Yuxarı

Ağ Evin uyğur siyasəti: Prezidentlər dəyişdikcə dəyişir?

Ağ Evin uyğur siyasəti: Prezidentlər dəyişdikcə dəyişir?

Ağ Evin uyğur siyasəti: Prezidentlər dəyişdikcə dəyişir?

Uzun illərdir ki, Çin Uyğur türklərinə zülm edir.

Çinin uyğurlara qarşı istismarçı mövqeyi Türkiyə, Azərbaycan bir sıra Avropa dövlətləri və ABŞ tərəfindən hər zaman pislənilib. Hətta ABŞ-ın sabiq prezidenti Donald Tramp, Çinin Uyğur türklərinə qarşı istismarçı siyasətinə görə, Pekin hökumətinə sanksiyalar tətbiq etmişdi.

Çin uyğurları və digər milli azlıqları zorla ödənişsiz işləməyə məcbur edir. Bununla bağlı "BBC News" geniş araşdırma yazısında Çinin Sintszyan-Uyğur muxtar rayonunda pambıq tarlalarında uyğur və qazax etnik mənsubiyyətinə malik şəxsləri zorla işlətdiyi bildirib.

Həmçinin tekstil sahəsində də azlıqların məcburi əməyə cəlb edildiyi ilə bağlı faktların məlum olduğu qeyd olunub. Çinin pambıq istehsalının 85 faizi bu rayona düşür və ildə 210 min şəxs pambıq sahəsində çalışdırılır. İsveç və Avstraliya geyim şirkətlərinin bu səbəblə Çindən pambıq idxalını dayandırdığı ifadə olunub. Araşdırmada həmçinin 1 milyondan çox uyğurun milli identifikasiya və mədəniyyətinin unutdurulması üçün iradələrinə zidd olaraq "peşə təlim mərkəzləri" və "siyasi maarif mərkəzləri"ndə saxlandığı əksini tapıb.

Bu düşərgələrdə insanların assimilyasiya edildiyi və işgəncələr gördüyü iddia olunub. Zaman- zaman uyğurların sosial şəbəkələrdə videogörüntülər şəklində paylaşım edərək dünyadan bu zülmə qarşı ağlayaraq kömək istədiyi bir çox insana məlumdur. Çin hətta BMT-nin uyğurlarla bağlı sorğularına da cavab vermir. ABŞ-da yeni prezident olan Demokratlar Partiyasının nümayəndəsi Cozef Baydenin Uyğur türkləri ilə bağlı Çinə qarşı hansı mövqe tutacağı maraqlıdır.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Cümhuriyət”ə açıqlamasında deyib ki, Çinin Uyğur türklərinə qarşı mövqeyi faşizmdən fərqlənmir:

"Uzun illərdir ki, uyğurlar Çində diskriminasiyaya məruz qalırlar və son illər bu daha da güclənib. Təsəvvür edin ki, uyğurları tutub zorla təlim düşərgələrinə gətizdirirlər. Halbuki həmin düşərgələrin faşist düşərgələrindən heç bir fərqi yoxdur. Orda uyğurları pulsuz işlədirlər, "tərbiyələndirirlər”. Sonra da lazım biləndə sərbəst buraxırlar. Amma bugünlərdə başqa bir məlumat da yayıldı ki, BMT-nin İnsan Haqları Komitəsinin müəyyənləşdirdiyinə görə, Çində həmin uyğurların telefonlarına xüsusi qurğu yerləşdirirlər. Bununla sərbəst buraxılan uyğurların hara getdiyi, kiminlə əlaqə qurduğu izlənilir. Məsələn, hansısa uyğur Qırğızıstanda, Qazaxıstanda yaşayan tanışına zəng edirsə, və ya evində Quran oxuyursa, tez onu nəzarətə götürürlər. Çin hökuməti uyğurlara qarşı bu kimi qeyri- insani siyasət aparır. ABÇ-ın sabiq Prezidenti Donald Tramp da bundan çıxış edərək Çinə qarşı sanksiyaları qəti şəkildə sərtləşdirdi. Amerikanın Çinə qarşı iqtisadi, siyasi sanksiyaları da var idi. Amma uyğurlarla bağlı xüsusi sanksiya tətbiq edildi. Çünki bu məsələ dünya ölkələrini də ciddi narahat edir”.

Politoloq hesab edir ki, Co Bayden uyğurlarla bağlı Çinə qarşı mövcud sanksiyaları qüvvədə saxlamağa məcbur olacaq:

"Co Bayden seçkiqabağı çıxışlarında deyirdi ki, Trampdan fərqli olaraq Çinlə münasibətləri normallaşdırmağa çalışacaq. Amma hesab edirəm ki, bu mümkün olmayacaq. Çünki Bayden Demokratlar Partiyasının nümayəndəsidir və bu partiya insan haqları məsələsinə diqqət göstərir. Konqresin özü də uyğurlarla bağlı Çinə qarşı sanksiyaların tərəfdarıdır. Ona görə də Bayden istəsə də Çinə qarşı münasibətləri dəyişə bilməz. Eyni zamanda Pentaqonun, Konqresin də Çinə qarşı sərt siyasəti var.

Bu sanksiyalar eyni zamanda Çinin qüdrətini artırmasına, qonşu dövlətləri- Hindistanı hədələməsinə, xüsusən də uyğurlara qarşı qeyri- insani münasibət sərgiləməsinə görə tətbiq edilib. Çinlə Hindistan arasında münasibətlər hazırda da gərgin olmaqda qalır. İnanmıram ki, Çinin bu siyasətinə qarşı Bayden göz yuma. Ona görə də Çinə qarşı ABŞ-ın yeni sanksiyaları da ola bilər. Hətta yeni sanksiyalar olmasa belə, ABŞ-ın Çinə qarşı indiyədək tətbiq etdiyi mövcud sanksiyalar iki dövlət arasında münasibətlərin yumşalmasına imkan verməyəcək”.

Əli Bədir





Həftənin ən çox oxunanları