Yuxarı

Trampizm: Demokratiyanın, yoxsa neokonservatizmin böhranı?

Trampizm: Demokratiyanın, yoxsa neokonservatizmin böhranı?

Trampizm: Demokratiyanın, yoxsa neokonservatizmin böhranı?

Donald Tramp ABŞ tarixinə bir neçə nöqsanları ilə düşdü.

Tramp Amerika Konqresində iki dəfə impiçmentə məruz qalmız prezident kimi yadda qaldı. O, eyni zamanda, Konqresin binasına "sona qədər döyüşün” deyərək öz tərəfdarlarını hücuma göndərən yeganə prezidentdir. Hətta bu hərəkətinə görə ona cinayət işi də açıla bilər.

Tramp seçkilərin nəticələri ilə barışmağa məcbur olsa da, siyasi mübahisələr hələ səngiməyib. Yanaşmalar müxtəlifdir. Bəzi müşahidəçilər bunu Trampı dəstəkləyən sənaye burjuaziyası ilə Baydeni hakimiyyətə gətirən maliyyə oliqarxiyasının qarşıdurması adlandırır. Avtoritarizmin hökm sürdüyü ölkələrdə isə bu hadisələri demokratiyanın böhranı adlandırırlar. Bu fikrin əleyhinə olanlar isə demokratiyaya hücum və demokratiyanın sınağa çəkilməsi kimi şərh edir. Nəticə isə demokratiyanın məğlub olmamasından ibarətdir.

Çünki hakimiyyətə gəldiyi gündən KİV-ə mübarizə elan edən, "Mən sorğulara inanmıram” deyən Trampın vətəndaş cəmiyyətinə, ictimai rəyə inamsızlığı, diskriminasiyaya və zoraklığa meyilli olması demokratiyanın onu sadəcə, blok etməsi ilə nəticələndi. Co Baydenin Trampdan üstünlüyünü təmin edən amillərdən biri hesab edirəm ki, onun solçu düşərgəni təmsil etməsinə baxmayaraq, sağ mərkəzçi mövqeyi ilə tanınmasıdır.

Bu isə ona respublikaçılar arasında Trampdan narazı olanları öz tərəfinə çəkmək imkanı yaratdı. Qlobalist və demokrat olan Baydenin xarici siyasətdə mühafizəkar xətt tərəfdarı olması respublikaçılar üçün cəlbedicidir. Bu mənada, Baydenin imici 2014-cü ildə İran prezidenti seçilən Həsən Ruhani haqqında deyilmiş "mühafizəkar islahatçı" ifadəsini xatırladır.

Trampın konservatizmi klassikdir, irqçiliyə və rasizmə əsaslanır. Respublikaçılar Partiyasında onu neokonservatizmdən fərlqəndirmək üçün "Trampizm” adlandırırlar. Hazırda ABŞ-da baş verən hadisələrin səbəbini daha çox Trampın hakimiyyəti dövründə respublikaçıların düşərgəsində ultrasağçı meyillərin güclənməsində axtarmaq lazımdır.

Əslində, bunu mühafizəkarlar arasında parçalanma kimi də dəyərləndirmək olar. Neokonservatorların Trampa münasibətdə fikir ayrılığı nümayiş etdirməsi də bundan irəli gəlir. Eks-prezident Corc Buşun Baydeni təbrik edərək onun inauqurasiya mərasiminə qatılmaq qərarı, eləcə də Trampın hər kəsi Kapitolinin önünə çağırdığı bir vaxtda respublikaçı senatorların Baydeni prezident kimi təsdiqləməsi neokonservatorların Trampa yekdilliklə dəstək vermədiyini göstərir.

Milli, dini və irqi ayrıseçkilik tərəfdarı olan radikal sağçıların timsalında Trampın sabit elektoratı formalaşıb və 2024-cü ilə qədər bu seçici kütləsinin ABŞ-ın siyasi həyatına təsirini qoruyub saxlayacağı proqnozlaşdırılır. Hətta indi analitiklər "Trampizm nə qədər davam edəcək?” sualına cavab axtarırlar. Bunu neokonservatizmin böhranı da adlandırmaq olar.

Ancaq Trampizmin daxilində artıq fikir ayrılığı yaranmağa başlayıb. Vitse-prezident Mayk Pensin Senat sədri kimi Co Baydenin prezidentliyini təsdiqləməsi, Corcia ştatında Senata keçirilən seçkilərdə demokratların qələbəsini tanıması və buna görə Trampın tərəfdarlarının onu "satqın” adlandıraraq ölümlə hədələməsi ultramühafizəkarlar arasında parçalanmadan xəbər verir.

Bu baxımdan, son illər Respublikaçılar Partiyasında liberal-konservatizmdən daha radikal olan Trampizmin, Demokratlar Partiyasında isə Berni Sandersin liderlik etdiyi və sıralarında Elizabet Uorren, Beto Orurk kimi siyasətçilərin yer aldığı sosialist hərəkatının genişlənməsinin şahidi oluruq. ABŞ-ın siyasi sistemində artmaqda olan qütbləşmə fonunda Baydenin mühafizəkarlığı sağ mərkəzdə yeni güc kimi meydana çıxır.

Bayden sağ mərkəzçi olsa da, iqtisadi problemlərin həllini büdcədən sosial yardımların ayrılmasında görür. Məsələn, Ağ Evin yeni rəhbəri ABŞ-da hər ailəyə ayrılacaq sosial müavinətlərin həcmini 600 dollardan 2000 dollara qədər artırmağı təklif edir. Milyardlarla dollar ayırmalardan ibarət olan bu vəsait ştatların iqtisadi inkişafı üçün nəzərdə tutulub. Tramp administrasiyasının isə sosial yardımları solçuluq və hətta kommunizm adlandıraraq tənqid etdiyi proqram pandemiya şəraitində ciddi ziyan çəkmiş xırda və orta sahibkarlar, həmçinin milyonlarla işsizlər ordusunu Baydenə tərəf cəlb edib.

Sosialistlərin praymerizdə və Demokratlar Partiyasının qurultayında öz mövqelərinə korrektələrə etməsi nəticəsində Co Bayden sağ və sol mərkəzçilərdən ibarət vahid siyasi platforma formaslaşdıra bildi. Bu, yalnız Demokratlar Partiyasında 2016-cı ilin prezident seçkilərində özünü daha açıq göstərən bölünməyə son qoymadı, eyni zamanda respublikaçılar arasında birliyi pozdu.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları