdən bir qədər az insan mənfi qiymətləndirir. ABŞ prezidentinin əsas problemi pandemiya ilə mübarizədə fəaliyyətini seçicilərin 57 faizinin qəbul etməməsidir. Onun bu sahədə gördüyü işləri bəyənənlərin sayı 17 faizdən də azdır.

Trampın digər problemi qadınların səslərini itirməsidir. ABŞ-da seçici qadınların sayı kişilərdən çoxdur. Baydenə səs vermək istəyən qadınların sayı isə Tramp tərəfdarların 20 bənd üstündür. Seçici qadınların 57 faizi Baydenə, 37 faizi isə Trama səs verməyə hazırdır. Kişilər arasında da Tramp Baydenə uduzur. Lakin burada fərq cəmi 1 faizdir. Kişilərin 48 faizi Baydeni, 47 faizi isə Trampı prezident görmək istəyir. Tramp seçki kollecində səs çoxluğuna ümid edir. Bu, qərarsız ştatların ona münasibətdə bütövlükdə ölkədəki seçicilərdən daha ləyaqətli r münasibət göstərməsindən irəli gəlir.

Məsələn, tərəddüdlü 12 ştatda Tramp ağdərili kişilər arasında 21 balla liderdir. Ölkə miqyasında bu kateqoriya üzrə liderlik 12 baldır. Qaradərilililər, yəni afroamerikalı seçicilər arasında isə demokratların namizədi daha populyardır. Tərəddüdlü ştatlardakı yaşlı seçicilər arasında Tramp Baydendən 11 bal geri qalır. Ümumilikdə, ölkədə geriləmə 23 bal qiymətləndirilir.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları