Yuxarı

Ermənistanda siyasi fırtına qopur

Ermənistanda siyasi fırtına qopur

Ermənistanda siyasi fırtına qopur

Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə oturaq aksiyanı davam etdirəcəyini bildirib.

Buna baxmayaraq, siyasi rəqiblərinə qarşı təzyiqləri artıran Paşinyan öz postunu tərk etmək niyyətində görünmür. Mitinqlərdə Paşinyana qarşı sərt mövqeyi ilə seçilən Daşnaksütyun Erməni İnqilabi Federasiyanın nümayəndəsi İşxan Saqatelyan Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin İrəvan Şəhər Şöbəsinə çağırılıb. Saqatelyan özünün "Facebook” səhifəsində onu susdura bilməyəcəklərini və mübarizəni davam etdirəcəyini yazıb.

Müxalifət öz tərəfdarlarını İrəvanın "Respublika” meydanında qurulan çadırlarda oturaq mitinqləri davam etdirməyə çaığıb. Ancaq Ermənistanda, o cümlədən paytaxtda güclü qar yağması aksiyaların fəallığına təsir göstərə bilər. Bu isə Nikol Paşinyana əlavə vaxt qazanmaq imkanı yaradır. Baş nazirin hakimiyyətdə qalmasını şərtləndirən əsas amillər isə parlamentdə səs çoxluğunu qoruyub saxlamasından, kilsənin və erməni diasporasının bu məsələdə tutduğu mövqedən daha çox asılıdır. Parlamentdəki deputat yerlərinin üçdə ikisi hələlik Paşinyanın liderlik etdiyi "Mənim addımım” fraksiyasına malik olsa da artıq 10 nəfər deputat baş naziri istefa tələbi ilə barışmağa çağırıb.

Bununla yanaşı, Paşinyan parlamentə, hökumətə və əsasən də güc strukturlarına nəzarəti qoruyub saxlaya bilir. Ona görə də müxalifətin tələbləri qarşısında geri çəkilmək isatəmir. Erməni kilsəsi isə artıq müxalifətin tərəfinə keçib. Həm Erməni katalikosu II Qaregin, həm də Kilikiya kilsəsinin patriarxı I Aram Paşinyanı istefa verməyə çağırıb. Dekabrın 20-də isə Sisyana səfəri zamanı keşiş Ter-Paqram Zeynalyan Paşinyanı kilsədən qovub.

Əslində, buna daha çox II Qareginin baş nazirdən qisas alması da demək olar. Çünki Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra Erməni kilsəsinin hökumətə təsirinin qarşısını almağa və dini dairələrin siyəsətə müdaxiləsinə son qoymağa çalışdı. Nikol Paşinyanın tərəfdarları II Qareginin istefası tələbi ilə aksiya keçirdilər. Hətta Eçmiədzində yolu bağlayan etirazşılar katalikosu döyməyə cəhd etmişdi. İndi isə əks proses baş verir. Yaranmış situasiyadan istifadə edən erməni katalikosu müxalifətlə birləşərək Paşinyanı istefaya göndərməyə çalışır.

Diasporanın mövqeyinə gəlincə, bu məsələdə ümumi rəy müşahidə olunmur. Ermənistan mətbuatının yazdığına görə, 50 ölkədəki diaspora təşkilatı Paşinyanın istefasını tələb edir. Bununla bağlı Küveyt, Livan, Suriya, İran, ABŞ, Kanada, İngiltərə və digər ölkələrdəki erməni diasporasının adından bəyanat yayılıb. Paşinyana qarşı çıxan əsas diaspora strukturları "Daşnaksütyun”un və erməni kiləsinin həmin ölkələrdəki nümayəndəlikləridir.

Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanverdinin sözlərinə görə, müharibədəki məğlubiyyətdən sonra Paşinyan iqtidarına çünasibətdə həm Ermənistan cəmiyyəti, həm də diaspora iki yerə parçalanıb.

"Ermənistan əhalisi iki yerə bölünüb. Gümrü tərəfdə yaşayanlar Paşinyanın istefasının əleyhinədir. İrəvan və Zəngəzur sakinləri onun hakimiyyətdən getməsini istəyir. Paşinyan kilsədən qovulduqdan sonra əhalinin əksər hissəsi onun əleyhinə çıxır. Amma tərəfdarları da var. Diaspora da iki yerə bölünüb. Məndə olan məlumata görə, İtaliya diasporası Paşinyanın istefasının tərəfdarıdır. Amma ABŞ-dakı ermənilər iki yerə bölünüb. Yəni onun istefasını istəyənlər də var, istəməyənlər də var.

Paşinyanın "Mən müharibəni dayandırmasam, kapitulyasiya aktını imzalamasam 25 min erməni əsgəri məhv olardı”-deməsinə görə ona bəraət verənlər də var. Paşinyanın istefasına qarşı çıxanlar müharibədəki məğlubiyyəti silahların köhnə olması ilə əsaslandırır, 30 ildə peşəkar ordunun yaradılmamasına görə əvvəlki hakimiyyətləri ittiham edirlər. Bildirirlər ki, Robert Köçəryan, Serj Sarkisyan daima Ermənistan ordusunu məğlubedilməz, qalib adlandırıb və heç bir iş görməyib. Paşinyan isə iki ildə bu işlərin hamısını həyata keçirə bilməzdi. Amma əksəriyyət Paşinyanın istefasını istəyir. Əsas şüar isə bundan ibarətdir ki, məğlub ordunun baş komandanı hakimiyyətdə qala bilməz. Buna baxmayaraq, vəziyyət Ermənistanda vəziyyət çox qarışıqdır. Ermənilər arasında parçalanma o həddə çatıb ki, qarşıdurma gözlənilir”. Ermənistan cəmiyyətində ciddi parçalanmanın baş verməsini bu ölkənin ombudsmanı Arman Tatoyan da təsdiqləyib. "Hakimiyyətin və vəzifəli şəxslərin, siyasi və ya ictimai müxalifətin müxtəlif dairələrinin, İnsan Haqları üzrə Müvəkkilin tələblərinə məhəl qoymadan açıq bəyanatlarla dözümsüzlüyün dərinləşməsinə və cəmiyyətdə gərginliyin artmasına kömək etməsi son dərəcə narahatlıq doğurur”-deyə Tatoyan özünün "Facebook” səhifəsində qeyd edib.

Onun sözlərinə görə, Ermənistanın ictimai və siyasi həyatında "köhnələr və indikilər”, "qaralar və ağlar” fərqləndirmə mühakiməsi tətbiq edilir. Ombudsman müxalifətin ayrı-ayrı dairələrinin cəmiyyəti qruplara bölən ifadələr işlətməsindən narahatlığını bildirib.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları