Yuxarı

Ermənilər "günah keçisi” tapıb: Revanşistlər marıqda

Ermənilər

Ermənilər

Ermənistanda siyasi qarşıdurma hələ də davam edir.

Kimlər hakimiyyətə yenidən gəlmək, kimləsə də 20 ildə ölkədə yaratdıqları vəziyyətin günahını öz boyunlarından atmaq üçün Nikol Paşinyanı günahlandırırlar. Onlar 44 günlük müharibə nəticəsində rüsvayçı məğlubiyyətin tək səbəbkarı kimi Paşinyanı ittiham edirlər. Lakin Paşinyan öz çıxışlarında da dəfələrlə döyüşən ordunun, istifadə olunan texnika və silahların sabiq prezidentlər:

Robert Köçəryan, Serj Sarkisyan iqtidarı, dolayısı ilə "Qarabağ klanı" tərəfindən təşkil olunduğunu qeyd edib. Yəni ola bilər ki, hakimiyyətdə Nikol Paşinyan olsun, lakin döyüşən ordu 20 il ərzində Köçəryan və Sarkisyan tərəfindən yaradılmışdı. Silahlar onların alıb tədarük etdikləri idi. İndi isə məğlubiyyəti paylaşmaqdan qaçırlar. Prezident İlham Əliyev də Ağdama səfəri zamanı "Biz Köçəryan və Sarkisyanı, onların ordusunu məğlub etdik”- sözlərini əbəs yerə demədi.

Ermənistanda revanşist qüvvələrin və hakimiyyət davası edənlərin məğlubiyyətin tək səbəbkarı kimi Paşinyanı günahlandırmaları nə dərəcədə doğrudur?

Mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi, "Elçibəy İnstitutu” İctimai Birliyinin rəhbəri, politoloq Oqtay Qasımov "Cümhuriyət”ə açıqlmasında deyib ki, 44 günlük müharibədən sonra Paşinyan "Qarabağ klanı" ölkədə 20 ildə yaratdığı vəziyyətin nəticələri ilə üz- üzə qaldı:

"Əslində, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə 20 il müddətində Köçəryan və Sarkisyanın, onların timsalında "Qarabağ klanı"nın yaratdığı psixoz vəziyyətin əsirinə çevrildi. Ona görə də bugünki vəziyyətlə qarşılaşdı. Yəni Paşinyana qədər Ermənistan ordusunun qurucuları da, orada birlik yaradanlar da, erməni cəmiyyətini faşist ideoloji düşüncəsi ilə zəhərləyib, sağlam düşünmələrinə mane olanlar da Köçəryanla Sarkisyandır. Nikol Paşinyanın 10 noyabrdan sonrakı açıqlamalarında və sonuncu məqaləsində də Ermənistanın qarşılaşdığı məğlubiyyətin səbəbkarı kimi Köçəryanla Sarkisyanı gördüyünü vurğuladı. O qeyd etdi ki, Dağlıq Qarabağda yerləşdirilən hava hücumundan müdafiə sistemindəki raketlərin vəziyyəti və onların işlək olmaması, alınan silah və sursatın yararsızlığı məğlubiyyətin əsas səbəblərindəndir. O baxımdan Ermənistan cəmiyyətinə bir "günah keçisi” lazım idi, onu da Paşinyanın timsalında tapıblar. Ona görə revanşist qüvvələr, hakimiyyətə yenidən qayıtmaq istəyənlərin hamısı günahı Paşinyanın üzərinə atırlar. Hətta həmin qüvvələr Paşinyanı devirib hakimiyyətə gəlsələr də, heç nə dəyişməyəcək. Xatırladaq ki, həmin qüvvələr müharibədən sonra ilk günlər 10 noyabr Bəyanatına qarşı çıxırdılar. Lakin Rusiya Prezidenti Vladimir Putin çıxışlarının birində bildirdi ki, 10 noyabr Bəyanatını pozmaq Ermənistan üçün intihar demək olar. Bundan sonra həmin revanşist qüvvələr öz fikirlərində korrektələr etməyə başladılar. Digər tərəfdən Paşinyana qarşı olan etirazların da sakitləşməyə doğru getdiyi müşahidə olunur. Baxmayaraq ki, etirazlar və onun başında duran qüvvələr hələ də qalmaqdadır. Paşinyan doğru olaraq bu etirazları elitanın qiyamı kimi dəyərləndirmişdi. Həmin elita ki, onların əlindən bir çox imtiyazlar çıxıb və onlar Paşinyanın apardığı siyasət nəticəsində ölkənin "qan damarlarından” uzaqlaşdırılıblar. Onların bir çoxu korrupsiyada ittiham olunur”.

Politoloq hesab edir ki, Paşinyanın məqsədi vaxt qazanıb ölkə iqtisadiyyatını dirçəltmək və hakimiyyətini möhkəmləndirməkdir:

"O ki, qaldı onların "elit ziyalılar” adlanan deyilən təbəqəsinə, onlar artıq zəhərli faşist ideologiyası ilə silahlanmış səxslərdir. Amma hal-hazırda Ermənistanda siyasi qüvvələrin spektoruna baxdıqda, elə Paşinyana yaxın olan qüvvələrin bölgədəki əməkdaşlığa razı olduqlarını açıqlamağa çalışdıqları müşahidə olunur. Təbii ki, onların da hamısı deyil. Ona görə də Ermənistanda sülh müqaviləsi imzalananadək Paşinyanın komandasının hakimiyyətdə qalması daha yaxşı olar. Doğrudur, onların Azərbaycan üçün elə bir fərqi yoxdur. Paşinyan gedər, Köçəryan kimi biri gələr. Nəticədə bölgədə gərginlik artar, savaş çıxa bilər ki, bu böyük ehtimalla istisna edilir. Paşinyan sülh müqaviləsi imzalasa və ölkədə 10 noyabr Bəyanatına uyğun tələblər həyata keçirsə, Dağlıq Qarabağdan erməni silahlı birləşmələrini çıxarsa və oradakıları tərk-silah etsə, o cümlədən kommunikasiya xətləri, Azərbaycanı Naxçıvanla birləşdirən Mehri dəhlizi açılsa, bögədə əməkdaşlıq mühiti yaranar və iqtisadi əlaqələr inkişaf edər. Beləliklə məsələlər daha rahat şəkildə həll olunar və bölgədə sülh yarana bilər. Hesab edirəm ki, Ermənistanda yaxın bir ayda hansısa fors-major hallar baş verməsə revanşist qüvvələrin Paşinyanı devirmək imkanı olmayacaq. Həm də Paşinyan bir hiyləgər gediş etdi. O, 2021-ci ildə növbədənkənar seçkilərin keçirilməsi haqqında təkliflərlə çıxış edərək, siyasi qüvvələrlə təmasa hazır olduğunu bildirdi. Hətta bəziləri ilə də görüşdü. Bu ona müəyyən qədər vaxt qazandırdı. Görünən odur ki, Paşinyanın niyyəti mümkün qədər prosesi sürətləndirmək və əlaqələrin qurulmasını təmin edib müəyyən qədər sabitliyə çalışmaqdır. Beləliklə Azərbaycan, Türkiyə və digər ölkələrlə kommunikasiya xətləri açıqldıqdan sonra əməkdaşlıq nəticəsində Ermənistan iqtisadiyyatını yaxşılaşa və Paşinyanın hakimiyyətinin möhkəmlənməsinə səbəb ola bilər. Bunun üçün də Paşinyana müəyyən qədər vaxt lazımdır”.

Əli Bədir





Həftənin ən çox oxunanları