Yuxarı

Ermənistan üçün xilas yolu: Məğlub dövlət hansı xətti seçəcək?

Ermənistan üçün xilas yolu: Məğlub dövlət hansı xətti seçəcək?

Ermənistan üçün xilas yolu: Məğlub dövlət hansı xətti seçəcək?

Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmalı, təmas nöqtələri tapmağa çalışmalıdır.

"Azərbaycan indi daha güclüdür, bu vəziyyətdə barışmaq məcburiyyətindəyik”.

Təhlükəsizlik Şurasının iclasında Ermənistanın Baş naziri Nikol Paşinyan belə deyib.

Qeyd edək ki, ötən həftə Ermənistan parlamentində hakim "Mənim addımım” fraksiyasının deputatı Andranik Köçəryan da reallıqla barışmağa və Azərbaycanla diplomatik münasibətlər qurmağa çağırış edib.

Nikol Paşinyanın qeyd edilən açıqlamasını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dekabrın 10-da Azərbaycana səfəri region ölkələrinin əməkdaşlıq formatını yaratmaq təklifinə müsbət cavab jesti kimi başa düşmək olar. Bu formatın reallaşması Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərinin açılmasına, nəqliyyat və kommunikasiya layihələrinə cəlb edilməsinə, iqtisadiyyatın dirçəlməsinə səbəb ola bilər. Əks təqdirdə, Ermənistanın blokada şəraitində qalmaqda davam etməsi ölkədə iqtisadi və siyasi böhranın dərinləşməsinə səbəb ola bilər. Görünür, Paşinyan yaranmış vəziyyəti nəzərə alaraq, praqmatik addım atmaq qərarına gəlib. Lakin Baş nazir müharibədəki məğlubiyyətdən sonra aqressiv əhval-ruhiyyənin daha da artdığı Ermənistan cəmiyyətini Azərbaycan və Türkiyə ilə barışdırmağın heç də asan olmayacağını anlayır. Ermənistan müxalifətinin cəmiyyətə qisas əhval-ruhiyyəsi aşılaması və terrorçu dəstələrin meşələrdə, dağlıq ərazilərdə gizlənərək hələ də döyüşmək çağırışları fonunda sülhə nail olmaq Paşinyanın komandası üçün asan olmayacaq.

Yəni faktiki olaraq, Ermənistan cəmiyyəti bu gün parçalanmış vəziyyətdədir. Bir tərəfdə siyasi reallıqları qəbul edən və Azərbaycan və Türkiyə ilə barışığın qaçılmaz olduğunu deyən elitanı görmək olar. Onların əsas tərəfdarları müharibə istəməyən gənclərdən ibarətdir. Əks siyasi qütbdə isə müharibə ritorikası üzərində hakimiyyətə gəlməyə çalışan müxalifət və onların mühafizəkar ideologiyaya malik elektoratı üz-üzə dayanıb. Paşinyana istefa çağırışlarının və siyasi təzyiqlərin artdığı bir vəziyyətdə təbii ki, Azərbaycan və Türkiyə ilə barışığa getmək Nikolu satqınlıqda ittiham edən etirazçı müxalifətin fəallaşmasına səbəb ola bilər. Ancaq Paşinyanın siyasi rəqibləri də bu addımın Ermənistana yalnız xeyir gətirəcəyini yaxşı bilir. Çünki ən azı ətraf rayonların qaytarılması müqabilində Türkiyə ilə sərhədlərin açılması, həmçinin Azərbaycanla kommunikasiyaların bərpa edilməsi Paşinyandan əvvəl də Ermənistana rəhbərlik edən şəxslərə beynəlxalq vasitəçilər tərəfindən dəfələrlə təklif edilib. Yalnız 1997-ci ildə prezident Levon-Ter-Petrosyan münaqişənin mərhələli həll planı çərçivəsində buna razılaşdığına görə, Robert Köçəryan tərəfindən hakimiyyətdən devrilmişdi. Sonrakı müddətdə R.Köçəryan və Serj Sarkisyan daha çox ərazilərin ilhaqı siyasətinə üstünlük verib.

Yalnız 2018-ci ildə Ermənistanda "məxməri inqilab” baş verdikdən sonra Paşinyanın hakimiyyətə gəlməsində rolu olmuş ABŞ-ın siyasi dairələri bu məsələni yenidən gündəmə gətirdi. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Bolton 2018-ci il oktyabrın 25-də İrəvana səfəri zamanı Paşinyandan Qarabağa probleminin həllində cəsarətli addım atmağı və münaqişəyə baxışda köhnə stereotiplərdən imtina etməyi istəmişdi. Sonradan Paşinyan açıqlama verərək bildirdi ki, Con Bolton ona ətraf rayonları qaytarmağı, Türkiyə və Azərbaycanla sərhədləri açmağı, İran sərhəddini isə bağlamağı nəzərdə tutan həll planı təqdim edib. Lakin Paşinyanın buna razılaşmaması sonda müharibəyə və Ermənstanın məğlubiyyətinə gətirib çıxartdı. İndi Ermənistan hökuməti Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa etmək niyyətini gizlətmir.

Politoloq Tofiq Abbasov hesab edir ki, Paşinyan artıq ermənilərə müharibədən çəkinməyin və qonşu ölkələrlə mehriban yaşamağın vacibliyini çatdırmaq istəyir. Onun bu təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən də dəstəklənir.

"Ermənistandakı siyasi qüvvələr bu reallığı dərk etsələr də onu etiraf etməyə özlərində cəsarət tapa bilmirlər. Bu ondan irəli gəlir ki, orada dəbdə olan tələblər və normalar ən azı iki əsrdir formalaşıb. Yəni onlar yaşadıqları ərazilərə iki əsrdir ki, köçüblər. Bu müddətdə ərazi məsələsini həll etməyə çalışıblar və həmin ideyaya hər şeyi qurban veriblər. Dünyada on milyona yaxın erməni yaşayır. Ermənistanda yaşayan ermənilərin sayı iki milyona yaxındır. Bu, ölkədə vəziyyətin çox ağır olduğunu göstərir. Qarabağ münaqişəsi başlayandan sonra hərbi xunta insanlara divan tutdu, əmlakını taladı, xalqın bütün gəlirini silaha verdilər. Onlar belə bir təbliğat aparırdılar ki, müharibənin birinci mərhələsində qalib gəlmişik, Azərbaycan və Türkiyə ilə tarixi mübarizədə qalib gələcəyik. Amma nəticəsi necə oldu? Sentyabrın 27-də Azərbaycanın başladığı hərbi əməliyyatlar ermənilərin bütün ümidlərini puça çıxartdı və göstərdi ki, bölgədə kim kimdir. Onlar bu reallığı gərək obyektiv dəyər kimi qəbul etsinlər. Əgər onlar daimi daimi müharibə yolunu seçirlərsə, bunun mənası yoxdur. Dağıdıcı ideologiyadan əl çəkirlərsə, ağıllı düşünülmüş hərəkət edərək müharibə partiyasını idarəetmədən uzaqlaşdıra bilirlərsə, erməni xalqı uduş əldə edə biləcək. Nikol Paşinyan da kifayət qədər məlumatlı adamdır. O, məğlubiyyətlə öz xalqına göstərdi ki, bu variantdan əl çəkməyin vaxtı gəlib çatıb. Digər tərəfdən kənar qüvvələr də Ermənistana dayanmaq, bu yoldan əl çəkmək işarəsini verir. Mehriban qonşuluq siyasətinə köklənin. Qonşularla dil tapın, birgə layihələrə qatılın. Bu da sizə mənfəət gətirə bilər”.

Tofiq Abbasovun sözlərinə görə, Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçilikdən imtina etməsi üçün indiki situasiyada N.Paşinyanın hakimiyyətdə qalması vacib şərtə çevrilib.

"İlk növbədə, Ermənistan gərək qonşu dövlətlərin yanaşmasına diqqət yetirsin. Məsələn, Gürcüstan prezidenti Salome Zurabişvili vahid güc platformasının yaradılması üçün Azərbaycanla Ermənistan arasında vasitəçi olmağı təklif edir. Bu üçlük formatıdır. Amma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran və Ermənistandan ibarət altılıq platformasının yaradılması ideyasını irəli sürür. Ermənistanda müxalifətin baş nazirliyə vahid namizədi Vazgen Manukyan isə buna qarışı çıxır və vəziyyəti qarışdırır. O, radikal meylləri gücləndirməklə Paşinyanı vəzifəsindən kənarlaşdırmaq və hakimiyyətə gəlməyə çalışır. Amma mən inanmıram ki, Manukyanın qovluğunda dəyərli fikirlər, təkliflər olsun. O, sadəcə olaraq, Paşinyana qarşı çıxan qüvvələrə rəhbərlik edən adam kimi meydana atılır. Köhnə erməni bazarına təzə rəis gəlib prosesləri köhnə qaydada aparacaqsa, ondan müsbət nə isə gözləməyə dəyməz. Ona görə də düşünürəm ki, indiki halda ən yaxşı variant Nikol Paşinyanın hakimiyyətdə qalmasıdır. O, artıq birinci mərhələni həll edib və kapitulyasiyanı qəbul edib. Paşinyan bildirdi ki, artıq təslim olmaq və Azərbaycanın qalibiyyətini etiraf etmək lazımdır. Bu, ağıllı gedişdir. Əlbəttə, Paşinyan müharibəyə qədər təxribatçı ideyalar irəli sürdü. Onlara elə gəlirdi ki, hələ də güc sahibidirlər. Ancaq vəziyyət göstərdi ki, Azərbaycan Cənubi Qafqazda güc sahibidir”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları