Yuxarı

İvanişvili müəmması: Rusiyapərəst milyarderin gedişi kimə "yaşıl işıq” yandırdı?-ŞƏRH

İvanişvili müəmması: Rusiyapərəst milyarderin gedişi kimə

İvanişvili müəmması: Rusiyapərəst milyarderin gedişi kimə

Bidzina İvanişvili "Gürcü Arzusu” Partiyasının sədri postundan istefa verib.

O, siyasətdən birdəfəlik ayrıldığını bəyan edib. On ildir siyasətdə olan İvanişvili bildirib ki, artıq partiya rəhbərliyindən və idarəetməsindən də tamamilə ayrılır.

"Adi həyatıma qayıdıram. 2011-ci il qədər necə yaşamışdımsa, elə yaşayacağam”,-deyə İvanişvili bəyan edib. Öz açıq məktubunda milyarder-siyasətçi belə qeyd edib.

Qeyd edək ki, İvanişvili 2011-ci ildən Gürcüstanın hakim partiyasına liderlik edir. O, güclü nüfuza malik şəxs kimi Gürcüstanda siyasi proseslərə mühüm təsirə malik olub. Ona görə də İvanişvilinin istefası Gürcüstanın siyasi həyatında boşluq yarada bilər. Bu baxımdan, post-İvanişvili dövründə Gürcüstanda siyasi proseslərin yenidən fəal mərhələyə daxil olacağı istisna edilmir.

Politoloq İlqar Vəlizadə Cebhe.info-ya bildirib ki, B.İvanişvili Gürcüstan hakimiyyətinə tam nəzarət edən və onu idarə edən bir siyasətçi idi. O, kadrların təyin olunmasına birbaşa rəhbərlik edib. Bu səbəbdən, İvanişvilinin siyasətdən getməsi hadisədir:

"”Gürcü Arzusu” Partiyası hakimiyyətə gəldikdən sonra Gürcüstan hakimiyyətinin dəsti-xəttini İvanişvili müəyyən edib. O, artıq ikinci dəfədir ki, istefa verir. Birinci dəfə o, partiya sədrliyindən getmişdi. Sonra yenidən qayıtsa da, indi çox güman ki, siyasi səhnəni tərk edir. İndi gündəmin əsas sualı İvanişvilini kimin əvəz etməsidir. Çox güman ki, bu hadisə baş nazir Giorgi Qaxariyanın Gürcüstanı siyasi həyatında gücləndirilməsindən xəbər verir. Digər tərəfdən, mən Gürcüstanın iqtisadi həyatında ciddi dəyişiklik olacağını düşünmürəm. Çünki İvanişvili milyarderdir və Gürcüstanda böyük həcmdə səhmləri var. O, Gürcüstanın əsas biznes strukturlarına sahiblik edir. Gürcüstanın iqtisadiyyatında İvanişvili amili yenə rol oynayacaq. İvanişvili siyasətdən gedir, amma iqtisadiyyatdan getmir. Onun biznesi yenə qalır. Məsələ burasındadır ki, onun biznesi siyasi proseslərə də təsir etmək imkanına malikdir. Ancaq indi pandemiya dövrüdür. Bu da bütün ölkələrdə olduğu kimi İvanişvilinin də biznesinə müəyyən zərbələr vurub.

Çox güman ki, İvanişvili bundan sonra öz biznesini dirçəltməyə və risklərdən qorumağa çalışacaq. Ona görə də siyasətdən uzaqlaşmağı qərara alıb”.

Qeyd edək ki, B.İvanişvili Rusiya milyarderi olduğuna görə Kremlə yaxın şəxs sayılırdı. Bu baxımdan, onun istefası Rusiyanın Gürcüstanla və Cənubi Qafqazla bağlı siyasətinə təsiredici amil kimi şərh edilə bilər.

İlqar Vəlizadə isə hesab edir ki, İvanişvili Rusiya ilə yaxın olsa da, Moskva Gürcüstandakı siyasi və iqtisadi proseslərə ciddi təsir göstərə bilmirdi. Ona görə İvanişvilinin istefası Rusiyanın Gürcüstanla və Cənubi Qafqazla bağlı siyasətinə mühüm təsir etməyəcək.
Müşfiq Abdulla





Həftənin ən çox oxunanları