Yuxarı

Putin niyə status dedi? - "Azərbaycan maraqlarını mərhələli şəkildə təmin edəcək" - Sabiq nazir

Putin niyə status dedi? -

Putin niyə status dedi? - "Azərbaycan maraqlarını mərhələli şəkildə təmin edəcək" - Sabiq nazir

Rusiya prezidenti Vladimir Putinin Dağlıq Qarabağın statusu məsələsini yenidən gündəmə gətirməsi narahatlıq doğurur.

Çünki Azərbaycan rəsmi səviyyədə artıq status-kvonun ləğv edildiyini, Dağlıq Qarabağda yaşayan ermənilərə isə xüsusi siyasi status verilməyəcəyini dəfələrlə bəyan edib. Hətta Azərbaycan, Rusiya və Ermənistan arasında noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda da status məsələsi nəzərdə tutulmur. Yəni Ermənistan kapitulyasiya sənədinə imza atarkən Dağlıq Qarabağa özününidarəetmə statusu verilməsi iddiasından da imtina etdi.

Lakin V.Putin 2020-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağı beynəlxalq hüquqa görə Azərbaycanın tərkib hissəsi adlandırsa da yekun status probleminin həll edilmədiyini bildirib. Bu isə münaqişənin həllində Rusiyanın sülhməramlı missiyası ilə bağlı növbəti şübhə yaradır.

Jurnalistin "Dağlıq Qarabağın statusu problemi varmı?" sualına Putin təsdiq cavabı verib.

"Bəli, belə problem mövcuddur. Qarabağın yekun statusu nizamlanmayıb, biz bugünkü status-kvonu, mövcud vəziyyəti saxlamaq barədə razılığa gəlmişik", - Putin deyib.

"Sonra nə olacaq - bunu gələcəkdə, ya da gələcək rəhbərlər, bu prosesin gələcək iştirakçıları həll etməlidirlər. Lakin, mənim fikrimcə, əgər normal həyat, Azərbaycan və Ermənistan, məişət səviyyəsində insanlar arasında, xüsusən də münaqişə zonasında, münasibətlərin bərpa olunması üçün şərait yaradılsa, bu Qarabağın statusunun müəyyən edilməsi üçün də şərait yaradacaq", - Rusiya Prezidenti belə deyib.

Vladimir Putinin açıqlamasını şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Putinin bu fikirləri iki istiqamətdə şərh oluna bilər. İlk növbədə, Rusiya prezidenti 2000 nəfərə yaxın hərbi qulluqçunu ölkədən xaricə göndərib. Ona görə də onun bu mövzuya toxunması gözlənilən idi:

"Putinin söz açdığı status məsələsi isə indiki mərhələdə aktual deyil. Həmin açıqlamada status iki mənada işlənir. Bir dəfə status hazırkı vəziyyəti əks etdirən termin kimi işlənir. Yəni de-fakto status kimi nəzərdə tutulur.

Buna ingiliscə "on the graund" yəni, torpaqda olan real vəziyyət deyilir. Məlumdur ki, torpaqda olan real vəziyyət həll olunmaqdan uzaqdır. Orada sülhməramlıların olması buna işarədir. İndiki de-fakto status ondan ibarətdir ki, hərbi-texniki şəraitə uyğun vəziyyətlər mövcuddur. Bu siyasi status demək deyil. Məsələn, Şuşada təhlükəsizliyi Azərbaycan ordusu, daxili işlər orqanları təmin edir.

Yaxud Kəlbəcərdə də buna oxşar vəziyyətdir. Sülhməramlı qüvvələrin nəzarəti alltında olan ərazilərdə isə vəziyyət fərqlidir. Orada hələ də görüləsi işlər çoxdur. Birincisi, Ermənistan ordusu identifikasiya olunmalı və Azərbaycan sərhədlərindən tamamilə rədd olunmalıdır. Bu şərt üçtərəfli bəyannamdə də göstərilib. Bundan əvvəl Ermənistan həmin əraziləri təhlükəsizliyi təmin etmək adı altında özbaşına işğal edib. İndi onlar həmin bölgələrdən çıxardılır.

İndi həmin qüvvələr beynəlxalq sərhəddin o tayına çıxardılmalıdır. Yəni orada olan qeyri-qanuni silahlı birləşmələr tərksilah edilməlidir. Bir ayın ərzində xeyli ərazi Azərbaycana təhvil verilib. Oradakı silahlılara təzyiqlər artır. Artıq sülhməramlılar Qırmızı Xaş Təşkilatının vasitəsilə çoxsaylı cəsədlər və əsirlər dəyişdirilib.

İkinci mərhələdə sülhməramlılar bu bölgədə təhlükəsizliyi öz üzərinə götürməlidir. Bu problemlər həllini tapana qədər qeyd edilən statuslar, yəni vəziyyətlər mövcuddur. Putinin dediyi birinci status bundan ibarətdir. Gələcəkdə olan statusa gəlincə, siyasi baxımdan işarə verilib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir. Süllhməramlılara və ya müşahidəçilərə ehtiyacın olmadığı mərhələnin yaranması üçün hələ proseslər getməlidir.

Sülhməramlıları Azərbaycan dövlət qurumlarının əvəz etməsi prosesini həyata keçirmək üçün vaxt lazımdır. Bir daha demək istərdim ki, söhbət siyasi statusdan getmir. Söhbət hərbi-texniki şəraitdən irəli gələn vəziyyətdən gedir. Çünki siyasi statusa aid bəyanat həm Azərbaycan, həm Türkiyə, həm də Rusiya dövlət başçıları tərəfindən verilib. Yəni bu məsələ qapanıb. Əslində, Putinin dedikləri daha çox Ermənistana işarədir. Ona görə ki, hazırda gərgin siyasi proseslər baş verir.

Müxtəlif qüvvələr ayrı-ayrı fikirlər söyləyir. Hesab edirəm ki, Rusiya prezidentinin dedikləri onlara ünvanlanıb. Bu məsələdə Azərbaycanın mövqeyi çox sadədir. Dağlıq Qarabağda yaşayan ermənilər ya Azərbaycan Konstitusiyasına tabe olacaqlar, ya da buna qarşı çıxacaqlar. Bu halda Azərbaycan Cinayət Məcəlləsinə uyğun olaraq konstitusiyaya tabe olmayan şəxslər barəsində tədbirlər görüləcək.

Bu baxımdan, siyasi status məsələsinə son qoyulub. Dağlıq Qarabağdakı ermənilər ya Azərbaycanın tərkibində olacaq, ya da olmayacaq. Azərbaycan birtərəfli suverenlik hüquqlarını istifadə edərkən birmənalı şəkildə bəyan edib ki, heç bir siyasi statusdan söhbət gedə bilməz. Yaxud onların statusu Türkiyədə, Rusiyada, digər ölkələrdə olduğu kimi olmalıdır. Ona görə də nə Rusiya, nə də başqa ölkə gələcəkdə Azərbaycanın qarşısında Dağlıq Qarabağdakı ermənilərə siyasi status verilməsi məsələsini qaldıra bilməz".

Diplomat qeyd etdi ki, Azərbaycan əsgərinin şücaəti nəticəsində Ermənistan prosesdən kənarlaşdırılıb:

"Artıq Ermənistan siyasi proseslərə təsir imkanlarını itirib. Çünki Ermənistan ATƏT-in Minsk Qrupu ilə əməkdaşlığa üstünlük verir. Azərbaycan isə Minsk Qrupu ilə əməkdaşlığı dayandırıb və problemin Rusiya-Türkiyə vasitəçilik formatı çərçivəsində həllini vacib hesab edir”.

Tofiq Zülfüqarov bildirdi ki, hazırda şərait Azərbaycanın xeyrinədir. Ermənistan ordusu hərbi cəhətdən darmadağın edilib. Ona görə də Ermənistan hərbi amili yenidən istifadə etmək imkanından məhrumdur. Azərbaycan maraqlarını mərhələli şəkildə təmin etmək imkanı qazanıb.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları