Yuxarı

NATO-nu gözləyən böyük təhlükə: "Bu, fəlakətə çevrilə bilər” - BİZİM TƏHLİL

NATO-nu gözləyən böyük təhlükə:

NATO-nu gözləyən böyük təhlükə:

NATO-ya üzv olan ölkələr arasında qarşıdurmanın artması müşahidə olunur.

Bu prosesin miqyası son illər genişlənməyə başlayıb. ABŞ-Fransa, ABŞ-Almaniya münasibətlərində rəqabətin artması göz önündədir. Xüsusilə də ABŞ prezidenti Donald Trampın NATO-ya üzv olan ölkələrə hərbi xərcləri artırmaq tələbindən sonra bu ziddiyyətlər açıq müstəviyə keçdi. 2017-ci ildə Emmanuel Makronun Fransada hakimiyyətə gəlişindən sonra Avropa Birlyinin vahid ordusunu yaratmaq təklifi NATO daxilində siyasi və hərbi çatın yaranması kimi qiymətləndirildi. Son zamanlar isə NATO üzvü olan ölkələr arasındakı qarşıdurma daha çox Türkiyə ətrafında cərəyan edir.

Yunanıstan sərhəd mübahisələrinə görə Türkiyə ilə müharibə vəziyyətindədir. Liviyada, Şərqi Aralıq dənizində və Dağlıq Qarabağdakı müharibədən sonra Türkiyənin genişlənən geosiyasi nüfuzunu həzm edə bilməyən Fransa Ankaraya qarşı mübarizə mövqeyində dayanıb. Nəhayət, ABŞ-ın Rusiyadan "S-400” zenit raket kompleksləri aldığına görə Türkiyənin müdafiə sənayesi kompleksinə sanksiya tətbiq etməsi NATO daxilindəki gərginliyi yeni mərhələyə keçirib. Bu isə alyansın tərkibində mərkəzdənqaçma meyllərini sürətləndirə bilər.

Analitiklər hesab edir ki, "Soyuq müharibə” dövründən fərqli olaraq, hazırda NATO düşərgəsində pərakəndəliyin baş verməsinə səbəb adıçəkilən təşkilatın missiyasının dəyişməsi ilə bağlıdır. Yəni NATO artıq hərbi birlikdən daha çox siyasi alyansa çevrilib. Ona görə də üzv ölkələrin maraqlarının önə çıxması fikir ayrılığına səbəb olur. Bu baxımdan, NATO-nun gələcəkdə mövcudluğu təhlükə altına düşə bilər. ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden isə NATO-nu gücləndirməyi özünün xarici siyasət prioritetlərindən biri kimi qarşıya məqsəd qoyub. Baydenin Transatlantik inteqrasiyaya üstünlük verməsi onun prezidentliyi dönəmində ziddiyyətlərin azalacağına dair ümidverici proqnozlarla müşahidə olunur.

Politoloq Fərrux Məmmədovun sözlərinə görə, NATO daxilində baş verən çəkişmələr siyasi məzmun daşıyır. Bu rəqabət "Brexit”dən sonra Avropada siyasi liderlik uğrunda gedir.

"Xüsusilə də XXI əsrin əvvəlindən başlayaraq Fransanın NATO-da passiv fəaliyyəti, Avropadakı siyasi güclər arasında tam yerini bərpa edə bilməməsi və Nikola Sarkozinin prezidentliyi dönəmində Liviyadakı uğursuzluğu, Qəddafinin ona çirkli pullar verməsinə dair faktlar "İmperialist, güclü Fransa” anlayışına xələl gətirmişdi. Ona görə də Fransanın daxilində lokomotivliyi bərpa etmək prosesi başladıldı. Fransanın bu günkü siyasəti də NATO daxilində çəkişmələrə gətirib çıxarır. Fransanın NATO tərkibində həyata keçirdiyi təxribatçı siyasət bu gün Türkiyəyə qarşı yönəlib. Bunun prosesdə isə Yunanıstandan istifadə edilir. Halbuki, Yunanıstan siyasi, hərbi və iqtisadi cəhətdən Türkiyə ilə müqayisə oluna bilməz və kiçik bir dövlətdir. Yunanıstan 1950-ci illərdə NATO-ya Türkiyə ilə bərabər qəbul olmuş bir ölkədir. Məqsəd isə Yunanıstanı qorumaq idi. Bu proseslər onu göstərir ki, NATO-nun siyasi qanadında islahatlara ehtiyac yaranacaq. Çünki NATO-nun hədəfi getdikcə böyümək və Rusiyanın məlum təhlükəsi qarşısında maksimum gücə sahib olmaqdır. Çünki NATO 1949-cu ildə demokratik Avropa ölkələrinin müdafiəsi adı altında qurulmuşdu. Daha sonra həmin ölkələrin sayı 12-dən 30-ə qədər artdı. NATO genişlənmə siyasətinə Rusiyada Vladimir Putinin prezidentliyi dövründə iki dəfə artırmağa nail olub. Lakin hazırda baş verən çəkişmələr NATO-nun yüz illik proqramında nəzərdə tutulmayıb. Bu qarşıdurma sadəcə, Rusiya üçün əlverişlidir. Rusiya Türkiyə ilə münasibətlərin yaxınlaşması fonunda NATO-nun daxilində parçalanma yaratmağa çalışır. Fransanın Türkiyəyə qarşı münasibəti də buradan irəli gəlir. Fransa dünyanın hazırda ikinci ən böyük qlobal iqtisadiyyatına malik olan Almaniyaya qarşı da savaş formalaşdırır. Fransa, yalnız Türkiyəyə deyil, ABŞ-a və Almaniyaya qarşı da eyni mövqe sərgiləyir. 1970-ci illərin sonunda İranda ABŞ-a qarşı inqilabı da Fransa formalaşdırmışdı. 30 ildən artıqdır ki, İranın terrora dəstək siyasətinə Fransa dəstək verir. Fransa bununla Almaniyanın Avropadakı liderliyini əlindən almaq niyyətindədir. Ona görə də 2021-ci ildə NATO-dakı siyasi çəkişmələr yüksələn xətt üzrə gedəcək. Türkiyənin Aralıq dənizində öz ərazisinə düşən təbii sərvətlərə haqlı olaraq iddia etməsi, xüsusilə də Liviya ilə münasibətlərdə yeni siyasi format yaratması mərkəzdənqaçma prosesinin limitini artıracaq. Lakin NATO daxilində qopmaların və ağır qarşıdurmaların olacağına inanmıram. Makronun prezidentlik dönəmi də artıq başa çatmaq üzrədir. Fransada "Sarı jiletlilər” hərəkatı, insan haqlarının pozulması, polis zorakılığı Makronun gənc siyasi lider imicinə zərbə vurub. Amma Makrondan sonra ultrasağçılar yenə qalib gəlsə NATO daxilində ziddiyyətlər davam edəcək. Fransa Yunanıstanı yalnız Türkiyəyə qarşı istifadə etmir. Həmçinin, Yunanıstanın Almaniya qarşısında ağır maliyyə öhdəlikləri var. Yunanıstan aldığı kreditlər müqabilində adalar başda olmaqla bir sıra ərazilərini Almaniyaya verib. Fransa isə buna son qoymaq istəyir”.

Fərrux Məmmədov qeyd etdi ki, İkinci Dünya Müharibəsindən sonra Türkiyənin NATO-ya üzv olması SSRİ-nin geosiyasi təsir dairəsinin genişlənməsinin qarşısını almaq məqsədi daşıyıb. NATO Türkiyənin təhlükəsizliyinin qlobal səviyyədə təminatında iştirak etməyib. Xüsusilə də PKK terror təşkilatı ilə mübarizədə NATO Türkiyəyə siyasi və hərbi dəstək verməyib. Bu isə NATO-nun nizamnaməsinin 5-ci maddəsinin pozulması deməkdir.

"Türkyə NATO-ya çox töhfələr verib. Lakin NATO analoji münasibəti Türkiyəyə göstərməyib. Xüsusilə də Kipr münaqişəsinə yanaşmada bunu görmək olar. Bu gün ABŞ başda olmaqla NATO ölkələri Türkiyəni müttəfiq deyil, rəqib kimi görür. Çünki Türkiyənin güclənməsi, idarəolunan formatdan idarəedən bir ölkəyə çevrilməsi NATO dövlətlərini narahat edir. Fransa, Rusiya və İran Cənubi Qafqazda da Türkiyəyə qarşı müqaviməti gücləndirəcək. Çünki bu ölkələr həm Yaxın Şərqdə, həm Şərqi Aralıq dənizində, həm də Cənubi Qafqazda Türkiyəyə məğlub oldu. Ancaq Türkiyənin NATO-dan çıxması inandırıcı deyil. Bu NATO üçün fəlakətə çevrilə bilər. NATO-nun dağılması ABŞ-ın meydanda tək qalmasına gətirib çıxaracaq. Bu isə Rusiyaya Baltikyanı ölkələri, Polşanı işğal etmək üçün əsas yaradar. Bu da Çinə sərf edir. Ona görə də Türkiyə NATO-nu tərk etməyəcək. Türkiyəni sanksiyalarla nəzarət altına almaq istəyirlər. Bu da beş cəbhədə güclənən Türkiyənin güclənməsi ilə bağlıdır. Türkiyənin NATO-dan çıxması Yaxın Şərqdə Ankaranın özü üçün problemlər yarada bilər. Çünki Türkiyə Yaxın Şərq siyasətində NATO-nun üsullarından istifadə edir ki, bu da ona qalibiyyət gətirir”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları